"Süfrələrin bəzəyi olan broyler toyuqları təhlükə mənbəyidirmi?" - EKSPERT AÇIQLADI

Böyük Britaniyada jurnalist Morland Sandersin apardığı və telekanallardan birində yayımlanan gizli araşdırma supermarketlərdə satılan toyuq ətinin insan orqanizmi üçün olduqca təhlükəli bakteriyalarla dolu olduğunu üzə çıxarıb. Bu səs-küylü araşdırma barədə “The Daily Express” nəşri yazıb, jurnalist aydınlaşdırıb ki, supermarketlərdə satılan toyuqlar təhlükəli bakteriyaların mənbəyidir. 

 

 Bəs görəsən Azərbaycanda satılan broyler toyuqları nə qədər keyfiyyətlidir? Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az -a danışıb: 

"Baxmayaraq ki, satış şəbəkələri bu toyuqların tam təhlükəsiz olduğuna inandırmağa çalışır... Azərbaycanda da broyler toyuqları geniş şəkildə istehsal olunur. Broyler toyuqları nə dərəcədə təhlükəlidirlər?Azərbaycan və dünya istehlakçıları bilməlidirlər ki, kapitalizm cəmiyyətində böyük global qurumların, hətta ÜST və bu qəbildən olan bir çox nüfuzlu təşkilatların insanların uzunömürlülüyünə, sağlamlığına dair çağırışların 90 faizi siyasi məqsəd güdür və qətiyyən səmimi deyillər. İnsanın uzunömürlü, sağlam yaşaması onun özünə və ailəsinə lazımdır. Heç bir ölkənin baş naziri istəmir ki, onun ölkəsində 80 faiz pensioner olsun. Bu, kapitalizm cəmiyyətinin bazar iqtisadiyyatının mahiyyətindən doğan bir fikirdir. Yəni, bütün dünyada təhlükəli qidaların insanlara satılması məsələsi var. Dövlətlər bu cür qidaları insanlara yedirməyə çalışır ki, inqilablar, ixtişaşlar baş verməsin və s. Biz insanların sağlamlığını qoruyuruq kimi çağırışlar arxa planda qalan məsələlərdir. Sözsüz ki, broyler toyuqlarının yetişdirildiyi fermalarla bağlı problemlər bütün dünyada yaşanır. Şübhəsiz ki, bu məsələ Azərbaycandan da yan keçməyib. Lakin bunları tədqiq edən laborotoriyalar varsa da onların tədqiqlərinin nəticələri gizli saxlanılır. Biz onu da bilməliyik ki, gözəl iqlimi olan Azərbaycanın ən yüksək dağ kəndində belə toyuqlara dərman vermədən, antibyotik vurmadan onları yetişdirmək mümkün deyil. Yəni, toyuq xəstəlikləri ən uca dağ kəndlərinə belə gedib çatıb. Broyler fabriklərinə gəldikdə isə burada ciddi baytar nəzarəti var və toyuqlara baytar dərmanları vurulur. Bu dərmanlar da nəticədə insan orqanizminə gəlib çıxır. Azad İstehlakçılar Birliyində broyler toyuqları ilə bağlı olan yeganə məlumat toyuqların genetik modifikasiya olunmuş yemlərlə bəslənilməsi məsələsidir. Bizə bu da məlumdur ki, hətta ən müasir marketlərdə hətta sellafona bürünmüş, markalanmamış guya kənd toyuqları adı altında broyler toyuqları satılır. Düşünürəm ki, əhali bu toyuqların istehlak edilməsi ilə bağlı da diqqətli olmalıdır. Əhali bu cür toyuqlara da aldanmasın. Bəzi broyler fabriklərində bəzən elə olur ki, bir gecədə 50-60 min toyuq xəstəlikdən ölür. Belə toyuqları da bəzi broyler fabrikləri təəssüflər olsun ki, satışa çıxarırlar. Ona görə də kiçik çəkili broyler toyuqları ilə də diqqətli olmalıdırlar. Toyuq alarkən onun son istifadə tarixinə, saxlanma şəraitinə diqqət yetirməlidirlər. Əgər, hər hansı bir problemlə rastlaşarlarsa 1003 qaynar xətti ilə AQTA-ya məlumat vermələrini tövsiyyə edirəm". 






Fikirlər