Əsas Səhifə > Sosial > Qaz və su xidməti Prezidentin 2181 saylı Fərmanını sabotaj edir
Qaz və su xidməti Prezidentin 2181 saylı Fərmanını sabotaj edirDünən, 15:18 |
Qaz və su xidməti Prezidentin 2181 saylı Fərmanını sabotaj edir
“Azəriqaz” və ADSEA rüşvət umub FHN-ə yalan məlumat verir. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14.06.2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti-71 saylı binanın yanında 2008-ci ildən tikilən qeyri-yaşayış binasının istismarına icazə verilməsinə müraciət edən 1-ci dərəcəli Qarabağ qazisinin sahibkarlıq hüququna “Azəriqaz” və ADSEA (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) qərəzli, yalan məlumatlarla qadağa qoyub. Prezident Fərmanını sözügedən kommunal xidmət qurumlarının təxribata uğratması üzə çıxır. Axı bu xidmət qurumlarının dövlətin 1-ci şəxsinin fərmanına qadağa qoyması mümkünsüzdür! Bəs “Azəriqaz” və ADSEA özbaşınalıq xidmətini Prezident Fərmanına necə “transfer” edib? Fərmana uyğun olaraq sənədlərini FHN-ə təqdim edən sifarişçi qazinin qeyri-yaşayış binasının yüksəkgərginlikli elektrik xətləri, magistral qaz kəmərləri, suların mühafizə zonasında, meşə fondu...ərazisində yerləşib-yerləşmədiyini və s. yoxlamaq üçün müraciət bir günə ƏMDX-ya göndərilib. ƏMDX 15 günə obyektin istismara hazır olduğuna rəy versə də, “Azəriqaz” və ADSEA əməkdaşlarının binanın qaz və su xətlərinin mühafizə zolağında yerləşməsi barədə yalan məlumat verməsi və bu səbəbdən həmin qurumlara müraciət etməli olması FHN-dən sms-lə bildirilib. Heç demə, 10 ildir texniki şərt verib, sayğac quraşdıran “Azərsu”nun əməkdaşı (t. 0554090955) kommunikasiya dəhlizinin qoyulmadığını, 17 ildir qaz xəttinə sayğac quraşdırmaqdan imtina edən “Azəriqaz” nəzarətçisi (t. 0554219307-Ceyhun Ağayev) “insanların həyati təhlükəsizliyi tələblərinin pozulmasını” bildiribmiş. Fərmanın 6-cı bəndi ilə “Azəriqaz” və ADSEA-dan tələb olunan isə “5 iş günü müddətində binanın mühəndis kommunikasiya sistemlərinin istismara hazırlıq baxımından müayinə olunması və nəticəsi barədə FHN-ə məlumat verilməsini təmin etməkdir”. Maraqlıdır, 10 ildir su sayğacı quraşdırılan, yəni su-kanalizasiya xidmətinə qoşulan binada hansı “kommunikasiya dəhlizi” qoyulmayıb? ADSEA-nın müavini Cabbar Cabbarlının16.07.2025-ci il tarixli cavabında “qeyri-yaşayış obyektinin kanalizasiya xəttinin mühafizə zolağında yerləşdiyindən sifarişçinin vəsaiti hesabına (?) köçürüləcəyi təqdirdə (?) müraciətə yenidən baxıla biləcəyi” vurğulanıb. Obyekt kanalizasiya xəttinin mühafizə zolağında yerləşirdisə, 2013-cü ildə oranın su-kanalizasiya sisteminə qoşulmasına “Azərsu” niyə texniki şərt verib? Sualın ritorikliyi göz önündədir, obyekt heç bir mühafizə zolağında yerləşmir və kanalizasiya xətti, lük obyektdən bir metrə yaxın məsafədədir. Obyektin yanındakı Babək pr-ti, 73 və 75 saylı, Bəhruz Nuriyev-6 və 8 saylı yaşayış binalarının kanalizasiya xətti və lükləri isə hətta özülə bitişikdir. Həmin binaların kanalizasiya sistemi kimin vəsaiti ilə köçürüləcək? “Azəriqaz”ın müavini Teymur Vəliyev DTX-dan gələn müraciətə cavabında bildirib ki, 50 mm-lik qaz xətti özüldən 2 metr məsafədə olmalı olduğu halda, qeyri-yaşayış binasının çölündən keçən pilləkən qəfəsinin içindən çəkilib. Qaz rəsmisi unudur ki, birincisi, içindən yox, kənarı ilə çəkilib və ikincisi, bunu qazi yox, qaz xidməti çəkib. Eyni zamanda həmin qaz xətti yaxınlıqdakı Babək pr-ti, 71, 73 saylı və s binalara bitişik, hətta qapalı hissələrindən çəkilib. Bu binalarda yaşayanların həyatına təhlükəni kim yaradır? Hər 2 qurumun gözlə görünən saxta, yalan məlumatının rüşvətdən, korrupsiyadan qaynaqlandığı şübhə doğurmur. Fərmanda isə məlumatın pulsuz-rüşvətsiz verilməsi, iki ay müddətində sifarişçinin vəsaiti hesabına binanın su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməli olması təsbit olunub. İşıq 17 ildir, su 10 ildir görəvini icra edib, qaz 17 ildir sayğac quraşdırmaqdan imtina edir. İndi isə Prezident Fərmanını da saymır. Saymazlığa qiymət vermək isə hazırkı halda FHN-in üzərinə düşür. Məğrur Bədəlsoy. P.S. Prezident Fərmanının yalan məlumatlarla sabotaj edilməsinə Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı ( rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Nihad Bağırov ) da “dedığım dedikdir” saxtalığını təkrar etməklə “töhfəsini verib”. Qaz-işıq xəttinə “sabit tarif” təklif edənlərdən “sabit rüşvət tarifi”ndən özgə nə gözləmək olar? "AzerTaym.az" ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |