Əsas Səhifə > Sosial > Ermənilər Bakıya niyə axışır? -

Ermənilər Bakıya niyə axışır? -


10-11-2016, 13:37

"Erməni hüquq müdafiəçilərinin Bakıya gəlişləri İrəvanın stereotiplərini dağıtdı”.

Bu sözləri BakiPost.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistanın hazırki və keçmiş 3 vətəndaşı - Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və "Meridian" Qeyri-hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyanın Bakıya gəlməsini şərh edərkən deyib. E.Şahinoğlu bildirib ki, erməni hüquq müdafiəçilərinin Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirak etməsi xüsusi əhəmiyyətə malik idi: "Öncə, hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyat statusuna razı olduqlarını dedilər. Bu, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın "Sputnik” agentliyinə verdiyi son müsahibədə "Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər” fikri ilə də üst-üstə düşür.

İkincisi isə Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Bu, Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırım törətməsinin etirafı idi.

Üçüncü tərəfdən isə Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sarkisyanın Ermənistanı uçuruma apardığını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər”.

Politoloq hesab edir ki, erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu piar-gedişidir: "Ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri Ermənistan hakimiyyətinin illərdir apardığı "azərbaycanlılar bütün ermənilərə nifrət edirlər, ona görə də iki xalqın Qarabağda birgə yaşayışı mümkün deyil” təbliğatını alt-üst etdi. Azərbaycanlılar bütün ermənilərə nifrət etmirlər. Azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını qəbul edən, o cümlədən Xocalıda soyqrımını baş verdiyini etiraf edən ermənilərlə ünsiyyət qurmağa və onları Bakıya dəvət edib müxtəlif konfranslarda iştirak etməsinə şərait yaratmağa hazırdırlar. 3 erməni fəalın Bakıya gələrək konfransda çıxış etmələri İrəvana o dərəcədə təsir edib ki, Ermənistanın heç bir mediası bu haqda xəbər yaymayıb. Məsələ burasındadır ki, ermənilərin Bakıya gələrək "Dağlıq Qarabağ əvvəllər olduğu kimi Azərbaycanın tərkibində olmalıdır və bununla iki dövlət normal münasibətlər qurmalıdırlar” demələri Ermənistanın siyasi dairələrində şok effekti yaradıb. Çünki, Ermənistan hakimiyyəti artıq qorxmağa başlayacaq ki, Bakıya gələn ermənilər kimi düşünənlər az deyil və onlar da gələcəkdə Bakıya gələn ermənilərə qoşula bilərlər. Ermənistanda başqa ermənilər də var ki, Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını mümkün sayırlar, sadəcə repressiyaya uğrayacaqlarından bunu açıq deməyə qorxular. Bunun əksi mümkün deyil. Azərbaycanın hətta hakimiyyətə qarşı ən qatı müxalif olan fəalı İrəvana gedib "Dağlıq Qarabağ müstəqil və ya Emənistana aid olmalıdır” deməz. Rəsmi Bakının bu siyasəti genişləndirməsinə ehtiyac var. Ermənistanda Sarkisyana qatı müxalif olan fəallar çoxdur. Dağlıq Qarabağın Ermənistana yük olduğunu dərk edən həmin fəallarla da dialoq qurmağa ehtiyac var. Doğrudur, onlar Dağlıq Qarabağla bağlı qəti fikir söyləməkdə çətinlik çəkirlər, ancaq onlar da bilirlər ki, Azərbaycanla müharibə şəratində yaşamaq Ermənistanı uçuruma aparır”.

E.Şahinoğlu qeyd edib ki, Bakıya gələn ermənilərin açıqlamaları beynəlxalq aləmə və həmsədr dövlətlərə də ciddi mesajdır: "Mesaj isə ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan ermənilər separatçıların hərbi-siyasi təzyiqi altında olmasalar, onlar Azərbaycanın tərkibində yaşamağa hazırdırlar. Çünki onlar anlayırlar ki, daima Azərbaycanla müharibə qorxusu altında yaşamaq olmaz. Bütün hallarda onlar bu müharibədə qalib olmayacaqlar, Azərbaycan isə heç bir halda Dağlıq Qarabağın "müstəqilliyinə” seyrçi qalmayacaq.

Digər tərəfdən hazırki şərtlər daxilində Dağlıq Qarabağda referendum keçirmək mümkün deyil. Çünki, separatçıların nəzarəti altında keçirilən referendumda ermənilərin sərbəst fikir bildirmələri onların həyatı üçün riskdir. Məhz bu risk səbəbindən Bakıdakı konfransda iştirak edən 3 ermənidən ikisi fikirlərini sərbəst bildirdiklərinə görə Ermənistan hakimiyyətinin təzyiqi ilə üzləşib və xaricdə sığınacaq alıblar”.

 


Geri qayıt