Əsas Səhifə > Sosial > “SÜRÜCÜM YAZIB, MƏN SADİQ OLMUŞAM...” – Deputat

“SÜRÜCÜM YAZIB, MƏN SADİQ OLMUŞAM...” – Deputat


26-10-2021, 23:14

 “Mən başa düşmürəm ki, niyə bəzi insanlar hər şeydə neqativ axtarırlar, fürsətdən istifadə edib, dərhal tənqidə əl atırlar. Mənim telefonumda seçki ilə bağlı şəkillər var idi. Müşahidəylə məşğul olduğum üçün sürücüm şəkilləri sosial şəbəkə səhifəmdə yerləşdirirdi. Paylaşımdakı orfoqrafik səhvlərə də o zaman yol verilib".

"AzPolitika.info" xəbər verir ki, bunları deputat Cavanşir Paşazadə "modern.az"a açıqlamasında bildirib. O, əlavə edib ki, deputat olaraq, həmişə işinin başında, seçicilərinin yanındadır. "Təəssüf ki, bəzi insanlar gördüyümüz işlərə kölgə salmağa çalışırlar. Lakin inanıram ki, yaxşı işlərə mane ola bilməzlər. Mən hər zaman dövlətimə, xalqıma sadiq olmuşam. Hesab edirəm ki, fürsətdən bi cür istifadə edənlər mənim fəaliyyətimə kölgə sala bilməyəcəklər”, - deyə C.Paşazadə vurğulayıb.

Deputat bir başqa açıqlamasında isə (manset.az) məşhur "Facebook" statusu ilə bağlı bunları deyib: “O yazını mən yazmamışam, sürücüm yazıb. Ümumiyyətlə, mən belə işlərlə məşğul olmuram. Bir də ki, mənim sürücüm nə yazıb, bunun kimə nə dəxli var? Təyyarədən indi düşmüşəm, çox danışmayacam. Nə baş verib, salamatçılıqdır?...”

Qeyd edək ki, deputat sürücüsünü özü ilə birgə Özbəkisatan aparıb-aparmadığı barədə sualı cavabsız qoyub.

Xatırladaq ki, Cavanşir Paşazadənin "Facebook" hesabında Özbəkistandakı seçkilərlə bağlı yerləşdirdiyi orfoqrafiq səhvlərlə dolu paylaşımı sosial şəbəkələrdə tənqid və gülüş obyektinə çevrilib. Deputat statusun sürücüsü tərəfindən yazıldığını və buna görə onu işdən çıxardığını deyib, özü isə sözügedən paylaşımı silib.

Qeyd edək ki, deputatın sürücüsünü cəzalandırması xəbəri əks effekt verib və qalmaqalı daha da böyüdüb. Əvvəla, səhvlərlə dolu status deputat Özbəkistanda səfərdə olarkən yazılıb, o bu ölkədə keçirilmiş prezident seçkilərini müşahidə edən parlament üzvlərindən biri olub. Cavanşir Paşazadənin sürücüsünü özü ilə Daşkəndə aparması inandırıcı deyil, hərçənd bu barədə özü də mətbuata təsdiqləyici heç bir açıqlama verməyib.

İkincisi, sürücünün işi deputatın əvəzinə "Facebook"da status yazmaq deyil, buna görə onun cəzalandırılması, işdən çıxarılması əmək qanunverciliyinin kobud şəkildə pozulmasıdır. Əgər doğrudan da sürücü işdən atılıbsa, o məhkəməyə müraciət edib C.Paşazadənin cəzalandırılmasına və işinə bərpa olunmağa nail ola bilər. Eyni zamanda Dövlət Əmək Müfəttişliyi ictimailəşən bu qanun pozuntusuna biganə qalmamalıdır. Söhbət millət vəkilinin əməlindən gedirsə, sözügedən dövlət qrumu qanun pozuntusuna daha həssas yanaşmalıdır. 

Nəhayət, bu gün sosial şəbəkələrdə yayılan skrinşotlar C.Paşazadənin verdiyi açıqlamalarda nə qədər qeyri-səmimi olduğunu təsdiq edir. Belə ki, deputatın əvvəlki paylaşımlarının da orfoqrafik səhvlərlə dolu olduğu görünür. Məsələn, mayın 1-də o, "Facebook" səhifəsində yazdığı qeydlərdə "postsovet" sözünü "PASSOVETkimi ifadə edib. Deputatın sosial şəbəkədəki başqa statusları da belə ciddi səhvlərlə doludur.

Bu durumda deputatın israrlı şəkildə özünü müdafiə etməsi, hətta sürücüsünü işdən çıxarması onun daşıdığı mandata, Milli Məclisə və ictimaiyyətə qarşı sayğısızlıqdır. Yazı-pozudan başı çıxan deputat həmkarları bunu hörmətli Cavanşir Paşazadəyə anlatsalar, faydalı olar.


Geri qayıt