Əsas Səhifə > Sosial > Doğuş zamanı körpəsini itirən anadan ŞOK İDDİA:
Doğuş zamanı körpəsini itirən anadan ŞOK İDDİA:20-08-2018, 16:52 |
Azərbaycanda daha bir körpə ölümü baş verib. 26 yaşlı Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb. Gənc qadın Baku.ws-ə açıqlamasında normal hamiləlik keçirdiyini və hamiləliyin sonuncu həftəsində xəstəxanaya müraciət etdiyini bildirir: "Hər ay həkim müayinəsindən keçmişəm. Heç bir problemim olmayıb. Həkim normal doğuşun vaxtını avqustun 12-nə təyin etmişdi. Mənim sancılarım 1 gün əvvəl, 11 avqustda başladı. 7 saylı Doğum Evinə getdim. Normal doğuş üçün problem olduğunu söylədilər, lakin məni evə buraxmadılar. Həyat yoldaşıma doğuşu asanlaşdıran dərman aldırdılar, onun da xeyri olmadı. Sancılarım dözülməz olduğundan qeysəriyyə əməliyyatı istədik. Hətta anam qışqırıqlarımı eşidib, həkim Səbinə Baharzalovaya dedi ki, nə sənəd lazımdırsa verin, imzalayaq, qızımı əməliyyata salın, təki qızım belə əziyyət çəkməsin. S.Baharzalova anama və mənə barmağını silkələyərək qışqırdı ki, mənə göstəriş verməyin, nə etmək lazımdırsa, özüm bilirəm. Normalda həkim vəziyyətimə görə qeysəriyyə əməliyyatına qərar verməli idi. Mənim və körpəmin həyatını riskə atmamalı idi". A.Sadıqovanın sözlərinə görə, həkim doğuşu təhqirlərlə həyata keçirib: "Dediyim kimi, sancılarım dözülməz idi və hər dəfə ağrıdan qışqıranda məni təhqir edirdi. Qışqırırdı ki, doğa bilmirsən, abort etdirərdin, niyə uşaq istəyirsən? Söyüşlərə heç bir reaksiya vermirdim. Tək istəyim uşağımı sağ-salamat qucağıma almaq idi. Gecə 3-ün yarısında süni doğuş həyata keçirdilər. Doğuşun vaxtı uzandıqca söyüşlərdən zərbələrə keçdilər. Səbinə Baharzalova söyə-söyə dirsəyilə qarnıma zərbələr vururdu. Uşaq sağ doğuldu, amma ağlamadı. Oğlumu sinəmə qoydular, nəfəs alırdı. Sonra məndən alıb oksigen verdilər. 45 dəqiqə sonra oğlumun öldüyünü xəbər verdilər. Soruşdum ki, niyə? Öz qulağımdan eşitdim ki, dirsəklərilə vuranda uşağın ciyərləri əzilib və açılmayıb. Bilirsiz ölüm səbəbini mənim özümə nə dedilər? Dedilər ki, sən sancı çəkəndə "Ay Allah, mənə ölüm ver" dediyin üçün uşağın öldü".
Geri qayıt |