Milyon yarım rüşvət alan nazir müavininin vəzifəsində qalmasının sirri

 Milyon yarım rüşvət alan nazir müavininin vəzifəsində qalmasının sirri

Əli Abbasovdan hər ay 50 min manat aldığını deyən məmur da azadlıqdadır... 

 

“Rabitə çetesi”nin üzvlərinin məhkəməsində müttəhimlərin və şahidlərin verdiyi bir sıra ifadələrdən heyrətə gəlməmək mümkün deyil.
Məsələn, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib. B.Hüseynovun dediyinə görə, həmin pul BTRİB-in və nazirliyin digər strukturlarının vəzifəli şəxslərinin xərclərin şişirdilməsi, mənimsəmə və digər korrupsiya əməlləri nəticəsində keçmiş nazir Əli Abbasovun formalaşdırdığı “obşiy katyol”a topladıqları pullardan verilib. 
İltimas Məmmədov isə hələ də rabitə və yüksək texnologiyalar nazirinin müavini işləyir. Haqqında bu qədər ciddi rüşvət ittihamı səslənən, ayda paket şəklində 50 min manat aldığını ifadəsində etiraf edən yüksək vəzifəli məmurun hələ də vəzifəsindən çıxarılmaması isə maraq və suallar doğurur. Qeyd edək ki, Əli Abbasovun zamanından indiyə qədər nazir müavini işləyən Elmir Vəlizadənin də istintaqa ifadəsində nazir Əli Abbasovun ona hər ay “paket” olaraq 50 min manat verdiyini təsdiqlədiyi mediada yayılıb.  
Yeni AXCP-nin sədri Razi Nurullayev bütün bunlar barədə danışarkən qeyd etdi ki, belə məsələlərlə bağlı birmənalı nə isə demək çox çətindir. Hüquqi dövlətlərdə belə ittihamları, ifadələri ciddi qəbul edirlər. Bizdə yüksək çinli məmurlar üçün həbslər törədilən cinayətlərə görə yox, sədaqət və xəyanət motivləri üzərində baş verir: “Həbs edilən şəxslərin fəaliyyəti dövlətçiliklə yanaşı, hakimiyyət rəhbərliyinin də nüfuzuna xələl gətirib və bu kimi səhvlər bağışlanılmır. Əgər bir neçə milyon mənimsəmə faktlarına görə həbslər həyata keçirilsə, gərək ölkədə başıpapaqlı və başıləçəkli yüksək çinli məmur qalmasın”. 
ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, yüksək rütbəli dövlət məmuru haqqında bu cür ciddi bir ittiham səsləndirilirsə, sözsüz ki, ölkənin hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdırmalı və səsləndirilən ittihamlar öz təsdiqini taparsa, cinayət əməlinə yol vermiş dövlət məmurunun məsuliyyətə cəlb olunması istiqamətində prosessual hərəkətləri həyata keçirməlidir: “Lakin hamıya məlumdur ki, ölkədə müstəqil məhkəmə-hüquq sistemi mövcud olmadığından nəinki yüksək ranqlı dövlət məmuru haqqında, heç ”JEK" müdirləri barədə də məhkəmə-hüquq sistemi belə cəsarətdə buluna bilməzlər. Hər şey ölkənin siyasi rəhbərliyinin iradəsindən asılıdır. Bu gün həbsdə olan dövlət məmurlarından heç də az suçu olmayanların bir çoxu azadlıqda və iş başındadırlar. Məhkəmə və hüquq-mühafizə orqanları da bunu bilir. Amma onların barəsində heç bir ölçü götürmürlər. Çünki bununla bağlı ilkin olaraq ölkə rəhbərliyinin “siyasi qərarı”nın olmasını gözləyirlər".






Fikirlər