Əsas Səhifə > Cəmiyyət > Şəhidin qardaşının təkzib videosunu kim çəkib?

Şəhidin qardaşının təkzib videosunu kim çəkib?


17-09-2022, 14:46

Şəhidin qardaşının təkzib videosunu kim çəkib? – “Utancverici bir təkzibdir”

“Kimsəsizlər evində böyümüş şəhid Səbuhi Məmmədovun qardaşı bir neçə gün öncə açıqlama vermişdi ki, Səbuhi komando birliyinə işə düzəlmək üçün 6 min manat rüşvət veribmiş. O da qeyd edilirdi ki, o, bu pulu kreditə alıbmış. Açığı, belə bir halın olması haqqında deyilənlər hər kəsdə kəskin etiraz yaratdı. Biz isə hər zamankı kimi təmkinli davranıb araşdırmanı gözlədik”. 

  Bu açıqlama ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət çıxış edib. Onun sözlərinə görə, indi bəlli olur ki, bu iddianı irəli sürən gənci dindiriblər və təkzib videosunu çəkib paylaşıblar:

“Kim edib bunu? Şəxsən mən bilmirəm. Amma məsələ ondadır ki, belə operativliklə təkzib yaydıranlar nəsə çox tələsiblər. Hara tələsirdiniz? Necə oldu ki, bu gənc bir gün öncə dediyini təkzib elədi? Niyə? Nə səbəbə? 

Belə anlaşılır ki, bu təkzibi yaydıranlar özlərini sudan quru çıxarmaq üçün Ali Baş Komandan İlham Əliyevin nüfuzunu ayaqlar altına atmaqdan belə çəkinməyiblər! Məhz belə! 

Bu adamlar öz dayaz təfəkkürləri ilə düşünüblər ki, bu gəncə (hansı şərtlər altında olursa olsun) bir təkzib verdirməklə məsələni öz xeyirlərinə həll edəcəklər. Amma əksi baş verir! Müxalif mövqedə olanlar öncədən də bu məsələdən istifadə edirdi, indi daha artıq istifadə edəcək. Dövlətin yanında olanlarınsa bundan sonra dili qısa olacaq! Çünki bizi tənqid edənlər ilk gündən üzümüzə dirəşmişdilər ki, məsələ ört-basdır ediləcək. İndi biz haqlıykən haqsız duruma düşdük. 

Ona görə də bu məsələ başqa dövlət qurumları tərəfindən şəxsən Prezidentin nəzarəti altında yenidən araşdırılmalıdır. Ki, cəmiyyət gerçəyi bilsin. 

Örnək üçün, şəhid Səbuhi doğrudanmı kredit alıb? Bunu banklardan sorğuyla öyrənmək olar. 

İkincisi, komando birlikləri yeni yaranıb və yetərincə də ciddi nizam-intizama malik olduğu üçün orada rüşvətin keçərli olacağını şəxsən mən mümkün saymıram. Amma istənilən halda şəhid Səbuhinin kimə rüşvət verdiyi araşdırılmalıdır. 

Mümkündür ki, hansısa bir dələduz, heç məsələyə dəxli olmayan şəxs ondan rüşvət almış olsun. Bunları araşdırmaq çətin deyil. 

Səbuhinin qardaşının təkzib videosuna gəlincə, onu yox sayırıq və heç bir işə yaramadığını bəyan edirik! Utancverici bir təkzibdir. Eyni zamanda da belə tez-tələsik olması ondan xəbər verir ki, kimlərsə bu iddiadan əsaslı şəkildə narahat olublar ki, onu buna məcbur ediblər. Burda da bir ipucu var...”

“Yeni Sabah”


Geri qayıt