Əsas Səhifə > Sosial > Zahid Oruc:
Zahid Oruc:18-03-2017, 13:25 |
Milli Məclisin deputatı Zahid Oruc dünən keçirilən plenar iclasda çıxış edib. Deputat çıxışı zamanı bir çox məsələlərə toxunub. Onun Baş nazir Artur Rasizadəyə guya sualla xitab etməsi ilə bağlı parlamentdən hazırlanmış reportajlarda yayılmış fikirlərə aydınlıq gətirməyə çalışdıq. Zahid Oruc Modern.az-a açıqlamasında deyib ki, Baş nazir Artur Rasizadəylə bağlı manşetlərə daşınan fikirlər gerçəkdən təəssüf doğurur. “Hökumətin Milli Məclisdə hesabatı zamanı toxunduğum məsələlər dövlətçilik mənafelərini hədəf seçməklə ötən illərdə əldə olunmuş uğurları, həmçinin 2016-cı ildə yaşanan çətinlikləri özündə əks elətdirib. Parlamentarizmin açıq diskussiya və debatlardan ibarət olduğunu nəzərə alaraq, obyektiv dəyərləndirmələrin və təhlillərin üzərində qurulmuş hər bir fikri millətimiz üçün faydalı saymaq olar. O üzdən, büdcə vəsaitlərinin qənəat rejimində xərclənməsi, şəffaflıq tədbirləri, idxaldan asılılığın aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, qeyri-neft iqtisadiyyatına keçidin çətinlikləri, iki devalvasiya nəticəsində maliyyə-bank sektoru və vətəndaşlar arasında meydana çıxan fors-major situasiyası, dövlət zəmanətli kreditlərin xərclənməsindəki durum və kənd təsərrüfatı məhsulların ixracı üçün qonşu dövlətlərin istehlak məkanının hədəfdə saxlanması, digər mühüm məsələlər toxunduğumuz problemlərin xalqımız üçün nə qədər önəm daşıdığını təsdiq edir. Baş nazir Artur Rasizadəylə bağlı manşetlərə daşınan fikirlər isə gerçəkdən təəssüf doğurur. Çünki parlament vestübülü mediamızın hər bir millət vəkilinin fəaliyyətini yaxşı izləməsi üçün yüksək tribuna olduğundan, təhrif olunmuş xülasələr və çarpıcı fikirlər hər bir çıxışın özəyini, mahiyyətini qiymətləndirməkdə çətinlik yaradır. 11 dəqiqəlik çıxışımdan düzəldilən xəbər məhsulu, kiminsə vəzifəsindən getməsi çağırışı ilə bağlı ictimai fikrə çıxarılan sensasiya dərviş Məstəli şahın Parisi dağıtmasına olan inam qədərdi”. Deputat onu da qeyd edib ki, Artur Rasizadə uzun illərdir ki, dövlətə sədaqətlə və yüksək siyasi mədəniyyətlə xidmət edir. Xatırladaq ki, dünən mətbuat deputat Zahid Orucun Baş nazir Artur Rasizayə xitabla dediyi aşağıdakı fikirləri önə çıxarıb: “Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görüb. Siz prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Bəs siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu prezident bilir. Amma növbəti Baş nazir sizin xususiyyətlərinizi özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq...”.
Geri qayıt |