Əsas Səhifə > Sosial > Bir sinifdə 45 şagird: Sistemin “don“unu sonradan

Bir sinifdə 45 şagird: Sistemin “don“unu sonradan


21-09-2022, 16:00

Bir sinifdə 45 şagird: Sistemin “don“unu sonradan kim açır?

Jurnalist Arifə Əliyeva maraqlı bir fakt ictimailəşdirib. Onun sözlərinə görə, qızı Xırdalan şəhər 2 saylı tam orta məktəbə daxil olduğu zaman elektron qaydada 25 şagird müvafiq proses üzrə qeydiyyatdan keçib. Amma sonradan uşaqların sayında artım müşahidə edilərək 45 nəfərə çatıb.

Məsələni sosial şəbəkə hesabında qabardan jurnalistin bu fikirləri geniş əks-səda doğurub.

45 nəfərin bir sinifdə təhsil alması nə dərəcədə uyğundur?

Qanunvericilik bu barədə nə deyir?

Suallarımızı cavablandıran təhsil üzrə ekspert Kamran Əsədov Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırda paytaxt Bakı da daxil olmaqla bölgələrin əksəriyyətində ciddi şəkildə şagird sıxlığı müşahidə edilməkdədir.

O, həmçinin vurğulayıb ki, Azərbaycanda 4,432 tam orta təhsil məktəbdə 1,6 milyon şagird təhsil almaqdadır və bu şagirdlərin 480,000 paytaxt Bakının payına düşür:

“Bundan sonra ən çox şagird sıxlığını biz Abşeron rayonu ərazisində müşahidə edirik. Bir çox hallarda biz süni şəkildə artım müşahidə etməkdəyik. Son illərdə bölgələrdən Bakıya sürətli şəkildə insanların axını müşahidə edilir. Bu zaman da valideynlər hər hansı bir ərazidə qeydiyyatdan keçmədən daimi əsaslarla yaşamağa başlayırlar. Belə olan halda onlar uşaqlarını evlərinə daha yaxın ərazidə yerləşən təhsil mərkəzinə göndərməyə başlayır”.

K.Əsədov əlavə edib:

“2011-ci ildə “Ümumtəhsil haqqında qərar”a əsasən, eyni zamanda Nazirlər Kabinetinin 171 saylı qərarına görə, şagirdlərin say məsələsinə məhdudiyyət qoyulmuşdur. Heç bir halda icazə verilmir ki, siniflərdə şagird sayı 28-30 nəfər üzərində olsun. Qəbul elektron qaydada həyata keçirilir və sinifdə şagird sayı 20-25 nəfəri doldurduğu zaman sistem bağlanır”.

“Amma bizlər görürük ki sonradan 1-ci sinifə elektron qaydada qəbulu həyata keçirən qurum hansısa yollarla bəzən maddi maraq müqabilində əlavə qəbul sayını həyata keçirə bilir və bu da təhsilin keyfiyyətinə zərər verməyə başlayır.

Sizə əminliklə deyə bilərəm ki, şagird sayı nə qədər çox olarsa, birmənalı şəkildə tədrisin keyfiyyətinə öz mənfi cəhətini göstərəcək”, – deyə o, münasibət bildirib.

Mütəxəssisin sözlərinə görə, qanunvericiliyə əsasən, heç bir halda praktiki olaraq 25 nəfərdən çox şagirdin sinfə toplanması tövsiyyə olunmur:

“Bizdə müəllim-şagird münasibəti dünya səviyyəsinə nisbətən aşağıdır. Şagird sıxlığının aradan qaldırılması üçün köhnə məktəb binalarını söküb, onların əvəzinə 3-4 mərtəbəli yeni binalar inşa etməliyik. Bundan sonra isə ümid edirəm ki, bu sıxlığı aradan qaldıra bilərik”.


Geri qayıt