Əsas Səhifə > Sosial > AZƏRBAYCANDA niyə İSTEFA
AZƏRBAYCANDA niyə İSTEFA3-04-2018, 12:47 |
Rusiyada 64 nəfərin ölümü ilə nəticələnmiş yanğından sonra Kemerovo vilayətinin qubernatoru könüllü istefa verdi. Aman Tuleyev dövlət başçısı Vladimir Putinə göndərdiyi istefa ərizəsinin ardından yaydığı videomüraciətdə qərarı özü üçün doğru, məntiqli, yeganə düzgün addım hesab etdiyini bildirib. O, “belə bir ağır yüklə qubernator postunda qalmaq olmaz, mənəvi olaraq mümkün deyil”, deyə vurğulayıb. Qonşu ölkənin rəhbər vəzifədə əyləşənlərinin sərigələdiyi bu nümunəni görəndə istər-istəməz “bizdə niyə istefa mədəniyyəti formalaşmayıb” sualına cavab axtarırsan. Yəni bizdə bu tip hadisələr olmur? Bəlkə 2015-ci ildə Binəqədi rayonu ərazisindəki çoxmərtəbəli binadakı yanğın zamanı ölən 15 nəfər, yaralanan 65 nəfər bizdən deyildi?... Yoxsa Xətai rayonundakı digər çoxmərtəbəli binadakı yanğın Azərbaycanda olmayıb? Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Moden.az-a deyib ki, yaxın keçmişdə Azərbaycanda könüllü istefa verənlər olub: “1993-cü ildə hərbi qiyamdan sonra kütləvi istefaların şahidi olmuşduq. Çünki hakimiyyət bu qiyamın qarşısını ala bilməmişdi. Vaxtilə Vəfa Quluzadə, Tofiq Zülfüqarov, Eldar namazov könüllü olaraq istefa veriblər. Sizinlə tam razıyam və təəsüf edirəm ki, istefa mədəniyyəti Azərbaycanda geniş yayılmayıb. Bunun da bir sıra səbəbləri var. Bu həm ənənələr, həm də dövlətçilik tarixilə bağlı məsələdir. 1918-1920-ci illərdə bizim qısamüddətli dövlətçilik tariximiz olmuşdu. O zaman istefa mədəniyyəti açıq şəkildə görünürdü. Cümhuriyyət dövründə hökumət bir neçə dəfə istefa vermiş, yenidən təşkil olunmuşdu. Bolşeviklər Azərbaycanı zəbt edəndən sonra ölkədə tamam yeni qaydalar tətbiq olundu. Kommunistlərin dövründə Azərbaycanda o ideologiya formalaşdı ki, kimsə tutduğu vəzifədən istefa verə bilməz. Yəni bu, mümkün deyildi. İstefanın verilməsi birbaşa həmin şəxslərin həbsinə gətirib çıxarırdı. Mərhum Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının sədrliyindən istefa verməsindən sonra ona qarşı təzyiqlər artdı. Yəni rejim istefa verilməsi zamanı təhlükəsizliyi təmin etmirdi. Müstəqillik dövründə də kiçik fraqmentlər şəklində istefaların şahidi olduq”.
Geri qayıt |