ELMAR MƏMMƏDYAROV ən çox dil bilən müavinini TƏQDİM ETDİ

Ramiz Həsənov xarici işlər nazirinin müavini kimi işə başladı

Xəbər verildiyi kimi, ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Bununla da xarici işlər naziri Elmar Məmmədyarovun müavinlərinin sayı 6-ya çatıb. İndiyədək onun 5 müavini var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov. M.Məmmədquliyev 1993-cü ildən nazir müavinidir. A.Əzimov 1994-cü ildən  indiyə kimi xarici işlər nazirinin müavinidir. X.Xələfov isə 1997-ci ildən bu vəzifəni tutur. H.Paşayev  2006-cı ildən  bu postdadır. Elmar Məmmədyarov 3 xarici dil - ingilis, rus və türk dillərini bilir. Nazir müavini Araz Əzimovun bildiyi 4 xarici dil var - ingilis, fars, rus və türk dilləri. Nazir müavini Xələf Xələfov iki xarici dil bilir - alman və rus. Digər 3 müavin Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov da hərəyə iki xarici dil bilir - ingilis, rus dilləri.

Yeni nazir müavini Ramiz Həsənova gəldikdə, o, öz nazirindən daha çox xarici dildə danışır - ingilis, rus, türk və gürcü dilləri (mənbə: modern.az). 

Elmar Məmmədyarov ən çox dil bilən müavinini ile ilgili görsel sonucu

Mayın 22-də xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, Xarici İşlər Nazirliyinin (XİN) idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.

İclasda xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb. Elmar Məmmədyarov toplantıda həmçinin prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici siyasət yürütdüyünü qeyd edərək dövlət başçısı tərəfindən XİN-in qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb. İclasda 2019-cu ildə Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illik yubileyinin olduğu qeyd olunub.

Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub. 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərib.

1997-2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub. Nazir müavininin qardaşı Dursun Həsənov isə 2016-cı ildən Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiridir. XİN-in saytında isə R.Həsənov hələ də müavinlər siyahısına daxil edilməyib.






Fikirlər