Əsas Səhifə > Sosial > Naxçıvanda qiyam olmasa da, sabotaj

Naxçıvanda qiyam olmasa da, sabotaj


16-03-2023, 18:39

Naxçıvanda qiyam olmasa da, sabotaj görünür... 

“Nəsimi” filmində bir epizod var, Azərbaycana hərbi yürüş etmiş Əmir Teymur qəzəblənir və əshabələrinə deyir: “Şirvanda qiyam görürəm”.

İndi onun sözü olmasın, Naxçıvanda qiyam olmasa da, sabotaj görünür.

27 il boyunca muxtar respublikaya rəhbərlik etmiş Vasif Talıbovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Naxçıvanda səhiyyə, təhsil sferalarında, başqa sahələrdə çalışan şəxslərin ara-sıra etiraz aksiyaları təşkil etməsi zəlzələdən sonrakı afterşokları xatırlatsa da, son günlər qaşınmayan yerdən qan çıxarma səyləri yer alır.

Ələ keçən hər yüngül bəhanədən yararlanmaq, insanları qızışdırmaq, yeni administrasiyanın üstünə qaldırmaq cəhdləri var.

Belə olacağı gözlənilirdi. Vaxtında təsirli tədbirlər görülməsə, bir müddətdən sonra muxtar respublikada daha ciddi siyasi kataklizmlər olacaq.

Çünki vəzifədən gedən Talıbovun cismidir. Onun 27 ildən bəri dəmir tellərdən hördüyü tor, düzəltdiyi şəbəkə, əyan-əşrəflər, vəzir-vəkillər, fərraş-darğalar kontingenti olduğu kimi qalır.

Bu adamlar üçün kənar yerdən Naxçıvana gələn istənilən kadr “yadelli”dir. Onlar belə şeyə öyrəşməyiblər. Həmişə öz əlləri, öz başları olub, Naxçıvanı “dövlət içində dövlət”ə çeviriblər, indi birdən-birə “müstəqillik”lərinə son qoyulub. Talıbov klanı bunu həzm edə bilmir və etməyəcək.

Əslində son 35 ildə Naxçıvan həmişə əlahiddə, xüsusi statuslu yer olub. Vəzirovun vaxtında partiya xətti ilə muxtar respublikada paytaxt Bakıya şaquli tabeçilik vardısa, Mütəllibovun və Elçibəyin dövründə bu, yumşaq desək, üfiqi tabeçiliyə çevrildi. Heydər Əliyevin dövründə isə Naxçıvan xüsusi statusa yiyələndi və muxtar respublikanın faktiki rəhbəri olan Talıbovun şəxsi hakimiyyəti gücləndikcə klanı da böyüməyə, qüdrətlənməyə başladı.

Maraqlıydı ki, son illərdə Naxçıvan MR dövlət büdcəsindən külli miqdarda, hətta şişirdilmiş miqyasda dotasiyalar, cürbəcür maliyyə vəsaitləri alsa da, bəzən rəsmi Bakının iradəsindən kənar qərarlar qəbul edir, özünü az qala tamhüquqlu federasiya subyekti kimi aparmağa çalışırdı. Sanki Naxçıvan və Azərbaycan bərabərhüququlu müstəvidə birləşmiş iki respublika idi.

Bu, sonda ona gətirib çıxardı ki, Bakı öz iradəsini ortaya qoydu, Talıbov klanı siyasi hakimiyyətdən uzaqlaşdırıldı, inzibati resurslar üzərində bərqərar olan iqtisadi imperiyasının zəifləməsi prosesinə start verildi.

Hələ 3 ay öncə bir çoxları düşünürdü ki, Talıbovlar və talıbovçular necəsə müqavimət göstərəcəklər. Ancaq klanda açıq qarşıdurmaya gedəcək güc yox idi. Üstəlik, klan başbilənləri o qədər ağılsız deyildi ki, özlərini, bizneslərini riskə atsınlar. Onlarda hirs-hikkə nə qədər böyük olsa da, müqavimətin “məxməri” yolunu seçdilər və artıq hiss olunur ki, altdan-altdan müqavimət ocaqlarının külünü üfürür, közərdirlər.

Naxçıvanda baş verən istənilən sosial səciyyəli hərəkətlənmə stixiya deyil. Burada mütləq Talıbovun dövründə mənfəətli vəzifələrdə çalışmış və işləməkdə davam edən məmurların barmağı var. Zatən, onların çoxu hələ də vəzifə başındadır və “ötən yaxşı günlər”in xiffətini çəkir, yeni rəhbərliklə uzun müddət yol gedə bilməyəcəklərini anlayırlar.

Təcrübə göstərir ki, lap qədim zamanlardan saraydışı edilmiş yüksək vəzifəli şəxslərə tətbiq edilən sanksiyalar (edam, sürgün, zindan) əbəs deyilmiş. Hətta Stalinin vaxtında da dövlətin ali rəhbərliyində olan və “vurulan” şəxslərin böyük əksəriyyətini birdəfəlik sıradan çıxarırmışlar ki, hər hansı sabotaj aktı edə bilməsin. Xruşovun dövründə, “yumşalma” illərində SSRİ-nin ikinci vəzifəli (baş nazir) şəxsi olan Malenkovun paytaxtdan uzaqlaşdırılması, Qazaxıstanda elektrostansiya direktoru vəzifəsinə göndərilməsi boşuna olmayıb. Brejnevin zamanında yüksək vəzifədən götürülənləri ev dustağı edirmişlər.

Bir sözlə, əlinin altında milyardlar olan, qulluğunda on minlərlə adamın dayandığı şəxsləri ali vəzifələrdən çıxarandan sonra ciddi nəzarətdə saxlamaq vacibdir. Yoxsa orda-burda çox işləri qarışdırarlar.

Unutmaq olmaz ki, son 8 ildə yüksək vəzifələrdən kənarlaşdırılan və hər biri milyonçu olan onlarla adam var. Onların ən azı yarısı öz aqibətlərindən narazıdır və revanş arzusundadır. Bəzi həmkarlarımız onlara “gizli müxalifət” və ya “Gelandevagenli müxalifət” adı qoymuşdular. Bu şəxslər klassik müxalifətdən daha güclüdürlər, həm də dövlətçilik üçün daha təhlükəlidirlər.

Uzun sözün kəsəsi, “Nəsimi” filmində deyilən bir cümləni perefraz edərək belə demək olar: “Sabotaj ocaqlarında əlipapkalı qalmamılıdır”.

Xalid KAZIMLI

Musavat.com


Geri qayıt