Etibar Pirverdiyevin MÜKAFATI... - ÖZƏL!

 “Etibar Pirverdiyev SOCAR-a uduzdu

O, Azərbaycan mətbuatında ən çox ittiham hədəfinə çevrilən məmurlardan biridir. Üstəlik, ittihamlar quru sözdən yana keçmir, arxasında heç bir fakt dayanmır, təxəyyül məhsulu olmaqdan başqa heç nə ifadə etmir...

Amma qəribədir ki, indiyədək ünvanına yağdırılan böhtanların, qarayaxmaların heç birinə məhkəmə dili ilə cavab verməyib, ona qarşı “qara piar”a görə ədalət mühakiməsinə baş vurmaq və mətbuatı hüquq müstəvisində cəzalandırmaq istəməyib – baxmayaraq ki, buna kifayət qədər haqqı və əsası olub!

Bu mənada əslində KİV-in ona təşəkkür borcu var. Gəlin etiraf edək: haqqında bu qədər yalan və böhtan yazılan hansı məmur, hətta inkişaf Avropa ölkəsində belə, dözüm nümayiş etdirərdi? Odur ki, ən azı KİV-ə qarşı tolerant davranışına görə onu yeni dövrün tələblərinə, standartlarına cavab verən ALİ DÖVLƏT MƏMURU kimi xarakterizə etmək mümkündür.

Söhbət “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevdən gedir.

Sədaqətlə peşəkarlığın vəhdəti

Haqqında müxtəlif media orqanlarının inadla mənfi ictimai rəy yaratmağa çalışmasına baxmayaraq, cəmiyyətdə Etibar müəllim haqqında formalaşmış qəti bir fikir var. Bu onun həm hazırki siyasi komandanın ən sadiq, eyni zamanda ən peşəkar üzvlərindən biri olduğuna dair oturuşmuş ictimai qənaətdir.

Birincisi, artıq 15 ildir ki, ölkənin ən əhəmiyyətli, strateji qurumlarından birinə - “Azərenerji”yə rəhbərlik etməsi Etibar müəllimə dövlət rəhbərliyinin yüksək etimadının, hazırki siyasi kursa sədaqətinin və bağlılığının nəticəsidir.

İkincisi, gəlin razılaşaq ki, onun haqqında bəzi KİV-lərin sözün həqiqi mənasında ağlına və ağzına gələn formada qələmə aldıqlarının heç olmasa bircə faizi həqiqəti əks etdirsəydi, artıq cənab Pirverdiyev çoxdan vəzifəsi ilə vidalaşmış olardı. Bu da Etibar müəllimin nə qədər peşəkar, məsuliyyətli, dövlətin və xalqın maraqlarını öz iş prinsipinə çevirən vəzifə sahibi olduğunu göstərir. Ölkə rəhbərliyinin onun qarşısında qoyduğu vəzifələri məsuliyyətli şəkildə, professionallıqla yerinə yetirməsi Etibar müəllimin öz sahəsinin sirlərinə vaqif olduğunu göstərməklə bərabər, idarəçilik keyfiyyətlərini də əyani şəkildə nümayiş etdirir.

Gəncliyə etimadın təntənəsi

Etibar Pirverdiyev “Azərenerji” rəhbəri təyin edilərkən cəmi 37 yaşında idi və bu, o vaxt üçün nadir hadisə sayıla bilərdi. Bu qədər strateji postun gənc bir kadra həvalə edilməsi həm də ölkə rəhbərliyinin yeni dövrün tələblərinə yeni peşəkarlarla cavab vermək istəyini ifadə edirdi.

Sonrakı illərdə biz yüksək dövlət vəzifələrinə gənc kadrların təyin edilməsi hallarının artdığını gördük. Fikrimizcə, gənc kadrlara etimadın bu qədər yüksəlməsində Etibar Pirverdiyevin ona göstərilən etimadı doğrultmasının mühüm rolu oldu. Dövlət və cəmiyyət Etibar müəllimin timsalında cavan mütəxəssislərin öz işinin öhdəsindən gələ biləcəyinə inandı, bu inam da sonrakı dövrlərdə daha neçə-neçə kadrın yüksək postlara təyinat almasında mühüm faktora çevrildi.

Adı kimi – ETİBARlı!

Etibar Pirverdiyevin ali dövlət məmuru olaraq, ən üstün cəhətlərindən biri haqsız ittihamların, ədalətsiz hücumların hədəfinə çevrilməsinə baxmayaraq ona olan ETİBARın itirilməsinə imkan verməməyi bacarmasıdır. Haqlı sual yarana bilər: bəs o bunu necə bacarıb?

Elə son bir neçə ayda biz nə qədər yüksək vəzifəli şəxs barədə ifşaedici faktlarla, hadisələrlə rastlaşdıq. Onların bir hissəsi vəizfədən uzaqlaşdırıldı, xeyli hissəsi isə illər uzunu törətdikləri qanunsuz əməllərin cəzası olaraq, hazırda həbsxana həyatı yaşayırlar. Belələri ölkə rəhbərliyinin onlara İNAMından, GÜVƏNindən, ETİMADından sui-istifadə edərək, başqa xam-xəyallara düşənlərdir.

Etibar Pirverdiyev isə hazırki hakimiyyət komandasının o üzvlərindəndir ki. heç vaxt başqa ambisiyalara düşməyib, hansısa maraqlar toqquşmasının iştirakçısına çevrilməyib, sadəcə, başını aşağı salıb onun qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə və dövlət başçısının ETİMADını, İNAMını,ETİBARını  qorumağa çalışmaqla kifayətlənib. Elə bu da onun haqqında heç bir bəlağətsiz, şişirtməsiz “ali dövlət məmuru” kimi danışmağa imkan verir.

Yalançının yaddaşsızlığı

Əslində bu yazını qələmə almaq qərarına gəldikdə belə düşünürdük ki, Etibar müəllimin ünvanına uzun illərdən bəridir səslənən haqsız ittihamlar barədə heç nə yazmayaq, sadəcə olaraq, ümumi sözlərlə, həmin “ittihamların” quru söz yığını” olmasını qeyd etməklə kifayətlənək.

Axı istənilən böhtan və iftiranın ən yaxşı cavabı görülən işdir. Bu gün ölkənin işıq təsərrüfatının 15-20 il öncə ilə müqayisədə müsbətə doğru nə qədər dəyişdiyini, yeniləşdiyini, müasir standartlar səviyyəsinə qalxdığını görmək yetər ki, Etibar Pirverdiyev və rəhbərlik etdiyi səhmdar cəmiyyət haqqında qarayaxmalaraın havadan asılı qaldığına, qara qəpik qədər qiymətinin olmadığına əmin olasan.

Amma sonradan ataların müdrik bir sözünü xatırladıq: “Yalançının yaddaşı olmaz”. Odur ki, bəzilərinin hafizələrini təzələmək üçün bircə faktı xatırlatmaq ehtiyacı hiss etdik. Etibar müəllimə, onun rəhbəri olduğu “Azərenerji”yə qarşı “ittihamlardan” biri son 10 ildə istər dövlət büdcəsindən ayrılan, istərsə də xarici kreditorlardan cəlb olunan vəsaitlərin guya düzgün xərclənməməsi ilə bağlıdır. Görünür, belələri uzağa getməyək, hətta 2000-ci illərin əvvəllərində Bakının özündə və ətraf kəndlərində belə elektrik enerjisinin verilməsindəki fasilələri unudublar. Ya da onlara “unutmaq” sərf etdiyi üçün yaddaşları “buz bağlayıb”.

Bu gün isə Azərbaycanın ən ucqar kəndlərində belə fasiləsiz elektrik enerjisi verilir. Və təkcə bu faktın özü haqqında danışılan vəsaitlərin nə qədər səmərəli, təyinatı üzrə xərcləndiyinin, ölkənin işıq təsərrüfatınıln necə möhkəmləndirildiyinin, modernləşdirildiyinin əyani sübutudur.

Bilirik, bir çoxları “yalan mərəzi”nə elə yoluxub ki, hətta bu yazdıqlarımızdan sonra da öz yalanlarını davam etdirəcəklər. O ümidlə ki, bəlkə yalanları ayaq açdı və yeridi!

Bununla belə, qətiyyən şübhə etmirik ki, elin gözü tərəzidir və xalq ardıcıl aparılan “qara piar” kampaniyasına baxmayaraq, “Azərenerji”nin ötən illər ərzində hansı böyük uğurlara imza atdığının fərqindədir.

Və sonda:

Bu gün qlobal iqtisadi böhranın təsirlərinin Azərbaycanda da hiss edildiyini, eyni zamanda bəzi məmurların onlara göstərilən etimaddan sui-istifadə etməyə çalışmasının, üzdə özlərini dövlətə və dövlətçiliyə bağlı göstərib amma arxada yüz cür oyundan çıxmasının ifşa olunduğunu nəzərə aldıqda bir həqiqət daha yaxşı nəzərə çarpır:

Etibar Pirverdiyev kimi dövlətə, hakimiyyətə və onun rəhbərinə sadiq, etibarlı, eyni zamanda da öz işinin peşəkarı olan kadrlara ehtiyacımız həmişəkindən daha çoxdur. Vicdanlı mətbuat orqanlarının isə vəzifəsi hansısa cılız maraqlardan çıxış edib belə sədaqətli və işbilən kadrları ləkələməyə çalışmaq yox, onları örnək göstərmək olmalıdır. Ən azı ona görə ki, başqa vəzifəli şəxslər də görsünlər: kim ki, dövlətin və onun rəhbərliyinin etimadını öz şəxsi maraqları üçün istismar edir – onun yeri hakimin qarşısıdır, zindandır, hansı ki, belələrini son aylarda az görməmişik.

Amma kim də həqiqətən dövlətin və xalqın maraqları üçün çalışır, ölkə başçısının göstəriş və tapşırıqlarının yerinə yetirilməsi üçün əlindən gələni edir, onun da mükafatı illər keçsə belə, yenə vəzifəsində saxlanılması, əvvəlki kimi, ona etibar, inam, güvən bəslənilməsidir – Etibar Pirverdiyev kimi!

O, öz fəaliyyəti ilə sübut edir ki,SƏDAQƏT və PEŞƏKARLIQ heç vaxt ÖDÜLSÜZ qalmır!!!

Azər Abdul.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər