"Bütün dünya Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərini heyranlıqla izləyir"

 IMG_2756

Cənab Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış etmişdir.
Ölkə Başçısı nitqində bir çox önəmli məqamlara diqqət çəkmişdir. İlk öncə cənab Prezident qeyd etmişdir ki, 2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Əlbəttə, bu tədbir mədəniyyət paytaxtımız olan Şuşa şəhərinin dünyada təbliğ olunması baxımından əlamətdar hadisədir.
Bu fikirləri Milli Məclisin üzvü Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor ELDAR QULİYEV deyib.
Deputat açıqlamasında bildirib ki, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Ermənistanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər- deyən millət vəkili  ELDAR QULİYEV  bildirib ki, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. Əlbəttə, sülh müqaviləsinin imzalanması regionun inkişafı, dayanıqlı sülhün təmin olunması və regionda yaşayan xalqların rifah halının yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlarla yanaşı, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini uğurla həyata keçirir. Bütün dünya ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq işlərini heyranlıqla izləyir. 
 
Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
 
Millət vəkili ELDAR QULİYEV   xüsusilə vurğulayıb ki, cənab Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycanın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusunda olduğunu bildirib. Əlbəttə, bu olduqca mühüm bir məqamdır. Məlum olduğu kimi, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var. Əminliklə deyə bilərik ki, gələcəkdə bu mühüm tədbirə də ölkəmiz uğurla ev sahibliyi edəcək. Millət vəkili ELDAR QULİYEV  belə deyib.
"AzerTaym.az"

 

 
Ad - 00:10

 

 

 

   
   
 
 






Fikirlər