Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda kişilər niyə tez ölürlər?

Azərbaycanda kişilər niyə tez ölürlər?


28-07-2022, 16:34

Azərbaycanda kişilər niyə tez ölürlər? – ARAŞDIRMA

Statistika məlumatlarında diqqətçəkən məqamlardan biri ölüm səviyyəsi üzrə göstəricilərdədir. Bunlardan aydın olunur ki, bütün yaş qruplarında kişilərin ölüm sayı üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq daha da artır.

Xatırladaq ki, ötən il Azərbaycanda 76 878 nəfər dünyasını dəyişib. Ölkə əhalisinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib. Ölənlərdən 34 min nəfəri qadın, 43 mini isə kişilər olub.

Ad - 00:08

 

Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, kişilər emosiyalarını, hisslərini daim gizlədirlər:

“Qadınlar diqqət cəlb etməyi sevirlər. Bu onların seçdiyi üsullardır. Sanki hərəkətləri ilə ismarış verirlər. Kişilərdə belə şeylər olmur. Onların seçdiyi üsulun geri dönüşü olmur. Elə seçim edirlər ki, artıq həyatlarına son qoyurlar. Emosional baxımdan qadınlara nisbətən kişilər emosiyalarını, hisslərini boğurlar. Kişi stereotipi var. O - güclü olmalı, heç nəyi bölüşməməli, problemlərini özü həll etməlidir”.

A.Ağabalayeva qeyd edib ki, uşaq vaxtı aşılananlar ölümə səbəb ola bilir:

“Kişilik stereotipi uşaqlıqdan onlara aşılanır. Bu da sonradan öz fəsadlarını göstərir. Şəxsi keyfiyyətlər, xarakterin dayanıqsızlığı da rol oynayır. Kişilərdə hansısa bir problem olanda onu qəbul etmirlər. Pis vərdişlərə aludə olurlar. Bunun da sonu xoşagəlməz nəticələrə gətirib çıxarır”.

Psixoloq əlavə edib ki, bəzən kişilər öz gərginliklərinin səbəbini xanımlarında axtarmağa çalışırlar:

“Ailə və iş problemləri də öz təsirini göstərir. Bütün gərginlik yığılır, aqressiya yaradır. Bəzən özlərinin problemlərini belə, xanımlarında görürlər. İnsanın gərgin olması da orqanizmə öz təsirini göstərir. Qan dövranından tutmuş bütün orqanlarda fəsadlar yaradır. Ürək-damar sistemində olan problemlərə zamanında müdaxilə olmayanda ölümlə nəticələnir”.

Terapevt Mətanət Cəfərova deyib ki, bütün dünyada xəstəlikdən ölən insanlar arasında kişilər üstünlük təşkil edir:

“Bu da ondan irəli gəlir ki, insanların əksəriyyəti qan-damar sistemi xəstəliklərindən dünyasını dəyişir. Ümumiyyətlə, ürək-damar xəstəliklərinin özü də kişilərdə daha çox rast gəlinir. Bu da genetika ilə bağlı olan prosesdir. Alkoqollu içkilərdən mütəmadi istifadə arterial təzyiq, insult, infarkt riskini qadınlarla müqayisədə kişilərdə daha çox yaradır və kişilərin çoxu da elə infarktdan ölür”.

M.Cəfərovanın sözlərinə görə, kişilərdə tənəffüs aparatının xərçəngi xəstəliklərinə də çox rast gəlinir:

“İkinci pillədə dayanan ölüm səbəbi kişilərdə ağciyər xroniki xəstəliklərinin olmasıdır. Bu da nikotindən istifadə ilə bağlıdır. Həm yuxarı, həm aşağı tənəffüs yollarının xroniki xəstəlikləri ilə yanaşı, mədə, bağırsaq, böyrək və oynaq, şəkərli diabet xəstəlikləri də kişilər arasında geniş yayılıb”.


Geri qayıt