Əsas Səhifə > Sosial > “Fazil Mustafanın cəsarətinə heyran qaldım” - Nurəddin Mehdixanlı

“Fazil Mustafanın cəsarətinə heyran qaldım” - Nurəddin Mehdixanlı


30-03-2023, 13:10

“Fazil Mustafanın cəsarətinə heyran qaldım” - Nurəddin Mehdixanlı İranı yıxdı-sürüdü

“Bu sayaq hadisələr olduqda bunu kimin törətdiyi barədə müxtəlif versiyalar olur, amma hər kəs bilir ki, şeytan kimdir. Bu hadisənin bir adı var: Terror aktı. Əgər bir millət vəkilinə qarşı bu cür terror aktı törədilirsə, bu, millətə qarşı, ölkəyə qarşı olan terrordur. Fazil Mustafa millət vəkilidir və özünəməxsus fikirləri olan insandır, o kifayət qədər ağıllı, idrak sahibi olan, ölkəsini sevən millət vəkilidir. O, nə zaman hansısa mövzu ilə bağlı danışsa, aşıq-aşkar öz fikrini söyləyib və təbii ki, bu da fərqli fikirlərə dözümsüzlük göstərənləri narahat edir...” 

Bu sözləri Yenisabah.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib.  O, bildirib ki, bu sui-qəsdin arxasında dayananlar Fazil Mustafanın fikirlərini qəbul edə bilməyənlərdir: 

“Mən düşünürəm ki, Fazil Mustafa qarşı törədilən sui-qəsdin arxasında dayananlar son zamanlar başı sıxışanlardır. Bu gün Azərbaycan ətrafında müəyyən hadisələr baş verir, Ermənistanın müharibədən sonra öz imzasına hörmət etməyib yenidən oyunlar qurmağa çalışması və ona bu məsələdə xeyir-dua verən, yanında duran, onu dəstəkləyən güclər Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilməyənlərdir bu aktı törədənlər 

Son zamanlar İran İslam Respublikasında Azərbaycan səfirliyinə qarşı terror aktı törədildi. Bu hadisənin ardınca bizim “şiə qardaşımız” həmin terroristi qorudu, rahatca televiziya kanallarına çıxardı, sonra isə ruhi pozuntusu olduğunu dedi və onu yenə qorudu. Bu, beynəlxalq qanunlara, guya “şiə qardaşımız” dedikləri Azərbaycan xalqına, dövlətinə hörmətsizlikdir. 

Bundan sonra Azərbaycanda radikal dinçilərə qarşı, dövlətimizə qarşı silahlı terror hazırlığında olanlara qarşı Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları davam etdi. Xeyli sayda casus həbs olunub, digərləri izlənilirlər, qalanları vaxtında başını götürüb qaça biliblər, amma hara getsələr də DTX-nın əməkdaşlarının əlindən qurtara bilməyəcəklər. Hadisələrin bu qızğın vaxtında açıq-aşkar, cəsarətli fikirləri ilə ortada olan millət vəkilinə qarşı bu terror aktı törədilir. Mənə elə gəlir ki, burada işin görünməyən tərəfi yoxdur”. 

N.Mehdixanlı bildirib ki, bu cür hadisələrdə loyallıq göstərmək düzgün yol deyil: 

“Biz bəzən müəyyən məsələlərin siyasət, qonşuluq, dindaş olmaq xatirinə üstündən keçirik, amma bu, heç zaman bizim xeyrimizə işləməyib. Bilirsiniz, biz nə vaxt ağa ağ, qaraya qara deyə bildik, o zaman Ermənistanı torpaqlarımızdan vurub çıxardıq və dünyaya dedik ki, ağ ağdır, qara da qara, sizin eləyə bilmədiyinizi, cəsarətinizin çatmadığı məsələni gəldik və həll etdik. İndi də bu sayaq məsələlərdə eynisini etməliyik, biz kifayət qədər loyallıq göstəririk. Loyallığa ehtiyac yoxdur! Düşmənin adı düşməndir, terrorun adı terrordur, terroru törədənin adı terroristdir! Ona görə də Fazil Mustafaya qarşı sui-qəsd edənlər gözü çıxmış erməni qardaşlarının aqibətini gözlərinin qabağına gətirsinlər. Millətin böyüklüyü onun sayı ilə deyil, ruhunun gücü ilə, torpağına sevgisinin gücü ilə ölçülür. Kimsə bizim üstümüzə gəlməsin! Gələnlərin də aqibəti göz önündədir. Kimsə Azərbaycan xalqının səbri ilə oynamasın! Azərbaycan artıq 15-20 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycanın başında bütün xalqın arxasında dayandığı siyasi lider, Ali Baş Komandanı var. Bu gün bizi bölməyə, parçalamağa çalışanlar bihudə iş görürlər. Azərbaycan xalqı körpəsindən böyüyünə qədər bir və bütövdür. Düşünürəm ki, Fazil Mustafaya qarşı bu terror aktını törədənlər, bunun cavabını artıqlaması ilə alacaqlar. Bizə qarşı düşmənlik edənlərə biz də cavabımızı verməliyik. Mən Allahdan Fazil bəyə şəfa diləyirəm, onun cəsarətinə heyran qaldım, silahlı bir əclafın, bişərəfin qarşısında cəsarət göstərib, həm də Allah onu qoruyub. Allah millətimizi, dövlətimizi və bayrağımızı qorusun”.


Geri qayıt