Əsas Səhifə > Cəmiyyət > "Aztelekom"un sabiq rəhbəri mənimsənilən
"Aztelekom"un sabiq rəhbəri mənimsənilən9-12-2016, 16:36 |
Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. AzerTaym.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən "Aztelekom" MMC-nin sabiq rəhbəri Məhəmməd Məmmədov ifadə verib.
O, qeyd edib ki, həbs edilənlərin hər biri peşəkar və təcrübəli rabitçilərdir. M.Məmmədov özünün və digərlərinin həbs edilməsini həyatın keşməkeşi kimi qiymətləndirib: "Bura düşməyimiz həyatın keşməkeşidir. İşlərdə nəsə səhvlər olub ki, biz indi burdayıq".
M.Məmmədov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib və sualları cavablandıra biləcəyini deyib. Prokuror Fərid Nağıyev ifadəsini təsdiq etdiyi üçün M.Məmmədova sualının olmadığını bildirib.
Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkilləri M.Məmmədov ifadəsinin elan olunmasını istəyiblər. Məhəmməd Məmmədov ifadəsi elan olunub.
O, ifadəsində bildirir ki, 2004-cü ildən "Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib: "2015-ci ildə "Aztelekom” İstehsalat Birliyinin bazasında "Aztelekom” MMC təsis edildi. Cəmiyyət nazirliyin struktur qrumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi. İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi.
MMC-nin baş mühasibi Oktay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi. Vidadi Zeynalov Oktay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oktay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500 min manat, 2014-2015-ci illərdə isə aylıq 200 min manat pul verilib. Qeyd edilən vəsaitlər Oktay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, MMC-nin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu.
Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün "Azintelekom” MMC-dən "Aztelekom” MMC-nin hesabına aylıq 1-2 milyon manat arası vəsait köçürülüb. "Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib. Vidadi Zeynalov baş mühasib Oktay Rüstəmova göstəriş verdiyi üçün "Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb.
Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə "Optik Rabitə Montaj”, "Optik Rabitə Tikinti və Quraşdırma”, "Rabitəçi İstirahət Bazası”, "Qafqaz-S İnşaat” və "Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. "Aztelekom” MMC kimi nazirliyin digər struktur qurumlarının rəhbərləri tərəfindən aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim, həmin ödənişlərin hansı məbləği təşkil etməsini bilmirdim".
M.Məmmədovun ifadəsindən məlum olub ki, o özünü heç bir mənimsəmə əməliyyatında təqsirli bilməyərək bütün pul köçürmə əməliyyatlarının baş mühasib ilə Vidadi Zeynalov arasında aparıldığını deyib. M.Məmmədov istintaqa ifadəsinin bəzi məqamları ilə razı olmadığını və mənimsəmə, şişirdilmə əməliyyatlarının kimlər tərəfindən aparılması ilə bağlı konkret ad çəkmədiyini deyib.
V.Zeynalovun vəkillərinin suallarına cavab olaraq M.Məmmədov deyib ki, mənimsənildiyi qeyd edilən məbləğin, nazirliyin rəhbərliyinə aylıq pul ödənilməsi tapşırığının jimlər tərəfindən verilməsini belə izah edib: "Mən konkret ad çəkməmişəm. İndi də çəkməyəcəm. Bu nazirlikdə sistemli şəkildə qurulmuşdu. Rəhbərlik, hər kəs məlumatlı idi. İndi burada Vidadi Zeynalov əyləşib. Başqası olsa idi, onu da burada əyləşdirəcəkdilər. Kimsə burada olmalı idi. Onlar da bizik. Ayrılan pullar, nazirliyə köçürülən pullarla bağlı Oktay dryirdi ki, bu pul oraya köçürülməlidir. Bu qərar da müzakirə edilmirdi. Amma niyə və nə məqsədlə köçürüldüyünü bilmirəm".
Vəkillər M.Məmmədovdan özünü təqsirli bilmədiyi, mənimsəmə əməllərinə əl qoymadığı halda istintaq zamanı müəyyən edilmiş zərəri niyə ödədiyini soruşublar.
N.Məmmədovun cavabı belə olub: "Həmin məbləği dostlarım ödəyiblər. Sağolsunlar. Səbəbini bilmirəm".
Məhkəmədə növbəti ifadə verən şəxs "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov olub.
O, aylıq 1600 manata qədər maaş aldığını, heç bir mənimsəmə əməliyyatlarında iştirak etmədiyini deyib: "Qurbanlıq qoyun kimi burdayam. Mənim bu işdə nə qədər günahım olduğunu bilmirəm. İstintaqa çağırılanda xəstəxanada idim. Prokurorluqda da ifadə verəndə qeyd etmişəm ki, qeyd edilən mənimsəmə əməllərində, təmir-tikinti işlərinə ayrılan vəsaitlərin şişirdilməsində heç bir iştirakım olmayıb. Bəzilərinin igadələrində qeyd etdiyi kimi mən heç bir halda Vidadi Zeynalova pul aparıb verməmişəm. Tenderlərineçirilməsi, hansı şirkətlərə ayrılmasına hər hansı bir müdaxiləm olmayıb. Pul vəsaitlərinin köçürülməsinə, hərəkətinə mənim çalışdığın MMC-nin rəhbərliyi, müavinləri daim nəzarət edib. Mən baş mühasib olmuşam və öhdəliyimdə heç bir dövlət əmlakı olmayıb ki, onu mənimsəyim. Aktların hazırlanması, "Aztelekom"a tabe olan idarələrdə pul köçürmələrində heç bir imzam və iştirakım olmayıb. Mənə qarşı bir neçə maddəmilə ittiham irəli sürülüb. İlk jəbs edilən də mən olmuşam. Mənim adamım, müdafiə edənim yoxdur. Həbs edilməyimiz göstərişi gəlib və birinci də mən həbs edilmişəm".
Sərbəst ifadədən sonra M.Məmmədov prokurorun suallarını cavablandırıb.
Məhkəmə prosesi fasilədən sonra davam edəcək.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə suçlanır. Bu məbləğdən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi üzrə 43 milyon 367 min; "Aztelekom" MMC üzrə 51 milyon 233 min; "Azərpoçt" MMC üzrə 23 milyon 846 min; "Azintelekom" üzrə 22 milyon 471 min; "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC, "Optik Tikinti və Montaj" MMC və "Rabitə-Tikinti" ASC üzrə 12 milyon 224 min manat mənimsənildiyi iddia olunur.
517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.
Geri qayıt |