Əsas Səhifə > Sosial > “Müşfiqdən bir sətir bilməyənlər hay-küy salıblar” -

“Müşfiqdən bir sətir bilməyənlər hay-küy salıblar” -


28-02-2017, 16:29

Dünən Mikayıl Müşfiqin büstünün yerindən götürülməsi cəmiyyətin bütün təbəqələrində narazılıqla qarşılandı. Mədəniyyət Nazirliyi "Azəravtoyol” ASC-ni kəskin tənqid edərək, hətta məhkəməyə üz tutacağını elan etdi. Daha sonra isə məlum oldu ki, əslində, heykəl dağıdılmayıb. Sadəcə olaraq həmin ərazidə abadlaşdırma işləri aparıldığından heykəl anbarda saxlanılır. Bu gün isə sözügedən ərazidə yeni park salınacağı, Mikayıl Müşfiqin abidəsinin də parkın mərkəzində qoyulacağı açıqlandı.

BakiPost.az məsələ ilə bağlı bir nüçə tanınmış şəxsin mövqeyini öyrənib.

Millət vəkili Fazil Mustafa saytımıza açıqlamasında deyib ki, Müşfiqin büstü olan yerdə yol infrastruktunda dəyişiklik olduğu üçün abidənin götürülməsi məqsədəuyğundur:

 

 

 "Azərbaycan cəmiyyətində və insanların qəlbində Müşviqin xatirəsinə həssas münasibət var. Onun büstü olan yerdə yol infrastruktunda dəyişirilik olduğu üçün abidənin götürülməsini məqsədə uyğun hesab edirəm. Çünki xalqın sevimlisi olan Müşfiqin abidəsinə elə bir yerin seçilməsi və qəbirüstü abidəyə bənzəyən heykəlin özü Müşfiqin adına və ruhuna edilmiş ən böyük hörmətsizlik idi. O abidə və yer Müşfiqin adına layiq deyildi”.

Fazil Mustafa maraqlı bir təklilə də çıxış edib: "Sovet kəşfiyyatçısı Fridrix Zorgenin Azərbaycan üçün yeganə dəyəri onun təsadüfən Bakıda doğulması olub və abidəsinin gətirib belə bir yerdə qoyulması düzgün deyildi. Elə Zorgenin abidəsi olan yerdə Müşfiqin heykəlini ucaltmaq daha düzgün olardı. Ümumiyyətlə Azərbaycan cəmiyyətində qəribə olan budur ki, Bakını erməni qırğınından xilas edən, işğaldan azad edən Nuru Paşaya heykəl qoyulmamasını bir vəfasızlıq kimi qiymətləndirmirik, amma müəyyən şəxslərin abidəsinin qoyulmamasına etiraz və narazılıq ifadə edirik. Mən təklif edərdim ki, elə Zorgenin heykəli olan yerdə Müşfiqin abidəsi uçaldılsın.

 Millət vəkili Fəzail İbrahimli də həmkarı kimi abidənin daha əzəmətli və daha gözəgəlimli şəkildə ucaldılması təklifi ilə çıxış edib:

 

 

 "Ümumiyyətlə ortada hələ heç bir şey yoxdu, kim nə gəldi danışır. Yalnız işin nəticəsindən sonra fikir bildirmək olar. Azərbaycanda geniş quruculuq işləri gedir. Şəhərin hər yerində quruculuq-abadlıq işləri aparılır. Müşfiqin adına layiq olmayan yerdə o kiçik bağın bir küncünə sıxılımış heykəlinin ləğv edilməsində narahatlığa qətiyyən heç bir əsas yoxdur. Dəqiq mənbələrdən aldığım məlumata əsasalanaraq əminliklə bildirirəm ki, şəhərin görkəmli yerində Müşdiqin adına layiq olan əzəmətli abidə ucaldılacaq”.

Keçmiş təhsil naziri Firudin Cəlilov isə son günlər böyük söz-söhbətə səbəb olmuş bu məsələdən narahatlıq keçirdiyini dilə gətirib və insanları bir az səbrli olmağa çağırıb:

 

 

 "Müşfiqin abidəsi ətrafında bilib-bilmədən söz-söhbət, hay-küy baş alıb gedir. Qətiyyən bu barədə pis düşünüb kimləri isə günahlandırmaq olmaz. Məndə olan məlumata görə, Mikayıl Müşfiqin abidəsinin olduğu yerə yaxın bir restoran var, insanlar yeyib-içdikdən sonra gecələr abidənin ətrafını murdarlayırdılar. Bu dahamı yaxşıdır? Yol infrakstrukturunun dəyişməsi və abadlıq işlərinin aparılması ilə bağlı bu heykəlin götürülməsi əslində alqışlanası haldır. Çünki xalqın sevimli oğlu Mikayıl Müşfiqə Sovet dövründə seçilmiş olan o kiçik və diqqətdən kənar qalmış ərazidə abidə qoyulmasının özü, bu gənc yaşında dünyasını dəyişib repressiya qurbanı olmuş şairin ruhuna bir hörmətsizlik olub. Mən əminəm ki, yolun təmiri ilə əlaqədar bu heykəlin yeri dəyişdirilib daha gözəl bir yerdə Müşfiqin adına layiq olan ərazidə abidə ucaldılacaq. Təmir-tikinti işlərini görən insanlar da bizim vətənin oğullarıdır. Onlar heç də sosial şəbəkələrdə hay-küy qoparanlardan az sevmir ölkəsini. Ona görə bir az səbrli olub gözləmək lazımdır. Abadlıq işi bitsin və deyilənlər olmasa o zaman irad və şikayətlərini etsinlər. İş yeni başlayıb, biz isə görülən işə balta vurmaqla məşğuluq”.

Şair-yazar İlqar Fəhmi isə hesab edir ki, bəziləri sanki mövzu qıtlığından bu kimi məsələlərlə şou yaradırlar:

 

 

 "Əslində bu məsələ insanların həssas nöqtəsidir, ona görə də belə mövzularda şou yaratmağa çalışanlar böyük səhvə yol verirlər. Mikayıl Müşfiqin abidəsinin yerinin dəyişdirilməsi məsələsinə müsbət yanaşmaq lazımdır. Bu məsələ şəhərin memarlıq strukturlarının və digər aidiyyəti olan orqanların işidir. Onlar seçib hansısa bir parka Müşfiqin adını verib, həmin yerdə onun abidəsini ucalda da bilərlər və ya öz yerində yenidən daha gözəl abidə də qoya bilərlər. Düzdür, Müfiqin abidəsi olan yer park olmasa da yol kənarı bir yer olduğu üçün tanınırdı. Mənim günahlandırdığım KİV-dir, dəqiq məlumat əldə etmədən məsələni şişirdib nələrsə yazırlar. Bir zaman Vahidin heykəlini də Filarmoniya bağından götürəndə hay-küy qaldırmışdılar, sonradan İçəri şəhərə keçirdilər. Müşfiqin heykəli ətrafında hay-küy salan adamlardan xəbər alsanız görərsiniz ki, Müşfiqin bir sətir şerini də bilmirlər. İndi durub belə şou yaratmağın bir mənası varmı?”

 

 

Yazıçı Seyran Səxavət isə Müşfiqin yüzminlərlə insanın qəlbində abidəsi olduğunu deyib:

 

 

 "Bu söz-söhbəti mən də eşitmişəm. İnsanlar çox səbirsizdir. Bir az gözləyək, işlər yekunlaşsın və görək nə olur. Hər kəs bilməlidir ki, yüzminlərlə insanın qəbində Mikayıl Müşfiqin abidəsi var. Həmin abidəni dağıtmaq mümkün deyil. O ki qaldı abidənin götürülməsinə, inanıram ki, ətraf işlər bitəndən sonra heykəl yerinə qoyulacaq. Amma mən də Fazil Mustafa ilə razıyam. O düz deyir, o abidə və o yer ona yaraşmır. Dörd yol ayrıcında, tozun torpağın içində Mikayıl Müşfiq yaşaya bilməz. Çünki o ölü deyil, hələ də yaşayır. Orda heç kim yaşaya bilməz. Məsələdən məlumatı olmayanların səs-küy salması da ona bənzəyir ki, bilmirlər qazanda bişən nədir, bir çömçə də mənə ver deyirlər. İnsanları bir az səbirli olmağa çağırıram. Mikayıl Müşfiqin o abidəsini görmüşdüm, o kişinin daha böyük və əzəmətli heykəli olmalıdır. Bu abidəni ordan, həmin o tozun-torpağın altından götürməklə bəlkə onun da ruhunu şad ediblər. Əgər bu addım atılıbsa, daha ciddi yanaşılmalıdır məsələyə. Düşünürəm ki, Müşfiqin heykəlini onun özünə layiq olan bir yerdə və layiq olan şəkildə ucaldacaqlar. Bunu hətta müzakirəyə çıxarıb gözəl yer də seçmək olar. Fazil Mustafanın Zorge bağında Müşfiqə heykəl qoyulması fikrini də bəyəndim. Ən azı ona görə ki, Zorge Mikayılın bir sətir şerini də yaza bilməyib və yaza da bilməzdi. Müşviq həm də tale baxımından bu xalqa yaxındır. Mikayıl Müşfiq bizim həssas yerimizdir. O öz dəyərini xalqın ürəyində tapıb, amma şəhərdə də yerini tapmalıdır. Bakının ən gözəl yerlərindən birində onun abidəsi ucalmalıdır."


Geri qayıt