MƏCBURİ KÖÇKÜN evinə QAZ sayğacı QOYDURA BİLMİR...

 

Paytaxtın Mehdiabad qəsəbəsinin sakini Məmmədov Süleyman Adil oğlu redaksiyamıza gələrək qaz sayğacı ilə bağlı üzləşdiyi problemdən şikayətlənib.

Ermənistandan məcburi köçkün olan şikayətçinin sözlərinə görə uzun müddətdir ki, ruhi xəstə olan bacısının evinə qaz və işıq sayğacları çəkdirə bilmir. Səbəb isə yaşadıqları ərazi üçün sənəd ala bilməməsidir:

3 qardaşım və iki bacım Mehdiabad qəsəbəsində yaşayır. Kiçik bacım 2-ci qrup ruhi xəstədir, işləyə bilmir. 1988-ci ildə Ermənistandan məcburi köçkün olub Bakıya gələrkən yolda bizə hücum olmuşdu. Bu səbəbdən bir hərbi hissənin kənarında gizlənib, bir aya qədər orda yaşamışdıq. Bacım ordakı səs-küydən qorxduğu üçün xəstələndi. Hazırda qeyd etdiyim kimi, kiçik bacım heç bir yerdə işləmir, sadəcə 47 manat pensiya alır. Digər bacım ona baxır, işləyir, hətta bunun üçün ilə həyatı da qurmayıb. Hazırda bacılarım Mehdiabadda bir həyət evində qardaşımın ailəsi ilə birgə qalırlar. Doğrudur, bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar, amma ümumi olaraq kommunal təchizatları birgədir. Limit məsələsi ortaya çıxandan sonra hər bir evə ayrı-ayrılıqda qaz və işıq sayğaclarının çəkilməsini düşündük. Bunun üçün müxtəlif aidiyyəti orqanlara müraciət etdik. Əvvəlcə çalışdıq ki, pulsuz sayğac əldə edək. Bununla bağlı ”ASAN xidmət"ə müraciət etdim, evin sənədini göstərdim. Lakin mənə bildirildi ki, sənəddə yaşadığımız ərazi kənd təsərrüfatı üçün nəzərdə tutulub, yaşamaq üçün deyil. Yəni həmin torpaqlar pay torpaqlardır, buna baxmayaraq hər kəs bu torpaqları alaraq, üzərində yaşayış evi tikib. Demək olar ki, ətrafımızda hər kəsin özünə məxsus işıq, qaz sayğacları var, yalnız bizdən başqa. Vaxtında qonşularımız kimi ayrıca sayğac çəkdirmədiyimizdən, indi bu problemi yaşayırıq".

Şikayətçinin sözlərinə görə təkrar müraciətləri də nəticəsiz qalıb:

Məcbur qalıb ”Azəriqaz" İstehsalat Birliyinə getdim. Ordan da bildirdilər ki, “heç bir köməklik göstərə bilmərik, bunun üçün ayrıca qurum yaradılıb”. Həmin qurumu axtarıb tapdım. Qurumdan isə bildirdilər ki, 262 manat dövlət rüsumu ödəməlisən, yerdə qalan materialı da özün almalısan. Bu arada “Azəriqaz” İB-dən də məktub gəldi ki, siz mənzilinizi öz hesabınıza sayğacla təmin etməlisiz. Məsələ burasındadır ki, yaşadığımız ərazi ilə bağlı sənəd ala bilmədiyimizdən, nəinki pulsuz, heç öz hesabımıza da sayğac quraşdıra bilmirik. Mehdiabad qəsəbəsinin bələdiyyəsinə də müraciət etdik, bu qurumdan da bizə köməklik göstərilmədi.

Bununla bağlı bizə köməklik göstərilməsini xahiş edirik".

Məsələ ilə bağlı adı çəkilən qurumların da rəyini dərc etməyə hazırıq.






Fikirlər