Əsas Səhifə > Dünya > İsrailin 25 illik “ömrü”, Ankaranın yeganə şərti,

İsrailin 25 illik “ömrü”, Ankaranın yeganə şərti,


15-07-2016, 10:34

Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenkonun keçirdiyi görüşlər və görüşlərdə səsləndirilən bəyanatlar gündəmdə xüsusi yer tuturdu.

 Dağlıq Qarabağ,  Odessa-Brodi layihəsi, hərbi-texniki əməkdaşlıq, Bakı-Tbilisi-Qars...

 Pyotr Poroşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündən sonra Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçirilib. Azərbaycan və Ukrayna prezidentləri iclasda əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu vurğulayıblar.

 “Səfəriniz, sözsüz ki, ikitərəfli münasibətlərimizin inkişafı baxımından çox vacibdir.  Müzakirə edilməli, həll edilməli məsələlər çoxdur”, - Azərbaycanın dövlət başçısı söyləyib.

 Öz növbəsində, Ukrayna prezidenti ölkələr arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb. Poroşenkonun sözlərinə görə, tərəflər arasında əldə edilən bütün razılaşmalar qətiyyətlə həyata keçirilir.

 Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Odessa-Brodi layihəsinin reallaşdırılması müzakirə edilib. Prezident bildirib ki, Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır.

 Azərbaycan dövlət başçısı iki ölkənin hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb. Prezident qeyd edib ki, birgə sənaye komplekslərinin yaradılması çox vacibdir: “Həm ağır sənaye, hə də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yaxşı imkanlar var".

 Azərbaycan prezidenti Ukrayna şirkətlərinə Azərbaycanın müxtəlif istiqamətlərdə yaratdığı nəqliyyat imkanlarından yararlanmağı təklif edib. İlham Əliyev ukraynalı həmkarını yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırdığını da söyləyib: “Bu, qədim İpək Yolunun bərpasıdır və burada Ukrayna şirkətləri üçün yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan öz tərəfdaşları ilə Şimal-Cənub dəhlizinin reallaşdırılmasında maraqlıdır və bunun üçün mümkün olan hər şeyi edir. Ukrayna da bu imkanlardan istifadə edə bilər”.

 Pyotr Poroşenko isə Azərbaycan ərazisində "An-178" nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdiklərini deyib.

 Ukrayna prezidenti Ukraynanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışladığını dilə gətirib.

 Mövlud Çavuşoğlu Azərbaycana gəlir

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfərə gələcək.

 Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. M.Çavuşoğlu iyulun 14-15-i tarixlərində Azərbaycanda səfərdə olacaq. Səfər zamanı Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi başda olmaqla, ikitərəfli və regional əməkdaşlıq və digər məsələlərlə bağlı müzakirələr aparılacaq”.

 İŞİD başına 5 milyon dollar qoyulan Ömər Şişaninin öldürüldüyünü təsdiqlədi

 ABŞ-ın başına 5 milyon dollar qoyduğu Ömər Şişani növbəti dəfə “öldü”.

 İŞİD terror təşkilatı Ömər Şişani adı ilə tanınan Tarkan Tayumurazoviç Batiraşvilinin öldürüldüyünü təsdiqləyib. Bu barədə terror təşkilatının orqanı sayılan “Amag” agentliyi məlumat yayıb. Şişaninin İraqın Mosul vilayətinin cənubunda atışma zamanı məhv edildiyi bildirilir. Pentaqon daha əvvəl bir neçə dəfə 30 yaşlı terrorçunun öldürüldüyünü açıqlasa da, İŞİD bu məlumatları təkzib edib.

 Vatikan ŞOKDA - İsa peyğəmbərin və ailəsinin məzarı tapıldı

 Qüdsdə içərisində İsa peyğəmbərin və ailəsinin qəbirləri olduğu ehtimal edilən sərdabə ilə bağlı yeni xəbər yayılıb. Qədim sərdabənin həqiqətən də İsa peyğəmbərə və ailəsinə məxsus olması təsdiqini tapmaq üzrədir. Bu sərdabə 1980-ci ildə Qüdsün rayonlarının birində bina inşası üçün bünövrə qazılan zaman aşkar edilib.

 Hazırda dünya Vatikan rəhbərliyinin 36 il öncə Qüdsdə tapılan məzarların İsa Məsihə və onun ailəsinə məxsus olmasını təsdiqləməsini gözləyir.  

 Ankaranın tək şərti: Suriya probleminin həll edilməsi üçün...

 “Əsəd dəyişmədən Türkiyə dəyişməz. Suriyada hər şeydən əvvəl Əsəd dəyişməlidir”. 

 Bunu Türkiyənin baş naziri Binəli Yıldırım “BBC World” kanalına müsahibəsində deyib.

 “Bu işlərin bu vəziyyətə gəlməsinin əsas səbəbi Əsəddir. Bir tərəfdə Əsəd var, digər tərəfdə İŞİD var. Hər ikisinin getməsi lazımdır. İŞİD getsə də problem həll edilməyəcək, başqa terror qrupu çıxacaq. İŞİD-i yaradan Əsəd rejiminin mövqeyidir”, - baş nazir bildirib.

 “Yeni İpək Yolu” ideyası 126 il sonra - Rusiya və ABŞ birləşəcək?

 Rusiya və ABŞ-ı tunellə birləşdirmək lazımdır.

 Bunu SİTA agentliyinə müsahibəsində 1969-cu ildən 1981-ci ilə qədər Alyaska ştatını Senatda təmsil edən Maykl Qreyvel deyib.

 Siyasətçinin fikrincə, Rusiyanın Çukotka vilayəti və Alyaska ştatı arasında Berinq boğazının altı ilə yeraltı dəhlizin tikilməsi La-Manş boğazında tikilən tuneldən (1994-cü ildən Böyük Britaniya və Fransanı birləşdirir) daha çətin olmayacaq. Qreyvel güman edir ki, Rusiya və ABŞ arasında yeraltı yolun uzunluğu təxminən 80 kilometr təşkil edəcək və nəticədə yeraltı yol dəmir yol şəbəkəsinə qoşulacaq.

 Rusiyadan qalxan bombardmançılardan İŞİD-ə ağır zərbə  

 Rusiyanın Tu-22M3 bombardmançıları bu gün Suriyanın Palmira şəhərindən şərqdə İŞİD terror qruplaşmasının mövqelərini bombalayıb.

 “Bu səhər Rusiya ərazisindəki aerodromlarından qalxan 6 ədəd Tu-22M3 uzaq bombardmançısı Palmiranın şərqində yerləşən rayonlarda, həmçinin Homs vilayətinin Arak şəhəri və T-3 neft nəqli sransiyasında aşkar edilmiş İŞİD obyektlərinə ikinci zərbəni vurublar”, - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 Zərbələr nəticəsində terrorçuların səhra-təlim düşərgəsi, neft emalı zavodu, həmçinin İŞİD-in böyük sayda canlı qüvvəsi və texnikası məhv edilib. Müdafiə Nazirliyində dəqiqləşdiriblər ki, 12 iyuldan bu yana İŞİD hərbi texnikası və canlı qüvvəsinə 50-dən çox aviasiya zərbəsi endirilib.

 İran: “İsrailin ömrünə bir şey qalmayıb”

 İsrailin ömrü hər gün bir az daha azalır.

 Bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat rəhbəri Hüseyn Tayyib söyləyib. Onun sözlərinə görə, Qərb ölkələrinin İsraili nə qədər müdafiə etməsindən asılı olmayaraq, İran bu ölkəni tarix səhnəsindən siləcək. Daha əvvəl İranın Ali Dini lideri Ayətullah Xamenei İsrailin növbəti 25 ili görməyəcəyini açıqlayıb. 

 


Geri qayıt