Əsas Səhifə > Sosial > Bayraq günü Ağdamda qurulan toy, insanların qələbə arzusu
Bayraq günü Ağdamda qurulan toy, insanların qələbə arzusu10-11-2019, 20:44 |
Parlament Jurnalistlər Birliyi (PJB) illərdir davam etdiyi ənənəsinə sadiq qaldı – bu il də bölgələrdə Dövlət Bayrağı Günü ilə özünün möhtəşəm aksiyasını keçirdi. Birlik üzvlərinin bir qrupu respublikamızın Aran Qarabağ və Gəncəbəsar bölgəsinə səfər etdi, Bərdə, Ağdam, Tərtər, Goranboy və Göygöl rayonlarında yaşayan sakinlərlə görüşüb bayramı onlarla birgə qeyd etdilər. Bayram ovqatında olan PJB üzvləri aksiyanı Azərbaycanın qədim paytaxt şəhərlərindən birindən, Nüşabə yurdu Bərdədən başladılar. Təbii olaraq əvvəlcə Azərbaycan qadınının qəhrəman nümayəndələrindən biri, XII əsrdə Bərdənin hökmdarı olmuş Nüşabənin şəhər mərkəzində qoyulmuş abidəsini ziyarət etməyi özümüzə mənəvi borc bildik. 1992-ci ildə heykəltəraş İsaxan Məmmədxanlı tərəfindən hazırlanan və yalnız deputat Zahid Orucun təşəbbüsü ilə 2012-ci ildə emalatxana küncündən götürülüb şəhər mərkəzinə qoyulan abidənin qarşısında xoş duyğular keçirdik. Yaxınlıqdakı skamyada oturub qəbul imtahanına hazırlaşan yeniyetmə ilə maraqlı söhbətimiz oldu, onu bayraqla təbrik etdik. Bir anlıq elə hesab etdik ki, Nüşabənin də ruhu şaddır bu, Bayraq günümüzdə...Ancaq bundan sonrakı müşahidələr bizi xəyal qırıqlığına uğratdı. Bu barədə az sonra. Qeyd edək ki, PJB üzvləri rayonunun mərkəzində-bir neçə məkanda olaraq, yerli sakinlərə bayraq paylayıb, onlarla, xüsusilə, azyaşlı uşaqlarla, məktəblilərlə bayraq, Dövlət Bayrağı Günü ilə fikir mübadiləsi apardılar. Azyaşlı məktəblilərdən bir neçəsi bayrağa həsr olunmuş şeir ifa edib və alqışlandılar. Lakin Bərdə kimi önəmli və tarixi bir bölgədə Dövlət Bayrağı Gününün olduqca sönük keçməsi, nəinki digər ünvanlarda, yol kənarlarında, meydanlarda, hətta dövlət binalarının üzərində, qarşısında üçrəngli bayrağımızın gözə dəyməməsi üzücü idi. Rayon İcra Hakimiyyətinin binası yaxınlığındakı hündür dirəkdən isə bayrağın asıldığını yalnız diqqətlə boylanıb baxanda görə bildik. Bayraqla dirək arasındakı uyğunsuzluq isə onu görünməz eləmişdi. Bərdə RHİ-nin qarşısından əllərimizdə bayraqlar keçərkən mülki geyimli bir şəxs yaxınlaşıb “başçı soruşur ki, onlar kimdir və niyə gəliblər”, deyə, bizi yolumuzdan saxladı. Ona izah etməyə çalışdıq ki, “əvvəlcə qonağa “xoş gəldiniz” deyərlər. Sonra da başçıya deyin, heç olmasa milli bayram günündə bayrağımıza diqqət yetirsin, biz gəldi-gedərik”. Eyni zamanda PJB üzvləri rayona səfərin məram-məqsədi barədə məlumat verməyi özlərinə borc bildilər. Görünür elə yerli rəhbərliyin münasibətinin nəticəsiydi ki, jurnalistlərin bayrağımızı hədiyyə etmək istədiyi bəzi sakinlər də laqeydliklə uzaqlaşmağı üstün tuturdular. Hər halda, belə bir durumla üzləşmək çox üzücü idi. Güman ki, yerli sakinlərin bayrağımıza sayğısızlığı onların üzləşdiyi sayğısızlığın məntiqi nəticəsiydi. Görünür, yerli rəhbərlik ölkə başçısının “xalqın xidmətçisi olmaq lazımdır” xəbərdarığını doğru-düzgün əxz edə bilməyib...Yeri gəlmişkən, jurnalist həmkarlarım elə operativ şəkildə bu durumla bağlı Bərdənin deputatı 93 saylı Bərdə şəhər seçki dairəsinin deputatı Gövhər Baxşəliyevanı və 94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Zahid Orucu məlumatlandırdılar. Ümid edirik ki, deputatlar məsələni hərtərəfli araşdıracaqlar. Bərdədən sonra PJB üzvləri ərazisinin 70 faizindən çoxu erməni işğalında olan, birinci Qarabağ müharibəsində minlərlə şəhid verən qəhrəman Ağdam bölgəsinə, Quzanlıya və məcburi köçkünlər üçün salınmış İmamqulubəyli kəndi ərazisində salınan şəhərcikdə oldular. Burada olarkən PJB üzvləri döblət bayrağına yerli sakinlər, məcburi köçkünlər tərəfindən səmimi və sayğılı münasibətlə üzləşdilər. Parlament jurnalistlərinin gəlişindən xəbər tutan yerli icra hakimiyyətinin nümayəndələri də öz münasibəti və diqqəti ilə seçildi. İmamqulubəyli kəndində olarkən öyrəndik ki, məcburi köçkün ailələrinin övladlarının toy mərasimi keçirilir. Odur ki, PJB üzvlərindən bir neçəsi qurumun rəhbəri Elşad Eyvazlı ilə birlikdə toy məclisinə qatılmağa qərar verdi. Bu istəyimizi çatdırdıqda heç bir problemin olmadığını söylədilər. Yeni qurulan ailəni, bəylə-gəlini, onların yaxınlarını, məclis iştirakçılarını həm toy günü, həm Dövlət Bayrağı Günü münasibəti ilə təbrik etdik. Həmçinin Rasim bəyə üçrəngli bayrağımızı hədiyyə bağışladıq. Arzu və niyyət etdik ki, inşallah yeni qurulan ailənin övladı günün birində bu bayrağımızı Ağdam şəhərindəki evlərinin qarşısından assın! Bu arzu-istək bütün məclisin sürəkli alqışları və “amin” sədaları ilə qarşılandı. Böyüklərə gözaydınlığı verdik və “Azərbaycan” mahnısının sədaları ilə toy mağarından, olduqca gözəl hisslər və həm də duyğulanmış halda ayrıldıq. Daha sonra ağdamlıların böyük bir qrupu ilə bir araya gəlib yurd həsrəti ilə yaşayan bu insanlara tezliklə qələbə xəbərini eşitmələrini arzuladıq. Çıxış edən ağsaqqallar belə, Ali Baş Komandan, cənab prezident İlham Əliyevin siyasətini müdafiə etdiklərini, torpaqların azadlığı uğrunda döyüşməyə hazır olduqlarını bildirdilər. Qeyd etdilər ki, bu gün onların yeganə istəyi, bir neçə km-likdəki, düşmən tapdağındakı torpaqların azad olunmasıdır. Ağdamın məşhur “Dördyol” adlanan ərazisindəki qaynar həyatı müşahidə etdikdən sonra bir az qarşıdakı mənzərə səbəbindən kövrək hisslər keçirdik. Burada dəmir yolu “qırılır”, vaxtilə Bakıdan gələn qatarları Xankəndinədək aparan relslərin “gözü” yolda qalıb. Ərazilər işğal olunandan qatarlar da didərgin həyatı yaşayır... Ağdamdan sonraa PJB üzvlərinin növbəti dayanacağı qəhrəman Tərtər rayonu oldu. Cəbhə bölgəsi olan Tərtərdə ilk andan Dövlət Bayrağı Gününün əsl ab-havası əhvalımızı xeyli yüksəltdi. Küçələrdə, rayonun mərkəzi yerlərində, bütün dövlət binalarının üzərində dövlət bayraqları asılmışdı, mərkəzi meydanda müxtəlif mahnılar, marşların sədası yayılırdı. Rayon sakinləri ilə müxtəlif məkanlarda görüşən PJB üzvləri özləri ilə gətirdikləri bayraqları onlara hədiyyə etdilər, gülər üz, xoş sözlərlə qarşılandılar. Bundan sonra Jurnalistlər Birliyinin üzvlərinin cəbhə bölgəsindəki daha bir ünvana, düşmən qarşısında illərdir mətinliklə duruş gətirən Goranboyda səfər etdilər. Nə yaxşı ki, burada da yalnız məmnunluq yaradan bayraq sevgisini müşahidə etdik. Aksiya zamanı yerli sakinlərə, xüsusilə, məktəblilərə bayraq payladıq, onlarla söhbətləşdik. Ən gözəli bu idi ki, bayrağı sevinclə qəbul edən kiçik yaşlı uşaqlar “bu, Azərbaycandır” deyir və Vətənə həsr olunmuş şeirlər söyləmək üçün növbəyə düzülürdülər. Goranboydakı şadlıq sarayında da toy-büsat qurulmuşdu. PJB-çilərin restorana daxil olmaq istəyən bəy-gəlinə bayraqlı təbriki hər kəs üçün gözəl sürpriz oldu... Bayraq aksiyası axşam saatlarında Göygol rayonunda yekunlaşdı. PJB üzvləri rayonun girişində, əllərində Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqlarını dalğalandıran süvarilərlə qarşılaşdılar. Vətənpərvər gənclərlə görüşüb-bayramlaşdıq, xatirə fotosu çəkdirdik, bu cür gözəl təşəbbüslərinə görə onlara təşəkkür etdik. Atlı gənclərimiz də öz növbəsində jurnalistlərə belə bir aksiyaya görə minnətdarlıq etdilər, xoş sözlər söylədilər. Beləliklə, PJB-nin daha bir aksiyası başa çatdı. Ümumilikdə götürsək, üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sayğını müşahidə etdik. Qeyd etdiyimiz istisnalarla yanaşı...Lakin bir məqamı da vurğulamaq lazım gəlir. Yaşlı kişilərin sevgi ilə “mənə iki bayraq verin, nəvələrim dalaşmasın” deməsi nə qədər gözəl səslənirdisə, rayon mərkəzlərindəki sahibkarların “bizə də bayraq verin, asaq” söyləməsi” bir o qədər üzücü idi. Düzdür, onların bəzilərinin istəyini yerinə yetirdik, lakin açıq mətnlə vurğuladıq ki, siz iş adamısınız, müstəqil dövlətimizdə, bayrağımızın kölgəsində iş qurmusunuz, sərbəst fəaliyyət göstərirsiniz. Odur ki, 1-2 manatınızdan keçib “çörək ağacı”nız olan bu obyektlərə bayraq alın, asın! Hər halda, əksəriyyəti iradımızı qəbul etdi. İnanaq ki, növbəti illərdə daha gözəl mənzərənin şahidi olacağıq.
Geri qayıt |