Əsas Səhifə > Slayd > ELDAR MAHMUDOV HANSI KƏŞFİYYATA İŞLƏYİB? –
ELDAR MAHMUDOV HANSI KƏŞFİYYATA İŞLƏYİB? –29-02-2016, 20:35 |
“Eldar Mahmudovun iki başqa xarici dövlətin xüsusi xidmət orqanları ilə daha sıx yaxınlaşdığı Moskva tərəfindən bilinib” Milli Təhlükəsizlik nazirinin sabiq müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Eldar Mahmudovun “vurulmasını” Rusiya ilə əlaqələndirib. Partiya sədri bu barədə “Yeni Müsavat” qəzetinə geniş müsahibəsində danışıb. Təhlükəsizlik sahəsi üzrə Azərbaycanın sayılıb-seçilən ekspertlərindən olan S.Əkbərin fikrincə, Eldar Mahmudov 2 dövlətin xüsusi xidmət orqanları ilə həddən artıq yaxınlaşdığından Moskva onu cəzalandırmaq qərarına gəlib. Eldar Mahmudovun – icazə verin dövlət adı çəkməyim – iki başqa xarici dövlətin xüsusi xidmət orqanları ilə daha sıx yaxınlaşdığı Moskva tərəfindən bilinib və xəbərdarlıqlar olunub. Moskvadan gələn xəbərdarlıqlara kifayət qədər məhəl qoyulmayıb. Xəbərdarlığa baxmayandan sonra cəzalandırmaq qərarına gəlinib. Haqqında material toplanıb, material toplananda da bəlli olub ki, Eldar Mahmudov artıq Azərbaycan mətbuatında haqqında yazılan işlərlə məşğuldur. Bu barədə Azərbaycanın dövlət başçısına da məlumat çatdırılıb. Xatırlayırsınızsa, dövlət başçısı İlham Əliyev Astanada MDB dövlət başçılarının toplantısından geri dönən kimi Eldar Mahmudov vəzifədən azad edildi. Astanada Rusiya tərəfi Azərbaycanın dövlət başçısını qəzəbləndirə biləcək hansısa informasiyalar vermişdi ki, qərar operativ qəbul olundu. Mən bu barədə Eldar Mahmudov vəzifədən azad ediləndə də bildirmişdim”.
S.Əkbər Eldar Mahmudovun hansısa dövlətlərin təsiri nəticəsində həbs olunmadığı haqda iddialara da münasibət bildirib. “Şübhəsiz ki, mənim operativ informasiyam var. Amma operativ informasiyanın sənədləşməsi mənim əlimdə yoxdur. Lakin o da sirr deyil ki, Azərbaycanın xüsusi xidmət orqanlarının çoxsaylı dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələri var. Bir sıra dövlətlərlə sıx əlaqələr olub. Bu normaldır. Xüsusən də terrorizmlə mübarizə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə NATO çərçivəsində normaldır. Amma burda bir şey var ki, mən anladığım qədərilə hazırda Azərbaycan hakimiyyəti rusiyayanlısı siyasət aparır…” Ekspertin son fikirləri ona işarədir ki, Eldar Mahmudov məhz Qərbin xüsusi xidmət orqanları ilə həddən artıq yaxınlaşdığı üçün Rusiyanın qəzəbinə gəlib və onun fəaliyyəti izlənilərək, əleyhinə materiallar toplanıb. Astana sammiti zamanı isə Rusiya prezidenti bu materialları Azərbaycanın dövlət başçısına təqdim edib. Bundan sonra E.Mahmudovla bağlı qərar verilib.
Əlbəttə, yetərli informasiya olmadan bu barədə geniş danışmaq mümkün deyil. Amma qeyd etməliyik ki, Eldar Mahmudovun Qərbin xüsusi xidmət orqanları ilə siyasi rəhbərlik tərəfindən sanksiyalaşdırılmayan gizli əməkdaşlıq içində olduğu, onların sifarişi ilə Azərbaycan rəhbərliyini dinlədiyi və izlədiyi, toplanmış materialları sifarişçiyə ötürdüyü ehtimalı Eldar Mahmudovun vurulması ilə bağlı ƏSAS VERSİYALARDAN sadəcə biridir. Digər ən populyar versiya isə bunun tam əksidir. Bu versiyaya görə, Eldar Mahmudov Azərbaycan rəhbərliyinin əleyhinə istifadə oluna biləcək materialları, xüsusən də Azərbaycan rəhbərləri ilə ABŞ nümayəndələri arasındakı qapalı görüşlərin stenoqramlarını Moskvaya ötürüb, Astana görüşündə isə bu materiallardan Azərbaycanın əleyhinə istifadəyə cəhdlər göstərilib. Prezident bu materialların Moskvaya E.Mahmudov tərəfindən ötürüldüyünə əmin olduqdan sonra belə sərt addımlar atıb. İstənilən halda, E.Mahmudovun “vurulmasının” arxasında bu 2 bir-birinə zidd ehtimaldan birinin olduğu şübhə doğurmur. E.Mahmudovun işdən çıxarılması ilə MTN-də başlayan əməliyyatın dərhal Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçraması da məhz ondan xəbər verirdi ki, ortada dinləmə və xarici kəşfiyyatlara ötürmə faktı var. Hansı kəşfiyyata, bunu yəqin ki, zaman göstərəcək.AzPolitika.info (AzerTaym.az)
Geri qayıt |