Elman Rüstəmov günah və məsuliyyəti çiyinlərində hayana daşıyır?

Elman Rüstəmov günah və məsuliyyəti çiyinlərində hayana daşıyır?Ölkənin valyuta bazarının sarsılmasında xidmətləri ilə yadda qalmış baş bankir gərək unutmasın ki, onun özü də oliqarxların "tilovundadır"

Bir neçə gün öncə ölkənin valyuta bazarında yaranmış növbəti ajiotaj deyəsən, birtəhər ötüşdü. Baxmayaraq ki, dolların yoxa çıxması fonunda milli valyutamız son dərəcə məzlum durumdaydı.Bu məzlumluq bizcə Azərbaycan manatına yaraşmır. Ən azı ona görə ki, Tanrı bu ölkəyə neftin kifayət qədər bahalı bazarında necə deyərlər, bir "bababoyu" vermişdi. Bu imkandan istifadə etməklə ölkə iqtisadiyyatının neftdən asılılığının heç olmasa, bir neçə faiz azaldılmasına kifayət qədər imkan və vaxt vardı.

Digər tərəfdən, ölkənin valyuta ehtiyatları özünün belə deyək, pik nöqtəsində gəlirli sahələrə yatırımlarını gözləyirdi. Nə baş verdi? Bizcə,ölkəmizin maliyyə və bank sistemində əməlli-başlı fiasko baş verdi.İqtisadiyyatın canlandırılmasına ayrılan çoxmilyardlıq kreditlərin səsi-sədası ayrı-ayrı kredit milyarderlərinin xaricdəki valyuta hesablarından gəldi. Ölkə iqtisadiyyatı, xüsusən də aqrar sektor gözlədiyi sərmayələrəin çox cüzi bir hissəsini ala bildi, vəssalam. Bütün bu kreditləşmələr əslində şəbəkələşmiş məmur mafiyasının xeyrinə işləyirdi. Bugünkü acı təcrübə dil açıb bunu deyir. Və heyf ki, bütün bu neqativlər Mərkəzi Bankın İdarə Heyətinin sədri, tanınmış bankir-oliqarx Elman Rüstəmovun susqun şahidliyi fonunda baş verib.Əslində, bir qədər dərinə gedəndə sezmək olar ki, Mərkəzi Bankın nəzarətindəki neft pullarının düzgün idarə olunmaması və bu cür acı nəticələrə gətirib çıxarması Elman Rüstəmovu bilavasitə müqəssir statusuna bağlayır. Baş bankirimiz 20 ilə yaxındır ki, bu strateji dövlət qurumunun rəhbəridir. Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli (Mərkəzi) Bankın əsas idarəçisi statusunda vəzifəsinin icrasına başlayıb.Bundan sonra Elman Rüstəmov daha 4 dəfə baş bankirliyə əsas namizəd kimi təsdiqlənib.Sonuncu dəfə onu bu il Mərkəzi Bankın İdarə Heyətinin sədri seçiblər.Özü də ölkənin valyuta ehtiyatlarına külli miqdarda ziyan dəydikdən sonra...Belə çıxır ki, ən qısa zamanda milyonlarla xarici valyutanın ölkədən operativ şəkildə çıxarılmasında Elman Rüstəmovun günahı yoxdur? Amma bir məqamı da unutmayaq ki, Elman Rüstəmovu baş bankir kimi qoruyub xalqa sırıyanların arasında oliqarxlar xüsusi çəkiyə malikdir. Həlledici səs də elə onların sərəncamındadır. Ölkənin valyuta sistemini sarsıtmış mənfur "fevral çöküşü"ndən bir neçə saat öncə teleekranlardan xalqı sakitliyə səsləyərək narahat olmayın deyən Elman Rüstəmov deyildimi? Bu adamın gözləri qarşısında o müdhiş günlərdə Azərbaycan xalqına və dövlətinə milyardlarla dollar ziyan dəysə də, bir oliqarxın,bir imkanlı məmurun da kefi sozalmadı. Demək,belə çıxır ki, Mərkəzi Bankın İdarə Heyəti sədrinin böhranlı şəraitlərdə əsas vəzifəsi milyarderlərin sərvətlərinin hər vasitə ilə mümkün itkilərdən mühafizə edilməsinin təminatı olub. Bəs, bir neçə günün içərisində son manatından belə məhrum edilən milyonlarla sadə vətəndaş kimə etibar etməliydi? Ən dəhşətlisi odur ki, ölkənin valyuta bazarını bürümüş xaos bugünün özündə də davam etməkdədir.Mərkəzi Bankın rəhbəri isə yenə də əvvəlki ovqatla sakitliyini zahirən qoruyub saxlamağa çalışsa da, daxili fırtınaların məngənəsində əməllərinin əziyyətini çəkməmiş deyil və bu mənada gərək unutmasın ki, onun özü də oliqarx mafiyasının "tilovundadır". Bu gün ölkənin valyuta bazarında sabitliyin bərqərar olması üçün Mərkəzi Bankın rəhbərliyi demək olar ki, heç bir addım atmır. Mövcud xaotik situasiya həqiqətən fırtınadan öncəki sükutu xatırladır. Valyuta bazarına mənfi təsir göstərən daxili və xarici amillərin qarşısı alınmasa, manatın payızadək çökə biləcəyi proqnozu gerçəkləşə bilər.

Elman Rüstəmov üçün bu proqnozlar heç nəyi həll etməsə də, Azərbaycan valyutasının gələcəyinin təhlükə altında olduğunu bu gün heç bir mütəxəssis inkar edə bilməz. Mütəxəssislərin Mərkəzi Bankın "Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalar"ı sərtləşdirməsinin vacibliyini önə çəkməsinə baxmayaraq Elman Rüstəmov bu irada demək olar ki, heç bir reaksiya vermir. Mərkəzi Bankın rəhbərliyi yaranmış şəraitdə ilk növbədə ölkədən xaricə valyuta axınına sədd çəkmək barədə düşünməlidir.Bununla bağlı normativ sənədlərdə bəzi məhdudiyyətlər yer alsa da, yetərli sayılmır. Elman Rüstəmova bu məsələ ilə bağlı iradlar çox olub. Lakin Mərkəzi Bankın İdarə Heyətinin sədri hər dəfə eyni cavablarla məsuliyyəti öz üzərindən atmağa, hər kəsin xaricdəki valyuta hesabına pul köçürmək hüququna hörmətlə yanaşıldığını önə çəkib. Lakin br dəfə də olsun ölkədə daxili valyuta bazarının sabitləşdirilməsi və mövcud böhranlı situasiyada nəzarətdə saxlanması üçün rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimində yeniliklərin tətbiq olunması barədə təkliflərə dəstək verməyib. Nəticədə ölkəmiz uzun illər ərzində ilk dəfə çox qəliz bir situasiya ilə üzləşməli olub.Fikir verin, ölkəmizin valyuta ehtiyatları son bir neçə ayda az qala yarıbayarı azalıb. Bunun günahını və məsuliyyətini Elman Rüstəmov çiyinlərində hara aparır? Bəlkə o da haçansa, vaxt tapıb bir səhər ölkəni pay-püşlə tərk edəcəyinə ümid bəsləyir? Xeyr, biz istəmirik ki, Mərkəzi Bankın prezidentinin adını "İnterpolun" axtarış portallarında oxuyaq. Elman Rüstəmov bu ölkəyə hələlik lazımdır,hələlik. Ona görə lazımdır ki, qaynatdığı "qazanın" sirlərindən onun özündən başqa baş açan olmayacaq. Həm də ona görə lazımdır ki, bir gecəyə havaya sovurduğu "kazyonnı" milyardların hesabını sormağa Elman Rüstəmovdan savayı ikinci məsul şəxs yoxdur. (gündelikbakı)


(Ardı var)






Fikirlər