Müəllimlər 300 minlik "müəmmanın" hesabını sordu

Müəllimlər 300 minlik "müəmmanın" hesabını sorduAzərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının işdən azad etdiyi filial direktoru haqda yeni iddialar ortaya çıxıb.

AMİ-nin Mingəçevir filialının kollektivi adından “Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, filialın keçmiş direktoru Xatirə Həsənova filiala müvəqqəti rəhbərlik həvalə edildiyi müddət ərzində, təhsil əvəzinə xoşagəlməyən çirkin əməllərlə məşğul olub, filialı öz şəxsi mülkiyyəti hesab edib: “Uydurma, yalan və böhtanlarla internet səhifələrində özünün və digərlərinin adından sifarişli yazılar dərc etdirir. Hesab edirik ki, filialımızla bağlı yaranan əsassız söz-söhbətlər də bilavasitə onun əməllərinin nəticəsidir. O, yeni tədris ilinin ilk günündən yuxarıda qeyd olunan çirkin əməllərini yenə də davam etdirib. Bütün bunlar isə filialın işgüzar fəaliyyətinə kəskin mane olub, əməkdaşlar və tələbələr arasında gərgin psixoloji mühit yaradıb. X.Həsənovanın "Youtube" internet saytında göstərdiyi çıxışını “timsahın göz yaşları” adlandırmaq olar.

Əvvəla, onu qeyd edək ki, X.Həsənovanın həmin çıxışda iddia etdiyi maliyyə sahəsində olan məsələlərlə bağlı onun anası C.Həsənova Maliyyə Nazirliyinə müraciət edib. Maliyyə Nazirliyinin əməkdaşı bir aya yaxın müddətdə filialda araşdırma aparıb. Araşdırmanın nəticəsi hələlik bəlli deyildir. X.Həsənovanın bəri başdan belə bir ajiotaj yaratmasına heç bir lüzum yox idi.

İkincisi, Əlavə təhsil üzrə direktor müavini olan X.Həsənova 2013/2014-cü tədris ilində 165 təqvim günü, o cümlədən 114 iş günü müddətində bülletendə olub. Özünün dediyi kimi, Əlavə təhsil kimi vacib bir sektora rəhbərlik edən bir şəxsin işə bu qədər səhlənkar yanaşması onun işə olan biganə münasibətindən xəbər verir. 0,5 ştat vahidi üzrə müəllim kimi X.Həsənova həmin tədris ilində 276 saat əvəzinə cəmi 12 saat dərs keçib. Onun da bəzilərini yarımçıq qoyub gedib və ya başqasına əvəz etdirib. Onu da qeyd edək ki, Mingəçevir şəhər Səhiyyə Şöbəsindən xəstəlik bülleteninə çıxa bilməyən X.Həsənova Bakı şəhərində “xəstələnmişdi”.
Üçüncüsü, 2014-cü ilin yanvar ayında əlavə təhsillə bağlı baza institutun əməkdaşları tərəfindən keçirilən monitorinqin nəticələri ilə tanış olmaq üçün Azərbaycan Müəllimlər İnstitutuna dəfələrlə dəvət edilsə də, hər dəfə xəstəlik bülleteninə çıxmaq bəhanəsi ilə ora getməkdən imtina edib.

Dördüncüsü, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının əməkdaşları artıq ağı qaradan seçməyi bacarır. Kollektivin 132 nəfər deyil (X.Həsənovanın dediyi kimi), heç 12 nəfər üzvü də onun haqqında müsbət bir sənədə qol çəkməz.
Müəllimlər 300 minlik "müəmmanın" hesabını sordu


Beşincisi, kollektiv X.Həsənovanın direktor əvəzi işlədiyi müddətdə təmir adına 300.000 manatın hara xərclənməsi haqqında hesabat verməsini tələb edir.



Hesab edirik ki, X.Həsənovanın vəzifədən azad edilməsi bir xeyli geçikmiş tədbirdir”.







Fikirlər