Dövlət FİTOSANİTAR Nəzarəti Xidməti – İSLAHATLAR SÜRƏTLƏNİR

Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verməkdədir. Birmənalı olaraq demək olar ki, bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin üzərinə də bu istiqamətdə xüsusilə mühüm vəzifələr düşür.

Qeyd etmək lazımdır ki, yanvar ayının 21-də Dövlət Fitosanitar Nəzarəti Xidmətində sahibkarlarla keçirilən görüşdə Xidmətin rəisi Camal Quliyev ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsinə dair Republika Prezidenti İlham Əliyevin irəli sürdüyü tələb və tövsiyyələrin həyata keçirilməsi yönümündə də rəhbərlik etdiyi qurumun üzərinə düşən vəzifələrdən, eləcə də ictimaiyyəti maraqlandıran bir çox digər məsələlərə dair ətraflı açıqlamalar təqdim etmişdi. Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı əsasında son illər Dövlət Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması zərərli orqanizimlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli labaratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkminləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atılıb.

Bu arada belə bir məqama da diqqət yetirmək lazımdır ki, son vaxtlar Dövlət Fitosanitar Nəzarəti Xidmətinin məhsuldar və səmərəli xidməti bəzi mənsəbpərəst, ambisioz qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Əldə etdiyimiz məlumatlara görə, bir müddət əvvəl hətta nazir postuna sahiblənmək iddiasında olmuş konkret şəxslər tərəfindən istiqamətləndirilən bu qüvvələr, son vaxtlar bəzi kütləvi informasiya vasitələrinin səhifələrində Azərbaycana GMO (geni mutasiya olunmuş) əsaslı gübrələrin, həmçinin qida üçün yararsız olan məhsulların gətirilməsinə dair əsassız, dezinformasiya xarakterli məlumatlar yaymaqla, Dövlət Xidmətinin fəaliyyətini şübhə altına almağa səylər göstərirlər. Lakin sahibkarlarla keçirilən görüşdə bu məsələyə toxunmaqla, Camal Quliyev irəli sürülən ittihamların tamamilə əsassız olduğunu və yeganə olaraq ictimai rəyi azdırmaq məqsədi güddüyünü tutarlı dəlillərlə isbatladı. Belə ki, Xidmətin rəisi son vaxtlar KİV-lərdə ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığı və ərzaq kartofu kimi əhaliyə 20 dəfə bahasına satıldığı, eyni zamanda da başqa ölkələrdə, əsasən heyvandarlıqda yem kimi istifadə olunan 4-cü və 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlara münasibətini bildirdi. Qeyd olundu ki, Azərbaycana bu vaxta qədər idxal olunan kartofun hamısı ərzaqlıq sortlardır. 2015-ci ildə Azərbaycana 120799 ton kartof məhsulu idxal olunub ki, bunun da 119857 tonu ərzaq kartofu, 942 tonu isə toxumluq kartofdur.Ölkəyə yalnız Azərbaycanın dövlət reyestrlərinə daxil edilmiş və istehsalatda istifadəsinə icazə verilmiş kartof sortları gətirilir. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə texniki və yemlik kartof sortlarının idxalı ilə əlaqədar heç bir müraciət daxil olmayıb. İstehlak bazarında texniki və yemlik kartofun ərzaq kartofu kimi təqdim olunması ilə bağlı yayılan məlumatların isə heç bir əsası yoxdur. Camal Quliyev həmçinin idxal edilmiş buğda və un məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 2015-ci ildə 71 halda zərərli orqanizmlərin aşkar edildiyini və müvafiq fitosanitar tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq,sahibkarları, ümumi işin xeyrinə, birgə fəaliyyətə dəvət etdi: “Cari illərdə istehsal və idxal edilən bitki bə bitkiçilik məhsullarının, pestisidlərin və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinə nəzarətin gücləndirilməsi istiqamətində ciddi addımlar atılacaq. Hər bir sahibkar da öz fəaliyyət sahəsi üzrə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmalı, şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsində dövlət orqanlarına dəstək göstərməlidir”.

Eyni zamanda da qeyd etmək lazımdır ki, ötən il Ədliyyə Nazirliyinin çıxarışı əsasında pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus 75 obyektdə Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılıb. Yoxlamalar zamanı İmişli rayonunda “MikroAzFeed” MMC-yə məxsus anbarda 3850 ton superfosfat gübrəsinin idxal icazəsi olmadığı və keyfiyyət göstəriciləri mövcud standartlara uyğun gəlmədiyi üçün satışı dayandırılıb və tətbiq normasına müvafiq düzəlişlər edildikdən sonra istifadəsinə icazə verilib.

Həmçinin respublikanın müxtəlif regionlarında bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr satılan mağazalarda qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş 114 adda 788 kiloqram/litr preparat aşkar edilərək dövriyyədən çıxarılıb və satışı qadağan edilib. “Maksimal Kapital” MMC tərəfindən ölkəyə gətirilən, Türkiyənin “Cansa Kimya” şirkətinin istehsalı olan 39 adda preparatın (17095 kiloqram) və fiziki şəxs Cəlal Telman oğlu Bağırov tərəfindən gətirilən, Çinin “Shehzhen Andamao İmport and Export Co Ltd” şirkətinin istehsalı olan 2 adda preparatın (9520 kiloqram) dövlət qeydiyyatından keçmədiyini və sözügedən şirkətlərin xüsusi razılığı (lisenziya) olmadan fəaliyyət göstərdiyini nəzərə alaraq, qeyd olunan preparatların geri qaytarılması üçün müvafiq tədbirlər görülüb.

Bütün bunlar bir daha deməyə əsas verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin səmərəli fəaliyyəti ölkəmizdə aqrar sahənin, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına kifayət qədər böyük tövhələr verməkdədir.

Azər Abdul.

 

 

 






Fikirlər