BƏLƏDİYYƏ TORPAĞINA 50 min manatlıq ziyan dəydi, İŞ Baş Prokurorluğa GÖNDƏRİLDİ

Bələdiyyə torpağına 50 min manatlıq ziyan dəydi, iş Baş Prokurorluğa göndərildi

Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolu kökdən çıxarılaraq məhv edilib, 588 kub metr həcmində qum qazılaraq aparılıb, 600 kub metr həcmində münbit torpaq qatı korlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, faktlar nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı aşkarlanıb.

Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.






Fikirlər