Əsas Səhifə > Sosial > Gömrük Komitəsinin yeni fikri
Gömrük Komitəsinin yeni fikri18-03-2016, 11:56 |
Qalib Toğrul: "Üçpilləli sistemdə yerli istehsal üçün nəzərdə tutulan xammal və avadanlıqların idxalı 0% ilə rüsuma cəlb olunur"
"Bu sistemin tətbiqində digər məqsəd yerli istehsalı idxal mallarının təzyiqindən qorumaqdır"
Azərbaycana idxal edilən bir sıra məhsulların gömrük rüsumu azaldıla bilər. Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu azaldılmalar əsasən xammal və Azərbaycan mənşəli məhsulların istehsalı üçün komponentlərin idxalı üzrə gömrük rüsumlarına aid ediləcək.
Bununla yanaşı, A.Əliyev qeyd edib ki, iki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb. Onun sözlərinə görə, İran və Gürcüstanla vizasız rejimdə olduğumuz üçün işbazlar bundan öz məqsədləri üçün istifadə edir. Azalma ilk növbədə ölkəyə guya şəxsi ehtiyaclar üçün gətirilən, lakin kommersiya məqsədləri üçün istifadə edilən tütün məhsullarının idxal hallarının qarşısının alınması ilə bağlıdır.
Komitə sədrinin iştirakı ilə baş tutan "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" adlı konfransda ixracın stimullaşdırılması, sahibkarların gömrük rəsmiləşdirilməsində qarşılaşdığı problemlərə toxunulub. Konfrans zamanı emal gömrük rejiminin tətbiqi də təklif olunub. Yəni idxalçı malı Gömrük Komitəsinin icazəsi ilə rüsum və vergi ödəmədən gətirməli və müəyyən müddətdə emal edib ixrac etməlidir.
Neftin dünya bazarında ucuzlaşmasından sonra Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinə maraq xeyli artıb. Rəsmi səviyyədə qanunvericilikdə bununla bağlı bir sıra qərarlar qəbul olunub. Məqsəd bu sahənin inkişafına nail olmaq və neftdən asılılığı minimuma endirməkdir. O da məlumdur ki, ölkədə istehsal olunan bir sıra məhsulların xammalı xarici dövlətlərdən gətirilir. Bu da məhsulun maya dəyərinə təsir göstərir. O baxımdan xammal və Azərbaycan mənşəli məhsulların istehsalı üçün komponentlərin idxalı üzrə gömrük rüsumlarının azaldılması yerli istehsalın güclənməsinə nə kimi təsir göstərəcək?
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Qalib Toğrul buna müsbət prizmadan yanaşır. Onun fikrincə,
üçpilləli sistemdə yerli istehsal üçün nəzərdə tutulan xammal və avadanlıq idxal zamanı 0%-lə rüsuma cəlb olunur: "Gömrük Komitəsi çoxpilləli gömrük rüsumlarından imtina etməyə hazırlaşır. 2001-ci ildən bugünədək Azərbaycanda 0-15 aralığında 7 gömrük rüsumu tətbiq olunur: 0%, 0,5%, 1%, 3%, 5%, 10% və 15%. Hələ 2008-ci ilin sonunda Dünya Ticarət Təşkilatına (DTT) üzvlüklə bağlı aparılan danışıqlar çərçivəsində xarici ticarətin tənzimlənməsinin liberallaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi DTT-nin katibliyinə gömrük rüsumlarında mövcud çoxpilləli sistemdən üçpilləli sistemə keçidlə bağlı təklif göndərmişdi. Təklifdə nəzərdə tutulurdu ki, bu şəkildə üçpilləli sistem tətbiq olunsun: 0%, 5% və 15%. Lakin o vaxt danışıqlarda ləngimə oldu və bu təklif də unuduldu. Sonradan bir daha 2012-ci ildə bu məsələ qaldırılsa da, həllini tapmadı. Üçpilləli sistemdə yerli istehsal üçün nəzərdə tutulan xammal və avadanlıqların idxalı 0% ilə rüsuma cəlb olunur. O vaxtkı hesablamalara görə, bu məhsullar Azərbaycan idxalının 10-15%-ni təşkil edirdi. Bu sistemin tətbiqində digər məqsəd yerli istehsalı idxal mallarının təzyiqindən qorumaqdır. Əgər yerli istehsal məhsulu və ya onun oxşarı idxal olunacaqsa, bu zaman ən yüksək gömrük rüsumu (15%) tətbiq olunacaq. Azərbaycan DTT-nin üzvü olmadığı üçün hələ ki, belə məhdudiyyətlərin tətbiqi mümkündür. DTT-nin üzvü olduqdan sonra isə xarici ticarətin məhdudlaşdırılmasına yönəldilən bütün tədbirlər əsaslandırılmalıdır. Eyni zamanda, Azərbaycanın üzvlükdən əvvəl götürdüyü öhdəliklər çərçivəsində həyata keçirilməlidir".
Vidadi ORDAHALLI
Geri qayıt |