Əsas Səhifə > Avto > YOL POLİSİNDƏN VƏTƏNDAŞA
YOL POLİSİNDƏN VƏTƏNDAŞA28-06-2016, 09:32 |
Son günlər sosial şəbəkələrdə yol polisi ilə sürücünün qarşıdurmasını əks etdirən növbəti videogörüntü yayılıb. ANS PRESS-in məlumatına görə, görüntüdə yol polisi əməkdaşı sürücünün maşınını saxlatdıraraq onun sükan arxasında telefondan istifadə etdiyini bildirir. Sürücü isə polis əməkdaşından ona bu qayda pozuntusunu sübut etməsini, həmin görüntüləri ona təqdim etməsini tələb edir. Belə olan halda əraziyə başqa bir polis əməkdaşı gəlir və sürücü ilə onun arasında mübahisə yaranır. Polis əməkdaşı vətəndaşa onun törətdiyi qayda pozuntusuna görə cərimə yazacağını, narazı olacağı halda məhkəməyə müraciət etməsini bildirir. Daha sonra mübahisə qızışır və polislə vətəndaş qarşılıqlı olaraq söyüşə keçirlər. Görüntü ilə bağlı ANS PRESS-ə açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, həmin videogörüntülərdə edilən bütün hərəkətlər demək olar ki, “yol patrul xidməti haqqında təlimat”dan kənardır. Ərşad Hüseynov kadrlarda sürücünün onun sükan arxasında mobil telefondan istifadəsinin polis tərəfindən sübut edilməsini istəməsi barədə tələbinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, qanunvericilikdə sürücünün sükan arxasında mobil telefondan istifadəsinin hansı sübutla təsdiqlənməli olduğu yoxdur: “İnzibati xətalara dair işlər üzrə icraatda istənilən sübutla onu təsdiqləmək olar. Ancaq təbii ki, həmin sübut etibarlı, qanuni və təkzibedilməz olmalıdır. Əgər burada polis əməkdaşının əlində kamera görüntüsü varsa və onu yerindəcə təqdim etmək mümkündürsə, onu sürücüyə nümayiş etdirmək lazımdır. Əgər görüntü yoxdursa, polis qayda pozuntusunu gözləri ilə gördüyünü deməlidir. Qanun keşikçisi bildirməlidir ki, o aşkar etdiyi qayda pozuntusuna görə, protokol tərtib etməlidir. Əgər sürücünün narazılığı olsa, o məhkəməyə müraciət edə bilər. Burada vətəndaş telefondan istifadə etmədiyini sübut etməyə borclu deyil, ancaq polis əməkdaşı onun telefondan istifadə etdiyini sübut etməyə borcludur.Qanun da bunu tələb edir. Məhkəmə də polis əməkdaşının qayda pozuntusunu sübut edə bilməyəcəyi təqdirdə, protokol ləğv edilməlidir”. Ərşad Hüseynov- Hüquqşünas
Hüquqşünas vətəndaşın da burada vəziyyətdən sui-istfadə etdiyini bildirdi: “Vətəndaşın etdiyi hərəkət də doğru deyil. Ancaq polis əməkdaşının bu addımı “yol patrul xidməti haqqında təlimat”ı ayaq altına alır. YPX əməkdaşının etik davranışı qaydası, polis haqqında qanun var. Burada polis əməkdaşının etdiyi hərəkət heç doğru deyil. Yol polisi əməkdaşı vətəndaşa qanun nümayəndəsi olduğunu, sürücünün qanuna tabe olmalı olduğunu bildirməli idi. Sürücü tabe olmadıqda isə, onun qolunu qandallayıb şöbəyə aparmalı idi”. Geri qayıt |