ISMAY;LL;LAR

ISMAY;LL;LAR “2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2015-ci
ildə qarşıda duran vəzifələr haqqında” İsmayıllı RİH başçısının

MƏRUZƏSİ

Hörmətli yığıncaq iştirakçıları!
Hörmətli qonaqlar!
Başa vurduğumuz 2014-cü ildə ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan sürətli inkişafını davam etdirmiş, Respublikamız daha böyük uğurlara nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin beynəlxalq miqyasda təsdiq olunan sosial-iqtisadi inkişaf konsepsiyası bütün istiqamətlər üzrə yaradıcılıqla davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş və beynəlxalq nüfuzu artmışdır. Azərbaycan xalqı özünün ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni dövrünü yaşayır. İqtisadi, siyasi, mədəni, sosial sahələrdə əldə edilən yüksək nəticələr ölkəmizin qüdrətini daha da artırmış, sürətli və ardıcıl inkişafa təkan vermişdir.
Ölkə iqtisadiyyatında son illər ərzində yaşanan dinamik inkişaf 2014-cü ildə qorunub saxlandı. Dünyada baş verən iqtisadi böhran ölkəmizin iqtisadi inkişaf tempinə güclü təsir edə bilmədi. Ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələlər, Dövlət Proqramları uğurlu həllini tapdı, islahatların dərinləşməsi prosesi davam etdirildi, iqtisadiyyatımız 3 faiz artdı. Ümumi daxili məhsulda 2,5 faiz, qeyri-neft sektorunda 7 faiz artım oldu. Valyuta ehtiyatlarımız 53 milyard ABŞ dolları səviyyəsinə yüksəldi. İnflyasiya çox aşağı səviyyəyə 1,4 faizə endi. Əhalinin pul gəlirləri 4,8 faiz artdı və inflyasiyanı 3 dəfədən çox üstələdi, Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizə endirildi. Əhalinin əmanətləri 11 faiz artaraq 7 milyard manat səviyyəsini keçmişdir. Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyuldu ki, bunun da 16 milyard dolları daxili sərmayədir. Sevindirici haldır ki, son illərdə, həmçinin 2014-cü ildə qoyulan sərmayələrdə daxili investisiyaların həcmi üstünlük təşkil edir.
İnkişafa və yeniliyə start götürən rayonumuzda tikinti-quruculuq işlərinin həcmi ilbəil genişləndirilir. 2014-cü ildə yaşayış evləri, inzibati binalar, yollar tikilmiş və ya əsaslı təmir olunmuşdur. Şəhər ərazisində elektrik xətləri yeniləşdirilir, yeraltı qaz xətləri üzə çıxarılır, yerüstü rabitə kabelləri yeraltı kabellərlə əvəz olunur. Küçələrin səki daşları dəyişdirilir, səkilərə yeni üzlük daşlar döşənir. Hesabat ilində rayonda ümumilikdə 19 min 465 kv. metr yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da 2013-cü illə müqayisədə 6,9 min və ya 55 faiz çoxdur.
Heydər Əliyev Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası yenidən qurulmuşdur, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının, Uşaq əyləncə və istirahət parkının tikintisi başa çatdırılmışdır. Həmin obyektlərin açılışı sentyabr ayının 22-də cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir. İsmayıllı bələdiyyəsinin inzibati binasının, Rayon Təhsil Şöbəsinin binasının əsaslı təmiri başa çatdırılmışdır. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmişdir. M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülmüş, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilmiş və fasadı müasir memarlıq üslubunda təmir olunmuşdur. Nizami küçəsində “Soyqırım” abidəsi qoyulmuş, abidənin ətrafı abadlaşdırılmışdır. Heydər Əliyev adına parkda “Yaşıl teatr” üçün səhnə tikilmişdir. Şəhərin S.Ə.Şirvani küçəsi ilə Məhsəti küçəsinin arasında park tikintisi davam etdirilir.
Uzun müddət istifadəsiz qalmış keçmiş Yağ-pendir zavodunun ərazisində iş adamı tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanması və satışı məqsədilə “Yaşıl market”in tikintisinə başlanılmışdır.
Qalınçaq kənd orta məktəbi üçün 360 şagird yerlik, Şəbiyan ümumi orta və Küllülü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik bina tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Sumağallı kənd uşaq bağçası üçün 40 uşaq yerlik yeni bina tikilib istifadəyə verilmişdir. Şəhər 3 saylı tam orta məktəb-liseyin əsaslı təmirinə başlanılmışdır.
Velosiped istehsalı zavodunun tikintisi davam etdirilmişdir.
Keyvəndi kəndində iş adamı tərəfindən inşa olunan 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin tikintisi davam etdirilmiş, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton quş əti olan hind toyuğu fabrikinin tikintisinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 km. olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Ümumi uzunluğu 19 km olan İsmayıllı-Lahıc avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. Asfalt vurulması üçün yol əsası hazır vəziyyətə gətirilmiş, yolun 16 km. hissəsi asfaltlaşdırılmış və yol kənarı arxlar tikilmişdir. 3 km. dağlıq hissədə tikinti işləri davam edir. Diyallı kəndinin giriş yolu təmir olunmuş, 1,6 km asfalt örtük vurulmuşdur. Talıstan kəndinin giriş yolunun təmirinə başlanılmış, 1 km. asfalt örtük vurulmuşdur.

İsmayıllını müasir və abad bir məkana çevirmək yolları dərindən düşünülür. Rayonda İsmayıllı Humanitar Texnologiyalar kolleci üçün bütün infrastruktura malik binanın, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 2-ci kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyində yeni körpülərin, Kürdmaşı, Talıstan, Təzəkənd, Diyallı, istisu, Gəraybəyli kəndlərində kənd həkim məntəqələrinin tikilməsi, yeni təhsil müəssislərinin, uşaq bağçalarının tikilməsi, İsmayıllı şəhərinin müasir və sivil bir mərkəzə çevrilməsi üçün əsaslı işlərin görülməsi planlaşdırılmışdır.
2014-cü ildə rayon büdcəsinin gəlirləri 21 milyon 28 min manata qarşı, 20 milyon 279 min 970 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 96,4 faiz təşkil etmişdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 15 milyon 730 min manata qarşı 14 milyon 911 min manat, 95 faiz icra edilmişdir.
Yerli mənbələrdən daxilolmalar 5 milyon 298 min manata qarşı, 5 milyon 368 min 970 manat, yaxud 70 min 970 manat çox olmuşdur ki, bu da 101 faiz təşkil etmişdir.

Yola saldığımız 2014-cü ildə əsas kapitala investisiya qoyuluşu 57 milyon 651 min 800 manat və ya 2013-cü illə müqayisədə 19 milyon 386 min 500 manat çox olmuşdur. 45 milyon 178 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu göstərici 2013-cü illə müqayisədə 25 milyon 348 min manat və ya təqribən 2,3 dəfə çoxdur.
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə keçən ilin fevral ayının 13-də rayonun Təzəkənd və dekabr ayının 11-də Qalınçaq kəndində sahibkarlığa kömək Milli Fondun xətti ilə kredit yarmarkası keçirilmişdir. Ümumilikdə il ərzində 86 nəfər sahibkara 1,8 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Bunun nəticəsi olaraq 271 nəfər işlə təmin edilmişdir.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 2 quşçuluq fabriki istehsalı 100 tondan çox artırmış, 2 üzüm emalı müəssisəsi tərəfindən 1500 ton üzüm emal edilmişdir.
Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Avropa Birliyinin dəstəyi ilə “Fermerlərin imkanlarının Yerli İnnovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihəsi çərçivəsində Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar yaradılmış, “Fermer mağazası” tikilmiş, tərəvəz məhsullarının istehsalı və satışına başlanmışdır.
Rayonda arıçılıq təsərrüfatlarının yaradılmasına da meyl güclənmiş, “Arıçılar” birliyi yaradılmışdır. Rayonda 6 minə yaxın arı ailəsi mövcuddur. Son illər Bakı şəhərində keçirilən respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilmişdir.
Rayonda xalçaçılıqla məşğul olan sahibkarlar istehsal olunan məhsul üçün bazarın müəyyənləşdirilməsi istiqamətində səmərəli iş görürlər.
İş adamı tərəfindən şəhərdə əsaslı yenidənqurmadan sonra Kərpic zavodu və Əhəng sexinin fəaliyyəti bərpa olunmuşdur.
Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 2014-cü ildə istehsal olunmuş ümumi məhsulun 41,7 faizi bu sahənin, istehsal olunmuş 72,9 milyon manat məbləğində ümumi məhsulun 37 milyon manatı bitkiçiliyin, 35,9 milyon manatı heyvandarlıq sahəsinin payına düşür. Ölkədə bu sahənin inkişafına daha çox diqqət verilərək cənab Prezident tərəfindən 2015-ci il “Kənd təsərrüfatı ili” elan etmişdir.
2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 28849 hektar taxıl əkilmişdir ki, bunun da 22953 hektarını buğda, 5896 hektarını isə arpa təşkil edir. Rayon üzrə məhsul istehsalı keçən illə müqayisədə 2726 ton artırılaraq 83620 tona çatdırılmış, məhsuldarlıq 28,1 sentner təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar iyun ayında 6640 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 28926 hektar əkin sahəsinə görə 1 milyon 157 min 44 manat yardım verilmişdir. Dekabr ayında isə 5260 nəfər istehsalçıya becərdikləri 17271 hektar buğda sahəsinə görə 690 min 879 manat yardımın verilməsi məqsədilə müvafiq sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim edilmişdir.
Hesabat ilində rayon Aqroservis filialına “Aqrolizinq” ASC-nin xətti ilə 12 ədəd yeni kombayn verilmiş, eləcə də rayon sakinləri lizinq krediti yolu ilə 28 ədəd yeni traktor, 28 ədəd kotan və 2 ədəd taxılbiçən kombayn almışlar. “Aqrolizinq” ASC və “Aqrokimya” MMC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 2 min tondan artıq mineral gübrələr satılmışdır. Üzümçülük rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biridir və hazırda rayon üzrə 934 hektar üzüm bağı vardır. 2014-cü ildə 87 ha yeni üzüm bağı salınmış, bağlardan 2791 ton məhsul yığılmışdır.
Digər mühüm sahə olan bağçılığın inkişafı ilə əlaqədar Qubaxəlilli kəndində 170 hektar sahədə yeni nar bağı salınmış və rayon üzrə meyvə bağlarının sahəsi 1158 hektara çatdırılmışdır. Keçən il bağlardan 8138 ton məhsul yığılmışdır ki, bu da əvvəlki il səviyyəsindən 108 ton çoxdur.
Rayonda 01 yanvar 2015-ci il tarixə rayon üzrə 51430 baş iri buynuzlu, (ondan 23976 baş ana mal), 179604 baş xırda buynuzlu heyvan vardır. İl ərzində rayon üzrə 5246 ton diri çəkidə ət, 34118 ton süd, 9 milyon 51 min ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur. Beləliklə əvvəlki illə müqayisədə rayon üzrə 29 ton ət, 52 ton süd, 144 min ədəd yumurta və 2 ton yun istehsalı artmışdır. Rayon Baytarlıq idarəsi rayonda epizodik vəziyyətin sağlam saxlanılması ilə əlaqədar dabaq, qara-yara, brusellyoz və digər xəstəliklərə qarşı vaksinasiya tədbirləri həyata keçirmiş, baş verən xəstəliklərin müalicəsi istiqamətində müvafiq tədbirlər aparılmışdır. 2014-cü ildə rayon ərazisində heç bir yoluxucu xəstəlik baş verməmiş, rayon ərazisi epizodik cəhətdən sağlam olmuşdur.

Möhtərəm Prezidentimizin ekoloji tarazlığın qorunması ilə bağlı tapşırıqılarına əsasən rayonda yaşıllaşma məqsədilə 19 min, o cümlədən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə İsmayıllı-Muğanlı və İsmayıllı-Qaraməryəm magistral yolların kənarında, eləcə də bələdiyyələrin ərazilərində 9100 ədəd cökə, akasiya, xan çinarı, ağcaqayın ağacları əkilmiş, ətrafı tikanlı məftillərlə hasarlanmışdır.
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən hesabat dövründə təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində rayon üzrə 85 akt, 41 protokol və 11 ədəd icrası məcburi olan göstəriş verilmiş, ətraf mühitə atılan tullantılara görə 92 hüquqi və fiziki şəxsə 14100 manat ödəmə verilmiş və həmin məbləğ ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilmişdir. Qanunsuz ov edənlərə qarşı 10 ədəd akt və 10 ədəd protokol tərtib edilərək, 10 min manat məbləğində cərimə tətbiq edilmiş və materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Ötən il ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40 ha sahədə meşə əkini və 20 ha sahədə meşə səpini işləri görülmüşdür. Müəssisədə 340 ha sahədə isə təbii meşə bərpasına kömək tədbirləri həyata keçirilmişdir. Müəssisənin tinglik sahəsində 2 ha sahədə toxum səpilmiş, eyni zamanda tinglik sahəsinin 0,5 ha ərazisində isə çiling kökləndirmə işləri aparılmışdır. Keçən ilin yaz mövsümündə tinglik sahəsindən 27400 ədəd müxtəlif ağac ting çıxarılaraq yeni meşə zolaqlarının salınmasına, yaşayış məntəqələrinin və avtomobil yollarının ətraflarının yaşıllaşdırılmasına sərf edilmişdir. 2014-cü il ərzində idarə tərəfindən meşədən özbaşına ağac kəsilməsi ilə əlaqədar 57 akt və protokol tərtib edilmiş, 4865 manat cərimə tətbiq olunmuşdur.
2014-cü il ərzində rayon ərazisində torpaq qanunvericiliyinin pozulmasının 7 halı aşkar edilmiş, tikinti işləri aparıldığına və mərz nişanlarının yerini dəyişdirdikləri üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 645 manat cərimə hesablanmış, bunun 630 manat dövlət büdcəsinə ödənilmişdir.

2014-cü ilin sonuna olan məlumata əsasən rayonda 3728 nəfər sosial müavinət alır. İl ərzində sosial müavinət alanların sayı 82 nəfər azalmışdır. Sosial müavinət alanlara 3 milyon 189 min 715 manat ödəniş aparılmış, 35 nəfər Çernobıl əlilinə müalicə xərcləri üçün 6825 manat birdəfəlik yardım verilmişdir. Təəssüf doğuran haldır ki, bəzi vətəndaşlara qanunla ailələrinə ünvanlı sosial yardım düşməməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən izahat verilsə də onlar yenə də müxtəlif rəhbər təşkilatlara müraciət edirlər. Ona görə də ƏSMM ünvanlı sosial yardımla əlaqədar əhali arasında izahat işlərini genişləndirməlidir. Rayonda 13410 nəfərə, o cümlədən 7975 nəfərə yaşa görə, 4160 nəfərə əlilliyə görə, 1275 nəfərə ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. İşləyən pensiyaçıların sayı 982 nəfərdir. 2014-cü ildə 205 nəfərə yaşa görə, 156 nəfərə əlilliyə görə, 33 nəfərə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. 2014-cü il ərzində əmək pensiyaçılarına 25 milyon 428 min 900 manat, digər müavinətlərin ödənilməsinə isə 401 min manat vəsait sərf olunmuşdur. Respublika Fondundan pensiya və müavinətlərin ödənişinin maliyyələşdirilməsi üçün 21 milyon 820 min manat vəsait köçürülmüşdür ki, bu da ödənilmiş pensiya məbləğinin 84,5 faizini təşkil edir. Ödənişin qalan 3 milyon 128 min 900 manatı və ya 15,5 faizi yerli daxilolmalar hesabına reallaşdırılmışdır. 01 yanvar 2015-ci il tarixə ödənilməmiş pensiya qalmamışdır. 01 yanvar 2015-ci il tarixə uçot qeydiyyatında olan hüquqi şəxslər 597, fiziki şəxslər 2652, pay torpaq mülkiyyətçiləri 8773 nəfər təşkil etmişdir. 2014-cü il ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə proqnoz tapşırıq 94,9 faiz yerinə yetirilmiş, 4 milyon 204 min manat vəsait toplanmışdır.
Rayonda 2003-2014-cü illərdə 7172 yeni iş yeri açılmışdır ki, bunun da 1052-si daimi olmaqla 1112-si 2014-cü ilin payına düşür.
“Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar “Tədbirlər planı”nın icrası davam etdirilmişdir. 01 may 2014-cü il tarixdə keçirilmiş “Əmək yarmarkası”nda 84 idarə, müəssisə və təşkilat tərəfindən 214 vakant iş yeri təqdim olunmuş, 103 nəfər qeyri-məşğul vətəndaş işlə təmin edilmişdir.
Ümumilikdə 2014-cü il ərzində Rayon Məşğulluq Mərkəzində 432 nəfər iş axtaran vətəndaş rəsmi qeydiyyata alınmış, 361 nəfəri işlə təmin edilmişdir. İşlə təmin olunanların 83 nəfərini qadınlar, 173 nəfərini gənclər, 21 nəfərini isə qaçqın və məcburi köçkün vətəndaşlar təşkil edir. Hesabat ilində 9 nəfərə işsizlik statusu verilmiş, 12 nəfər iş axtaran qeyri-məşğul şəxs ictimai işə, 13 nəfər Göyçay Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş “bərbər” peşə hazırlığı kursuna cəlb olunmuşdur. Həmçinin il ərzində 12 nəfər ordudan tərxis edilən gənc, 21 nəfər qaçqın və məcburi köçkün, 3 nəfər cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxs işlə təmin edilmişdir. Məşğulluq Mərkəzi tərəfindən 186 nəfər iş axtaran gəncə peşəyönümü məsləhətləri verilmişdir.
Əhaliyə göstərilən kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariya hallarına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən iş görülmüş, xidmətlərin daha keyfiyyətli yerinə yetirilməsi üçün son illər kommunal təyinatlı xeyli texnika alınaraq rayona gətirilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bölgüsünə əsasən bir ədəd JAK markalı yük maşını və bir ədəd JAK markalı avtokran əvəzsiz olaraq Kombinata verilmişdir. Hesabat ilində müxtəlif ölçülü 106 ədəd zibil qutuları alınmış, şəhər ərazisinə və bəzi kəndlərə qoyulmuşdur. 2014-cü ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 509 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min manat çoxdur. 2014-cü ilin avqust ayından “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanmışdır. Layihəyə uyğun aparılmış profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi özünü göstərməkdədir. İnanırıq ki, sakinlərin köməyi, gənclərin qüvvəsi, layihələrin icrası ilə İsmayıllı Respublikamızın ən təmiz və abad guşələrindən birinə çevriləcək. Mənzil İstismar sahəsi 978 mənzilə kommunal xidmətləri göstərmişdir. Mənzillərin 848-i iki və daha çoxmərtəbəli 45 yaşayış binasında yerləşir. Xidmətdə olan mənzillərin 724-ü və ya 73 faizi tam özəlləşdirilmişdir. 254 mənzil isə qeyri-özəl olaraq qalmaqdadır. 2014-cü ildə Həsən bəy Zərdabi küçəsində yerləşən 16 mənzilli 1,2,4 saylı və 12 mənzilli 6 saylı, Heydər Əliyev prospektində 12 mənzilli 13 saylı yaşayış evlərinin dam örtükləri tamamilə dəyişdirilmiş, M.F.Axundov küçəsində yerləşən 3 mərtəbəli 16 mənzilli binanın fasad hissəsi və girişləri müasir üslubda təmir edilmiş, həmin küçədə yerləşən 34, 34”a” və 36 saylı üç mərtəbəli yaşayış evlərinin həyətləri abadlaşdırılmışdır.
“Azəristiliktəhçizat” ASC-nin İsmayıllı İstilik Sistemləri Sahəsi tərəfindən bu il Heydər Əliyev prospektindəki 105“A”, 111 və 113 saylı yaşayış binalarının isidilməsi üçün “Kaskad” tipli kombilər quraşdırılmışdır ki, bu da 88 mənzilin qızdırılmasına imkan yaratmışdır. Ümumilikdə şəhərdə kommunal çoxmərtəbəli binalarda 235 mənzil istilik sistemi ilə təmin olunmuşdur.
Hesabat ilində əhaliyə nümunəvi ticarət xidmətinin səviyyəsi yüksəlmiş, pərakəndə əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 13 milyon 94 min manat və ya 12,5 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 1 milyon 333 min manat artaraq 20 milyon 740 min manat təşkil etmişdir.
Nəqliyyat sektorunda yük daşınması 2 milyon 27 min ton olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artıqdır.
Rayonun müxtəlif istiqamətlər üzrə sərnişin daşınmasının əhatə dairəsi xeyli genişlənmişdir. “İsmayıllı-Avtonəqliyyat” ATSC tərəfindən keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin dövriyyəsi 34 faiz artmış, 17,6 min manat artıq gəlir əldə olunmuşdur. Şəhərdaxili avtobus marşrutunun ümumi uzunluğu 10 km artırılaraq 30 kilometrə çatdırılmışdır. Gün ərzində avtobuslar şəhərdaxili marşrutlarda 720 kilometrdən artıq məsafə qət edirlər. İsmayıllı-Lahıc marşrutuna əlavə reys təşkil olunmuş, İsmayıllı-Talıstan marşrutu açılmışdır. İsmayıllı-Bakı marşrutu üzrə müasir tipli, yüksək komfortlu avtobus xəttə braxılmışdır. Şəhər ərazisində 30 ədəd müasir tipli dayanacaqların quraşdırılması və təzə taksi avtomobillərinin istismara buraxılmışdır.
İsmayıllı Poçt filialı bir müştəri, bir şəhər və 25 kənd poçt şöbələri vasitəsi ilə əhaliyə və təşkilatlara poçt, bank- maliyyə xidmətləri göstərir. İllik tarif gəlir proqnozu 171,2 min manata qarşı 199,7 min manat və ya 116,6 faiz yerinə yetirilmişdir. Bu da əvvəlki illə müqayisədə 30,4 min manat çoxdur. İstismar xərcləri xidmətləri 146 min manat proqnoza qarşı 162 min manat və ya 111 faiz, bank maliyyə xidmətləri 11,4 min manat proqnoza qarşı 36,3 min manat və ya 3,2 dəfə çox yerinə yetirilmişdir. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq üçün Lahıc, Basqal və Tircan poçt şöbələrində elektron sistem quraşdırılmış, bank maliyyə xidmətləri göstərən poçt şöbələrinin sayı 16-ya çatdırılmışdır. İvanovka, Qalagah, Ruşan və Qalacıq kəndlərində yeni poçt binaları tikintisi davam etdirilir.
İl ərzində Rayon Telekommunikasiya Qovşağı 846,6 min manat gəlir əldə etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 125,1 min manat çoxdur.
2014-cü ildə şəhər ərazisində abadlıq işləri ilə əlaqədar 2,3 km yerüstü telefon kabelləri yeraltı kabellərlə əvəz olunmuşdur. Şəhər ərazisində 512 nömrəlik yeni elektron ATS qurulmuş, əlavə qurğular qoymaqla stansiyanın tutumu 544-ə çatdırılmışdır. Bu stansiyaya 480 nəfər abunəçi, o cümlədən sürətli internetə 192 abunəçi qoşulmuşdur.
İl ərzində 274 mənzilə yeni telefon xətti çəkilmiş, 165 abunəçinin isə telefon xətti yenidən bərpa olunmuşdur.
Rayonda 108 yaşayış məntəqəsindən İsmayıllı şəhəri və 31 kənd təbii qaz yanacağı ilə təmin olunur. İsmayıllı Qaz İstismar sahəsi 13168 abonentə xidmət göstərir ki, bunun da 13064-ü əhali, 104-ü qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 30,4 milyon kub metr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 93,3 faiz ödənilmişdir.
İl ərzində İsmayıllı şəhərində 7475 p/m qaz xətti yenidən quraşdırılmış, 637 p/m korroziyaya uğramış xətt yenisi ilə əvəz olunmuş, abonentlərin 141 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, yeni abonentlər üçün 641 ədəd məişət qaz sayğacı qoyulmuşdur. 79 ədəd köhnə qaz tənzimləyici şkaf yenisilə əvəz olunmuş, 60 ədəd müxtəlif ölçülü siyirtmələr quraşdırılmışdır.
2015-ci ilin ilk günlərindən başlayaraq Basqal qəsəbəsinin qazlaşdırılmasına başlanılmışdır. Növbəti aylarda Xanagah və Qurbanəfəndi kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Bu da deməyə əsas verir ki, 2015-ci ildə bir sıra yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçiriləcəkdir. Onu da qeyd etmək lazımdır ki əllidən artıq iri yaşayış məntəqəsinin qazlaşdırılmasına ciddi ehtiyac vardır.
İsmayıllı Elektrik Şəbəkəsi 22768 abonentə xidmət göstərir. Onların da 20938-i əhali, 1826-sı qeyri-əhali abonentləridir. 2014-cü ildə İsmayıllı Elektrik Şəbəkəsinə 58 milyon 243 min kilovat-saat enerji daxil olmuş, istehlakçılara 52 milyon 456 min kilovat-saat faydalı enerji ötürülmüşdür. Ödəniş 3 milyon 107 min manat ( 98,5 faiz) olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,2 faiz çoxdur.
Hesabat ili ərzində rayonun elektrik təsərrüfatında əsaslı və cari təmir işləri aparılmışdır. Rayon ərazisində əhalini fasiləsiz qaydada elektrik enerjisi ilə təchiz etmək üçün İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 110 kv.-luq İsmayıllı hava xəttində 3 ədəd yararsız dayaq yenisi ilə əvəz olunmuşdur. 35 kv.-luq Basqal hava xəttində zədəli izolyatorlar dəyişdirilmiş, 5 ədəd dayaq əsaslı təmir olunmuş, xəttin mühafizə zonası ağaclardan təmizlənmişdir. Şəhər ərazisində söküntüdən əldə olunmuş yararlı dayaqlardan 10 kv-luq və 0,4 kv-luq elektrik veriliş xətlərində 30 kənddə 281 ədəd yararsız dayaq dəyişdirilmiş və xətlər cari təmir olunmuşdur. 70 ədəd transformator yarımstansiyasında cari təmir işləri görülmüş, transformatorlara 650 kq yağ əlavə olunmuşdur.
Hesabat dövründə elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. Şəhərdə 10 kv.-luq xətlərdə 305 ədəd, 0,4 kv.-luq elektrik veriliş xəttində 1558 ədəd dayaq dəmir-beton dayaqla əvəz olunmuş, 61,5 km. SİP kabel xətti çəkilmiş, 1601 ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. Bütün bunlarla yanaşı rayonun 4 kəndi və şəhər istisna olmaqla elektrik təsərrüfatının yenidən qurulması davam etdirilməlidir. Yaşayış ərazilərinin üstündən keçən yüksək gərginlikli xətlərin yeri dəyişdirilməlidir.
Rayon “Sukanal” idarəsi 3377 əhali, 167 büdcə və kommersiya abonentinə xidmət göstərir. İl ərzində əhalini fasiləsiz olaraq içməli su ilə təchiz etmək üçün müvafiq tədbirlər görülmüşdür. Hazırda istifadədə olan köhnə su xətlərinin qəzalı hissələri təmir edilmiş, zərurət yaranan sahələrdə korroziyaya uğramış borular yenisi ilə əvəz olunmuşdur. Hesabat dövrü ərzində əhalinin içməli su təminatının yaxşılaşdırılmasına diqqət artırılmış, Xanagah-İsmayıllı, İstisu-İvanovka, şəhərdaxili xətlərdə təmir-bərpa işləri aparılmışdır. İl ərzində sudan istifadə və kanalizasiya xidmətinə görə abonentlərindən 180 min manatdan çox vəsait əldə edilmişdir. İsmayıllı şəhərində çoxmənzilli yaşayış binasında 876 smart-kart tipli sayğac quraşdırılmış, abonentlər fasiləsiz qaydada su ilə təchiz olunmuşdur. Şəhərdə bütün istehlakçılar üçün “Smart” tipli sayğacların quraşdırılması 2015-ci ildə əsas məsələ kimi qarşıda durur.
Milli Su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin tikinti işləri davam etdirilmiş, tutumu 1500 ton olan sonuncu su anbarında tikinti işləri başa çatdırılmışdır. “Kolin” şirkəti tərəfindən İsmayıllı şəhərinin su və kanalizasiya sistemində tikinti işləri başa çatdırılmış, çirkab təmizləmə inşaat işlərinə başlanmışdır.
Kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülmüşdür. Pirdinar kəndində məcburi köçkünlərə xidmət edən subartezian quyusuna yeni su nasosu qoyulmuş, müxtəlif ərazilərdə, əsasən su qıtlığı olan kəndlərdə 8 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Bu artezianlardan həm içməli, həm də suvarma suyu kimi istifadə etmək nəzərdə tutulmuşdur.
Onu da qeyt etmək lazımdır ki, hələ də bir çox yaşayış məntəqələrinin su problemi öz həllini gözləməkdədir. Müxtəlif daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə öz həllini tapacaqdır.
Hörmətli tədbir iştirakçıları, zəngin təhsil və ziyalılıq ənənələri olan İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. Rayonda fəaliyyət göstərən 80 ümumtəhsil məktəbinin 46-sı tam orta, 22-si ümumi orta, 12-si ibtidai məktəbdir. Məktəblərin 78-də təlim Azərbaycan dilində, 2-də Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin sayı 11377, müəllimlərin sayı 1516 nəfərdir. Şagirdlərin təlim- tərbiyəsi ilə 1226 nəfər ali, 290 nəfər isə orta- ixtisas təhsilli müəllim məşğul olur. Rayonda təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəb binalarının tikintisi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin dünya standartlarına uyğunlaşdırılması sahəsində əsaslı işlər görülmüşdür. Hesabat ilində rayonda 3 məktəb, iki uşaq bağçası tikilib istifadəyə verilmişdir. Rayon Təhsil Şöbəsinin binasının fasad hissəsi və istilik sistemi yenidən qurulmuş, məktəblərdə cari və əsaslı təmir işləri aparılmışdır. Ümumtəhsil məktəblərinin 47-si, məktəbdənkənar müəssisələrin 4-ü, məktəbəqədər uşaq müəssisələrinin 5-i istilik sistemləri ilə, digərləri isə odun yanacağı ilə qızdırılır. Şagirdlərin 80 faizi mərkəzi istilik sistemləri ilə qızdırılan məktəblərdə təhsil alırlar. Məktəblərin inventar və avadanlıqlarla təminatında xeyli irəliləyiş baş vermiş, 2014-cü ildə 356,9 min manat məbləğində inventar alınaraq məktəblərə verilmişdir. Bu da əvvəlki illə müqayisədə 150,9 min manat çoxdur. Hazırda rayonun ümumtəhsil məktəblərində 710 ədəd kompüter, 65 ədəd proyektor, 35 ədəd elektron lövhə şagirdlərin istifadəsinə verilmişdir. 36 məktəbdə internetə çıxış vardır. Rayon üzrə 16 şagirdə 1 kompüter düşür.
Şəhər 3 nömrəli tam orta məktəbin nəzdində riyaziyyat və təbiət fənləri liseyinin yaradılması bu sahələr üzrə istedadlı şagirdlərin inkişafında xüsusi əhəmiyyət daşıyacaqdır.
İl ərzində keçirilən respublika və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında,
fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi əsas məqsədlərdən olmuşdur.
Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr edilmiş Respublika inşa yazı müsabiqəsində şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Təhsil Nazirliyinin Diplomuna layiq görülmüşdür. Onun yazı işi müsabiqəyə aid kitaba daxil edilmişdir.
2014-cü ilin mart ayında Bakı şəhərində keçirilən fənn olimpiadalarının respublika mərhələsində Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdi Hüseynova Aygün Aydın qızı Azərbaycan tarixi, şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Abdullayeva Şəhla Teymur qızı biologiya fənnindən qaliblər sırasında olmuşlar.
Ali məktəblərə qəbulda rayon məktəblərinin məzunları hər il yüksək nəticələr göstərirlər. 2014-cü ildə ümumtəhsil məktəblərinin 276 nəfər məzunu ali məktəblərə qəbul olunmuşlar. Onlardan 51 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Rayonun son iki ildə 5 nəfər məzunu ali məktəbə qəbulda qazandıqları yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülmüşlər. 2013-2014-cü dərs ilində təhsildə qazandıqları müvəffəqiyyətlərə görə rayonun 4 nəfər məzunu qızıl medalla təltif olunmuş, onlar bu etimadı ali məktəblərə qəbulda doğrultmuşlar. İmtahanlarda yüksək bal toplamış məzunların şərəfinə rayonda bayram tədbiri keçirilmiş, 600-dən yuxarı bal toplayanlar Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri və fəxri fərmanları ilə mükafatlandırılmışlar. Ali məktəblərə qəbul olan bütün məzunlara hədiyyələr verilmişdir.
Məktəblərimizin beynəlxalq əlaqələri ildən-ilə genişlənməkdədir. Şagirdlərimiz bir neçə ildir ki, Yaponiyanın İto şəhərinin məktəbliləri ilə məktublaşırlar. Bu məktublaşma məktəblilər arasında dostluq əlaqələrinin yaranmasına səbəb olmuşdur. Tədrisdə fərqlənmiş 6 nəfər şagirdimiz 2014-cü ildə İto şəhərində dostluq səfərində olmuş, orada keçirilən yay festivalında iştirak etmişlər.
Cülyan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şəfaqət Bayramov beynəlxalq layihədə qalib gələrək şagirdləri ilə birlikdə Rusiya Federasiyasının Çelyabinsk şəhərində keçirilən sammitə dəvət almış və sammitdə Respublikamızı layiqincə təmsil etmişdir.
Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbin şagirdləri Rusiya Federasiyasının keçirdiyi olimpiadada iştirak edərək qaliblər sırasında yer tutmuşlar. Məktəbin şagirdi Mariya Minnikova MDB ölkələri üzrə keçirilən onuncu Beynəlxalq rus dili müsabiqəsində III yer tutmuşdur. “İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və sertifikasiyası” beynəlxalq layihəsində şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri Ruhiyyə Mahmudova, Şükufə Nəcəfova və Pərvanə Piriyeva uğur qazanaraq “Beynəlxalq müəllim” sertifikatı almışlar.
“Bir şagird, bir kompüter” müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva və Lahıc qəsəbə tam orta məktəbin müəllimi Rövşən Əliyev qalib gələrək, rəhbəri olduqları sinif şagirdlərinin sayı qədər netbuk, sinif üçün bir ədəd elektron lövhə və proyektor qazanmışlar. Respublika Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu ilə İSTECH və NEATS şirkətinin dəstəyi ilə rayonda keçirilən “Qunduz” informatika və kompüter bacarıqları müsabiqəsində 250 nəfərdən artıq V-IX sinif şagirdi iştirak etmişdir. Onlardan 25 nəfəri mükafata layiq görülmüş, o cümlədən I yer tutan 5 nəfərə notbuk verilmişdir.
Rayonda sağlamlıq imkanları məhdud olan şagirdlərin təhsili, onların cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır. Bu məqsədlə 17 nəfər sağlamlıq imkanları məhdud şagirdə Təhsil nazirliyi tərəfindən İKT avadanlıqları verilmiş onların təhsilini müasir formada davam etdirilməsi nəzərdə tutulmuşdur.
Yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonumuzun 40 nəfər məktəblisi keçən il Quba, Qusar, Xaçmaz rayonlarında olmuş, həmin rayonların tarixi, təbiəti və abidələri ilə tanış olmuş, ölkəmiz haqqında biliklərini genişləndirmişlər. İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə rayonumuza gələn digər rayonların şagirdləri də Rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə qarşılanmış və yola salınmışdır.
Rayonda qabaqcıl müəllimlərin əməyinin qiymətləndirilməsi daim diqqətdə saxlanılmışdır. 2014-cü ildə İvanovka kən tam orta məktəbinin direktoru Mixayıl Uryupinə “Əməkdar müəllim” adı verilmiş, şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlı “Tərəqqi medalı” ilə təltif olunmuşdur. Son illərdə 10 nəfər müəllimimiz “Əməkdar müəllim” adına layiq görülmüş, 3 nəfəri isə “Tərəqqi medalı” ilə təltif olunmuşdur. 29 nəfər müəllim “Qabaqcıl təhsil işçisi”dir.
2014-cü ildə cənab Prezidentin müvafiq sərəncamı ilə hər il keçirilən “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qabaqcıl müəllimlərimiz uğurla iştirak etmiş, 6 nəfər müəllimimiz və bir məktəbimiz müsabiqəni qalib kimi başa vurmuşlar.
2014-2015-ci tədris ilində kurrikulum tətbiqi ilə əlaqədar 5-7-ci siniflərdə dərs deyəcək 230 nəfər fənn müəllimi 60 akademik saatlıq təlim kursundan keçmiş, pedaqoji kadrların ayrı-ayrı kateqoriyaları üzrə 101 nəfər ixtisasartırma kursuna cəlb edilmiş, o cümlədən fənn müəllimi “Öyrədənləri öyrədəni” kursunu bitirmişdir. Rayonda hər il “Müəllim günü”nün qeyd edilməsi ənənə halını almışdır. 2014-cü ilin oktyabrın 5 də “Müəllim günü” geniş və təntənəli şəkildə qeyd edilmiş, qabaqcıl müəllimlər Fəxri Fərmanla və hədiyyələrlə mükafatlandırılmışlar. 2014-2015-ci dərs ilinə aid dəyəri 43877 manat olan 56593 ədəd dərslik rayona gətirilərək bölgü əsasında məktəblərə çatdırılmışdır. Rayon məktəb kitabxanalarına 2014-cü ildə dəyəri 16 min 546 manat olan 5145 ədəd bədii ədəbiyyat verilmişdir.
Rayonda təhsil sahəsində görülən işlərlə yanaşı bu sahədə həlli vacib problemlər də qalmaqdadır. 9 məktəbimiz qəzalı vəziyyətdədir. 4 ibtidai məktəbin özünəməxsus binası yoxdur. Məktəblərin çoxunda psixoloqlar çatışmır, bir sıra məktəblərində xarici dil müəllimlərinə ehtiyac vardır. Qış mövsümündə məktəblərin qızdırılması üçün dizel yanacağı və oduna ayrılan vəsait təlabatı ödəmir. Ayrılan dizel yanacağı ilə istilik sistemlərinin fasiləsiz işlətmək mümkün deyildir.
İsmayıllı PTM Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 750 min manatlıq ən müasir kənd təsərrüfatı texnikası ilə təmin olunmuşdur. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci regionda ən böyük və orta potensiallı rayonların sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli tədris müəssisəsidir. Qısa vaxtda kollecin inzibati-funksional idarəetmə strukturu formalaşdırılmış, pedaqoji, mühəndis-texniki, inzibati-təsərrüfat, tədris-köməkçi vəzifələrinə ali təhsilli və elmi dərəcəsi olan mütəxəssislər cəlb olunmuşdur. 2014-2015-ci tədris ili üçün TQDK tərəfindən həyata keçirilən qəbul imtahanları nəticəsində kollecə 7 ixtisas üzrə 163 tələbə qəbul olunmuşdur. Hazırda burada səkkiz ixtisas üzrə təhsil alanların sayı 346 nəfərdir.
Kollecin müəllim və tələbə heyəti rayonun mədəni həyatında yaxından iştirak edir. Müəssisədə Tələbə Gənclər Təşkilatı yaradılmış, Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqına daxil olmuşdur.
Ötən ilin dekabr ayı kollecdə “Yaradıcılıq ayı” elan edilmiş, bu ayda “Təmiz şəhər” layihəsi çərçivəsində tullantılardan hazırlanmış əl işləri rəsm sərgisi, “Tələbə
dərnəyi”nin şeir gecəsi, bilik yarışmaları keçirilmişdir.
Kollecin özünə məxsus binasının olmaması ciddi problemlər yaradır, tədris müəssisəsi iki növbədə peşə tədris mərkəzinin binasında fəaliyyət göstərir. Fasiləsiz təhsilin təşkili və təhsil kompleksinin yaradılması üçün yeni layihə işlənir. Heydər Əliyev prospektində kollec üçün binanın tikintisi nəzərdə tutulmuşdur.
Ölkədə səhiyyə sahəsinə göstərilən diqqət və qayğı bütün Azərbaycan vətəndaşları tərəfindən rəğbətlə qarşılanır, hamını ürəkdən sevindirir. Bu onu təsdiq edir ki, dövlət öz vətəndaşlarının sağlamlığı keşiyindədir.
Son illərdə tikilib istifadəyə verilən yeni tibb mərkəzləri, xəstəxanalar, poliklinikalar, səhiyyə sahəsində aparılan islahatlar, elm və texnikanın yeni nailiyyətlərinin tətbiqi səhiyyəmizin inkişafına öz müsbət təsirinin göstərmişdir. Bu gün ağır diaqnozlu irsi qan xəstəlikləri, sümük iliyi transplantasiyası, böyrək dializi, viruslu hepatit, vərəm, xərçəng və s. xəstəliklərin ölkəmizdə müalicəsi uğurla aparılır. Bir çox xəstəliklər üzrə əhali pulsuz dərmanlarla təmin olunur.
Rayonun tibbi xidmət şəbəkəsi 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasından, 15 çarpayılıq Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarında, 500 gəlişli RMX-nın poliklinika şöbəsindən, 50 gəlişli uşaq poliklinikasından, 11 kənd həkim və 24 tibb məntəqəsindən, Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Rayonun səhiyyə sektorunda 117 nəfər həkim, 341 nəfər orta tibb işçisi çalışır. Əhalinin hər on min nəfərinə 14 həkim, 41 orta tibb işçisi, 28,2 çarpayı düşür. Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illər rayonumuzda da əsaslı tədbirlər həyata keçirilmişdir. Son illərdə Lahıc qəsəbəsi və İvanovka kəndində 15 çarpayılıq xəstəxana, Topçu və Tircan kəndlərində kənd həkim məntəqələri tikilib istifadəyə verilmiş, bir sıra tibb məntəqələri əsaslı təmir olunmuşdur.
Ötən əsrin 70-ci illərdə inşa edilmiş Rayon Mərkəzi Xəstəxanasının binasında 2013-cü ildən əsaslı təmir və yenidən qurma işlərinə başlanmış və 2014-cü ilin sentyabr ayında istifadəyə verilmişdir. Xəstəxana müasir tibbi avadanlıqlarla, diaqnostik müayinə aparatları ilə, inventarlarla təchiz olunmuş, xəstəxanada hemodializ şöbəsi açılmışdır.
2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək respublikada aparılan dispanserizasiya rayonda uğurla həyata keçirilmiş, müvafiq komissiya və işçi qrupu yaradılaraq tibbi müayinə aparılmışdır. Əhalinin müxtəlif qrupları üzrə 62726 nəfər müayinədən keçmiş, onlardan 2012 nəfər ambulator müalicəyə, 73 nəfər stasionar müalicəyə cəlb olunmuş, 210 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir. Rayonda 105 nəfər onkoloji xəstə ilkin dispanser qeydiyyatına götürülmüşdir. 474 nəfər vərəmli xəstə, 1143 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Hesabat ilində uşaqlar arasında profilaktiki peyvəndlər təqvim planına uyğun vaxtında aparılmışdır. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün RMX-da sanitar-epidemioloji briqadalar yaradılmış, aşkar edilmiş xəstələr vaxtında müalicəyə cəlb olunmuşlar. İnfeksiya ehtimalı olan ərazilərdə və yaşayış məntəqələrində dezinfeksiya işləri aparılmışdır. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kommunal, ticarət, ictimai iaşə, təhsil və uşaq müəssisələrində sanitariya nəzarəti həyata keçirilmiş, su hövzələrindən, anbarlardan nümunələr götürülərək bakterioloji müayinələr aparılmış, lazımi tədbirlər görülmüşdür.
Bütün bunlarla yanaşı səhiyyə sahəsində ciddi problemlər də yaşanmaqdadır. Rayon üzrə 19 həkim vəzifəsi vakantdır. Vakant ştatlardan 13-ü kənd sahə xəstəxanalarına və kənd həkim məntəqələrinə aiddir. Kəndlərimizin bir çoxunda tibbi səhiyyə obyekti yoxdur. RMX-da quraşdırılmış yeni tibbi aparatlar, diaqnostik vasitələri işlədə bilən mütəxəssislərə ciddi ehtiyac vardır. Bu aparatlarla işləyə bilən həkimlərin Respublikanın ixtisaslaşmış səhiyyə mərkəzlərində və xarici ölkə xəstəxanalarında uzunmüddətli hazırlıq kursları keçməlidirlər. Rayon GEM-də müasir müayinə avadanlıqlarına ciddi ehtiyac vardır.
Rayonda Mədəniyyət və Turizm sisteminə daxil olan 7 yaradıcılıq evi, 26 klub, 49 kitabxana, 1 Uşaq İncəsənət məktəbi, Lahıc və Basqal Tarix- Mədəniyyət Qoruğu, İsmayıllı və Lahıc Tarix Diyarşünaslıq Muzeyləri, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində 416 nəfər işçi çalışır. İşçilərin 75 nəfəri ali, 165 nəfər orta ixtisas, 177 nəfəri isə orta təhsillidir. Orta təhsillilərin 78 nəfəri texniki işçilərdir.
Mədəni-maarif müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirilməsi, təmir və bərpa işlərinin aparılması ilə bağlı müəyyən işlər görülmüşdür. Obyektlərin əsaslı və cari təmir işlərinə 75 min manat vəsait şərf olunmuşdur.
Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxanalar sisteminin Uşaq şöbəsi binalarının əsaslı və yüksək səviyyədə təmiri başa çatdırılmış, müasir inventar və avadanlıqlarla təmin olunmuşdur.
Rayon ərazisində 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Bunlardan 160-ı dövlət qeydiyyatına alınmış və inventar nömrəsi verilmişdir. Abidələrdən Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya, 2-si ölkə, 127-si yerli əhəmiyyətlidir. 73 abidə yeni aşkar edilmişdir. Abidələr haqqında məlumatlar, fotolor, disklər hazırlanaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinə təqdim olunmuşdur.
Rayonda turizmin inkişafı ilə bağlı müxtəlif layihələrin icrasına başlanılmış, müəyyən işlər görülmüşdür. Rayon ərazisində 22 istirahət mərkəzi fəaliyyət göstərir.
9 istirahət mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını almışdır. İstirahət Mərkəzlərində 1040-dan çox yataq yeri vardır.
Son illər rayona gələn turistlərin sayı xeyli artmışdır. 2014-cü ildə rayona 96 min turist gəlmişdir ki, bu da 2013-cü illə müqayisədə 14 min nəfər çoxdur. İsmayıllının zəngin təbiəti və tarixi abidələri xarici turistləri daha çox özünə cəlb edir. Rayonun milli-etnik zənginliyi turizmin inkişafına şərait yaradır.
“Şereton-İsmayıllı” otel kompleksinin istifadəyə verilməsi, yeni turizm istirahət mərkəzlərinin tikintisi İsmayıllının Beynəlxalq turizm marşurutuna daxil edilməsinə imkanlar açır. Rayonda dağ, atçılıq, ekoturizm sahələri inkişaf etdiriləcəkdir. İsmayıllı zəngin turizm Mərkəzi kimi ünvan tapacaqdır.
Rayon azsaylı xalqların, etnik qrupların (tat, ləzgi, haput, rus, və.s) milli-mədəni irsi daim diqqətdə saxlanılır, bayram tədbirlərində, festivallarda onların folklor qruplarının çıxışları təşkil edilir.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 399 min 209 nüsxə ədəbiyyat mövcuddur. Hesabat ili ərzində kitabxanaya 34176 nüsxə ədəbiyyat və 310 ədəd elektron resurs daxil olmuşdur. Oxucuların sayı 27840 nəfərdir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 7 ucqar dağ kəndində bələdiyyə kitabxanaları yaradılmışdır. Bu proses davam edir.
Rayon Uşaq İncəsənət məktəbində 8 ixtisas üzrə 342 nəfər şagird təhsil alır. Hər il buraxılışla əlaqədar məktəbin yekun konserti təşkil olunur.
Görülmüş işlərlə yanaşı mədəni-maarif müəssisələrinin və turizm obyektlərinin fəaliyyətində problemlər, nöqsan və çatışmazlıqlar da mövcuddur. Rayonda fəaliyyət göstərən 33 klub müəssisədən 3-ü, 49 kitabxanadan 2-si xüsusi layihə əsasında tikilmişdir. Yeni kitabxana, klub və yaradıcılıq evlərinin tikilməsinə ciddi ehtiyac vardır. Kitabxanaların çoxu qəzalı vəziyyətdə olan binalarda yerləşir. Klubların, yaradıcılıq evlərinin ixtisaslı kadrlara ciddi ehtiyacı vardır. Mədəniyyət obyektlərində müasir avadanlıqların tətbiqi, onlardan istifadə imkanları çox aşağıdır. İstirahət mərkəzlərinin bir çoxu müasir tələblərə cavab vermir. Rayon İncəsənət məktəbində tədrisin təşkili üçün normal şərait yoxdur, yeni, müasir tələblərə cavab verən binanın tikilməsi tələb olunur. Kadrların çoxu orta-ixtisa təhsillidir.
Rayonda dövlət-gənclər siyasətinin həyata keçirilməsi, gənclərin vahid ideya və məqsəd ətrafında təşkilatlanması tədbirləri davam edir. Son vaxtlar rayonda gənclərin potensialından ölkənin mənafeyi və inkişafı naminə tam və düzgün istifadə olunur. Gənclərin özəl sahələrə, dövlət idarəçiliyinə cəlb edilməsi sahəsində mühüm addımlar atılır. 2014-cü il ərzində Rayon Gənclər və İdman idarəsi gənclərlə iş və idman sahəsi üzrə müxtəlif tədbirlərin təşkilatçısı və təşəbbüskarı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” rayonda uğurla həyata keçirilir. Gənclərin asudə vaxtının səmərəli təşkili, istedadlı gənclərin müəyyən edilib bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluğunun təmin edilməsi əsas vəzifələrimizdən olmuşdur.
Hesabat ili ərzində 88 rayondaxili idman yarışları keçirilmiş, bu yarışlar 3857 nəfər idmançını əhatə etmişdir. Rayon İcra Hakimiyyəti, Gənclər İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə fəaliyyəti nəticəsində idmançılarımızın 10 zona, 24 Respublika və 17 beynəlxalq yarışlarda iştirakı təmin edilmişdir. Zona yarışlarında 3 qızıl, 2 bürünc, Respublika yarışlarında 17 qızıl, 13 gümüş və 8 bürünc; beynəlxalq yarışlarda isə 10 qızıl, 6 gümüş, 2 bürünc medal qazanılmışdır.
Zona, Respublika və beynəlxalq yarışlarda qalib gələn idmançılarla bir qayda olaraq görüşlər keçirilir, onların hər bir müvəffəqiyyəti təqdir olunur.
İsmayıllı Olimpiya İdman Kompleksi rayonda idmançı gənclərin yetişməsində və onların fiziki hazırlığının inkişafında məqsədyönlü iş aparır. Hesabat ilində Kompleksdə 175 gün ərzində 86 adda təlim-məşq toplantısı və idman yarışları keçirilmişdir. 2014-cü ildə Şahmat Olimpiadası İsmayıllı Olimpiya İdman Kompleksində keçirilmişdir. Kompleks səmərəli fəaliyyətinə görə Milli Olimpiya Komitəsi tərəfindən diplomla təltif olunmuşdur. Rayonda həyata keçirilən layihələrdə gənclər daha fəal iştirak edirlər. 2014-cü ildə rayon gəncləri ilə 50-dən çox tədbir keçirilmişdir. Zona və Respublika tədbirlərində, müsabiqə və yarışlarda, intellektual oyunlarda, “Cəsurlar” və “Şahin” hərbi idman oyunlarında İsmayıllı gəncləri fərqlənmişlər. Azərbaycan Televiziyasında yayımlanan “Mən Azərbaycanlıyam” milli intellektual bilik yarışmasında 10 nəfər fəal gəncimiz iştirak etmiş, İlkin Hüseynov qalib gəlmişdir. “İstedadların hazırlığı laboratoriyası” layihəsində rayonun 4 nəfər istedadlı gəncinin iştirakı təmin olunmuşdur. Avqust ayında Binəqədi gəncləri ilə İsmayıllı gənclərinin görüşü keçirilmiş və həmin ayda Dünya gənclərinin İsmayıllıya səfəri olmuşdur. Rayonda ictimai və qeyri-hökumət təşkilatları ilə rayon gənclərinin “Gec qalmayın, gənc qalın”, “Hüquq insan üçündür”, “Məişət zorakılığına yox, erkən nikaha son”, və s. mövzularında seminar və treniqlər keçirilmişdir. “Xəmsə” Milli İntellektual oyunun final yarışında rayonun 15 nəfərdən ibarət komandası iştirak etmişdir. Qeyd etmək istərdik ki, gənclərin təşkilatlanması onların intellektual səviyyəsinin yüksəldilməsi, rayonun sosial-iqtisadi inkişafında iştiraka cəlb edilməsi, məşğulluğunun artırılması, dil öyrənmələri, innovativ biliklərə yiyələnmələri ilə bağlı görülmüş işlər 2015-ci ildə də davam etdirilməli, fərqlənən gənclərin irəli çəkilməsinə onlara məsul işləri həvalə edilməsinə, təhsilli və bilikli gənclərin işlə təmin olunmasına diqqət artırılmalıdır. Rayonda gənclər siyasəti ilə bağlı problemlər, qarşıda həyata keçirilməsi vacib olan hələ çox məsələlər mövcuddur. Gənclər siyasətinin həyata keçirilməsində düşünülmüş sistem, ideoloji zəmin, yaradıcı münasibət inkişaf etdirilməlidir. Müxtəlif ali məktəbləri bitirən və rayona qayıdan, ordudan tərxis olunan gənclər ixtisas və bacarıqlarına uyğun fəaliyyət növünə cəlb olunmalıdır. Onları işlə təmin etmək üçün rayonda müxtəlif istehsal müəssisələrinin yaradılması əsas vəzifələrimizdəndir. Hörmətli yığıncaq iştirakçıları, iqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili RİH-nin gündəlik diqqətində olmuşdur. İdeya-siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülür. Rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılır, bütün yaşayış məntəqələrini, əhalinin müxtəlif təbəqələrini əhatə edir. Ölkədə həyata keçirilən sosial, iqtisadi və xarici siyasətin nəticələri əhali arasında geniş təbliğ olunur. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında rayonda səkkiz təbliğat qrupu yaradılmışdır. Hər ayın əvvəlində təbliğat mövzuları müəyyənləşdirilir, qrafik hazırlanır və qrup rəhbərlərinə çatdırılır. Yerlərdə, idarə və müəssisələrdə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasi kursun təbliği aparılır, səfərləri, çıxış və məruzələri barədə əhali məlumatlandırılır. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır, normal, işgüzar şərait formalaşır, yeni-yeni layihələrin icrası, abadlıq və quruculuq işləri davam etdirilir. Rayonda “Heydər Əliyev idarəetmə məktəbi” də məhz bu düşüncənin nəticəsi olaraq yaradılıb. Ötən müddətdə məktəbin ayda bir dəfə məşğələsi keçirilmiş, ulu öndərin zəngin irsi, çoxistiqamətli strategiyası bu məşğələlərdə dərindən öyrədilmişdir.
Məktəbin müdavimlərinin əsas hissəsini gənclər təşkil edir. Heydər Əliyev Mərkəzində XI sinif şagirdləri üçün “Heydər Əliyev açıq dərsləri” təşkil olunmuş, 500 nəfərə yaxın şagirdi ulu öndərin həyat və siyasi fəaliyyətini daha dərindən öyrənmişlər. 11 nəfər qabaqcıl tarix müəllimi açıq dərsləri tədris etmişdir. Dərslər 2015-ci ilin may ayına kimi davam edəcəkdir.
Rayonda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İsmayıllı bölməsi yaradılmışdır.
Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən üç ekspozisiya zalı, kitabxana, elektron kitabxana, kompüter kabineti, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi fəaliyyət göstərir. İdeoloji işin gücləndirilməsini təmin etmək üçün Mərkəzin imkanlarından səmərəli şəkildə istifadə edilir. Mərkəzdə rəssamlıq, şahmat, heykəltəraşlıq, aviamodelizm, ingilis dili, məktəbəqədər hazırlıq və kompüter dərnəkləri fəaliyyət göstərir. 2014-cü ildə Mərkəzdə 40-dan çox tədbir keçirmiş, tədbirlərə ümumilikdə 4125 nəfər cəlb olunmuşdur. 2014-cü ildə Mərkəzi 12 mindən çox ekskursiyaçı, o cümlədən 200 nəfərdən çox xarici ölkə vətəndaşı ziyarət etmişdir.
Əsaslı təmir olunmuş və yenidən qurulmuş “Şəhidlər xiyabanı” davamlı olaraq ziyarət edilir. Keçən il şəhərin Nizami küçəsində “Soyqırımı” xatirə kompleksi ucaldılmış , bura bir çox tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır. 86 ilk partiya təşkilatını birləşdirən YAP İsmayıllı Rayon Təşkilatının üzvləri 7895 nəfərə çatmışdır və bölgədə ən güclü siyasi qüvvə kimi fəaliyyət göstərir. 2014-cü ildə 289 nəfər partiya sıralarına qəbul olunmuşdur ki, onların da 72 faizini gənclər, 46,3 faizini qadınlar təşkil edir. Üzvlərin 2173 nəfəri ali təhsillidir. Rayonda yaşayan azsaylı xalqlar partiya sıralarında geniş təmsil olunurlar. 614 nəfər ləzgi, 343 nəfər rus, 68 nəfər kürd, 37 nəfər tat, 10 nəfər isə qeyri-millətin nümayəndəsi partiya təmsilçisidir. Partiyanın Qadınlar şurası və Gənclər birliyi aktiv fəaliyyətləri ilə fərqlənirlər.
Rayonda 5 qeyri-hökumət təşkilatı-“Babadağ” Xeyriyyə Cəmiyyəti, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi, “Sağlam Uşaq Dünyası” İctimai Birliyi və “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyi fəaliyyət göstərir. Uşaq və Ailələrə Dəstək Mərkəzi 05 yanvar 2011-ci il tarixdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verilmiş və bu vaxtdan müstəqil fəaliyyətə başlamışdır. 2014-cü il ərzində 92 xüsusi qayğıya ehtiyacı olan ailə ilə iş aparılmışdır. Təşkilatın başlıca vəzifəsi problemli ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərini həll etmək, ailələrini gücləndirmək, yaşayış səviyyələrini yüksəltməkdən ibarətdir. İl ərzində Mərkəzə 473 müraciət olmuş, problemli ailələrlə ardıcıl iş aparılmışdır. Mərkəzdə nitqi qüsurlu uşaqlarla iş təşkil olunmuşdur. 485 nəfər qadın bu mərkəzdən faydalanmışlar. Ailələrə 42 səfər edilmişdir. Erkən nikaha yox deyək devizi altında 10-dan çox tədbir keçirilmişdir.
İsmayıllıda əsil tolerantlıq hökm sürür. Dinlərə, müxtəlif milli və dini qruplara münasibətdə 15 İslam təmayüllü dini icma təkrar qeydiyyatdan keçmişdir. Qeyri-ənənəvi dini cərəyanlara mənsubların fəaliyyətinə ciddi nəzarət olunur, “Dini Etiqad Azadlığı Haqqında Azərbaycan Respublikası Qanunu”nun tələblərinə ciddi şəkildə gözlənilir. Rayonda fəaliyyət göstərən dini icmalar, axund və imamlar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DK-nın, Qafqaz Müsəlmanları İdarəsinin, Rayon İcra hakimiyyətinin həyata keçirdiyi dövlət və din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə işi, tolerantlıq, ənənəvi İslam dəyərləri və s. tədbirlərdə yaxından iştirak edirlər. Dini bayram və ayinlər tələblərə uyğun icra olunur. 2014-cü ilin aprel ayında rayonda DQİDK-nın “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda, “Elm yurdu sosial araşdırmalar ictimai birliyi” RİH ilə birgə, “Tolerantlıq -əxlaqi davranış və mədəniyyət məsələsi”, Uşaq hüquq aylığı ilə əlaqədar “İslamda uşaq hüquqları” və s. mövzularda konfrans və yığıncaqlar keçirilmiş rayonda mövcud dini-durum və problemlərin həlli yolları müzakirə olunmuşdur.
Rayonda 1200 tirajla ayda 2 dəfə nəşr olunmaqla “İsmayıllı xəbərləri” qəzeti fəaliyyət göstərir. Qəzet maraqlı və məzmunlu sayları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzetin nəzdində “Dağ çiçəkləri” ədəbi dərnəyi fəaliyyət göstərir. Bu il üçün əlamətdar olan hadisələrdən biri də “İsmayıllı Yazarlar Birliyi”nin yaradılmasıdır.
Rayonumuzda ordu sıralarına çağırış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılır. 2014-cü ildə “Azərbaycan Respublikasında Hərbi Xidmətə Çağırışın Əsasları haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq hərbi xidmətə çağırış planı 100 faiz yerinə yetirilmişdir.
Ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi-hazırlıq dərslərinin tədrisi keyfiyyətinin yüksəldilməsinə, hərbi-idman oyunlarının keçirilməsinə, hərbi yönümlü ali və orta ixtisas məktəblərinə qəbula diqqət artırılmışdır. Silahlı qüvvələrin tam hərbi ixtisaslı çağırışçılarla komplektləşdirilməsi məqsədilə hər birində 30 nəfər olmaqla ildə iki dəfə sürücü-çağırışçı qrupları hazırlanmışdır.
Hesabat dövründə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əsaslı işlər görülmüş, qanun pozuntularına qarşı mübarizə tədbirləri gücləndirilmişdir.
İl ərzində İsmayıllı rayon prokurorluğunda cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir sıra tədbirlər görülmüşdür. Digər hüquq mühafizə orqanları ilə yaradılmış işgüzar münasibətlər nəticəsində rayonda ictimai sabitlik, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması təmin edilmişdir. Aparılan məqsədyönlü əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində rayonda əməliyyat şəraiti daim nəzarətdə saxlanmış, 89 ümumi cinayət hadisəsi qeydə alınmış, onlardan 76-sının açılması təmin olunmuşdur. Tamamlanmış işlər üzrə açılma faizi 98,7 faiz olmuşdur. Cinayət






Fikirlər