Əsas Səhifə > Sosial > “Kənd təsərrüfatı istehsalı və emalı məhsullarının ixracı

“Kənd təsərrüfatı istehsalı və emalı məhsullarının ixracı


23-10-2018, 08:58

 

 

a0f3963d-bd3a-422e-a0b1-634b1aa2ddb4“Son 15 ildə ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi isə 2,6 dəfə artıb”.“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ixrac potensialının genişləndirilməsində qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişafı xüsusi önəm kəsb edir: “Görülən işlərin nəticəsində aqrar sektorun davamlı inkişafı təmin olunub, bu ilin 9 ayında istehsal 4,3 faiz, kənd təsərrüfatı istehsalı və emalı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir”.

Ş.Mustafayev deyib ki, respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir:“Bu çərçivədə 330 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında 5 aqropark istifadəyə verilib. Bundan başqa, Qaxda 2100 hektarda heyvandarlıq, əkinçilik və bağçılıq, Tovuzda 550 hektarda heyvandarlıq və əkinçilik, 12 min hektarda taxılçılıq, Salyanda 3 min hektarda heyvandarlıq və əkinçilik, Hacıqabul və Şamaxı rayonlarında 4300 hektarda heyvandarlıq və əkinçilik, Samuxda 5 min hektarda taxılçılıq, Hacıqabulda 27 min hektarda əkinçilik və 2 min hektarda heyvandarlıq və əkinçilik, Füzulidə 2500 hektarda taxılçılıq, Kürdəmirdə 2 min hektarda əkinçilik, Ucarda 2100 hektarda heyvandarlıq və taxılçılıq, Ağcabədidə 5 min hektarda əkinçilik və Qazaxda 1000 hektarda kartofçuluq olmaqla, ilin sonunadək 69 min hektar ərazidə 13 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsal və emal olunması, ümumilikdə, 10 minədək yeni iş yerinin yaradılması proqnozlaşdırılır”.

Nazir qeyd edib ki, məhsuldarlığın artırılmasında, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsində suvarma suyu ilə təminat vacib faktordur: “Aqrar sektorun inkişafında xüsusi rolu olan meliorativ tədbirlərin davam etdirilməsi, strateji əhəmiyyətli və iri kapital tutumlu su anbarlarının tikintisi nəticəsində hər il minlərlə hektar torpaq sahələri əkin dövriyyəsinə cəlb olunur. 2018-ci ildə sərəncamlarınızla ayrılmış dövlət əsaslı vəsaitlər hesabına əkin sahələrinə suvarma suyunun çatdırılması üçün magistral kanalların inşası və meliorativ tədbirlərin həyata keçirilməsi davam etdirilir. Araz çayının yeni qol-kanalı vasitəsilə Saatlı, İmişli və Biləsuvar rayonlarında 53 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun çatdırılması təmin ediləcək. Bu məqsədlə müvafiq sərəncamlarınızla dövlət əsaslı vəsait qoyuluşundan təqribən 80 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatının potensialının reallaşdırılmasına göstərdiyiniz daimi diqqət və qayğıya cavab olaraq, sahibkarlar tərəfindən bu rayonlarda yeni aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasına 450 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır. Bu layihələr çərçivəsində yeni torpaqların istifadəyə verilməsi nəticəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin yaradılması, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun və digər bitkilərin əkilməsi həyata keçiriləcək. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur. Bu işlərin görülməsi 5000-dək yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı bu təsərrüfatlarda hər il 180 milyon manatdan çox məhsul istehsalı gözlənilir. Bu da kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də ixrac qabiliyyətinin artırılmasına töhfə verəcək. Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə dövlət 10 milyon manat güzəştli kredit ayırıb və iki aqroparkın ümumi dəyəri 16 milyon manat olan layihələrinə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib”.


Geri qayıt