Əsas Səhifə > Dünya, Slayd > Pentaqonun başına dörd ulduzlu,

Pentaqonun başına dörd ulduzlu,


11-12-2016, 12:30

Pentaqonun başına dörd ulduzlu, mütaliəli general gəlir

 “Mən sülhlə gəlirəm. Özümlə artilleriya gətirməmişəm. Amma gözlərimdə yaş sizə yalvarıram: əgər mənimlə məzələnsəz, hamınızı öldürəcəyəm.” ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Trampın müdafiə naziri postuna nominasiya etdiyi General Ceymz Mattis hərbçilər arasında bu cür deyimlərinə görə tanınır.

“Qızğın İt” ləqəbli general ABŞ-ın İraq və Əfqanıstandakı müharibələrinin baş qəhrəmanlarındandır. Ancaq Mattis döyüşkən lider olduğu qədər də ziyalı, oxunmuş bir adamdır. Və əgər təsdiq olunarsa, o, 1951-ci ildə vəzifədən getmiş Corc C. Marşalldan bəri, Amerikanın ilk general müdafiə naziri olacaq.

 

Oxuduqlarımın sayəsində məni heç vaxt hansısa situasiya çaşdırmayıb. Oxuduqlarımda mən bütün cavabları tapmıram, ancaq onlar qarşıdakı qaranlıq çığırı işıqlandırır.
Onunla çiyin-çiyinə döyüşmüş hərbçi yoldaşları General Mattisi “rahib döyüşçü” kimi təsvir edir. İndiyədək evlənməmiş, heç televizoru da olmayan Mattis 44 illik hərbi karyerası ərzində dünyanın müxtəlif bölgələrində savaş təcrübəsi qazanıb. Bu təcrübədən əxz etdikləri hərbi dairələrdə “mattizm”lər kimi tanınan deyimlərin ərsəyə gəlməsinə yol açıb. “Nəzakətli ol, peşəkar ol, amma görüşdüyün hər kəsi öldürmək planın olsun,” deyə Mattis terrorizmə qarşı mübarizənin ön cəbhəsində qeyri-müəyyənliklərlə üzləşən həmkarlarına tövsiyə edir.
Əslində, Mattisin döyüşkən, çılğın görünüşünun arxasında iti inellekə malik bir şəxsiyyət dayanır, Politico qəzetinin jurnalisti Madeline Konvey yazır. Və həmin bu şəxsiyyət indidən yenicə seçilmiş prezidentin dünyagörüşünə təsir göstərməkdədir. Donald Tramp bu yaxınlarda The New York Times qəzetinin heyəti ilə görüşdə deyib ki, Mattis ona suda boğulma (waterboarding) stimulyasiyası praktikası ilə razılaşmadığını bildirib. “O dedi ki, mən heç vaxt bu praktikanı faydalı hesab etməmişəm,” Tramp müxbirlərə söyləyib. “O dedi, ‘mənim öz təcrübəm belə olub ki, bir qutu siqaret və bir neçə butulka pivə ilə mən daha yaxşı göstəricilər əldə edə bilərəm.’ Və bu cavab məndə dərin təəssürat buraxdı.”
Briqada generalı Ceyms Mattis əfqan müxalifət liderinin dəfnində iştirak zamanı ABŞ dəniz piyadalarının önü ilə addımlayır.
ABŞ generalı Duqlas MakArtur USS Missouri gəmisinin göyərtəsində Yaponiya xarici işlər naziri Manoru Şigemitsunun təslim aktı imzalamasını seyr edir.
“Silahı işə salmazdan öncə beynini işə sal” – bu, General Mattisin devizidir. Subordinatlarına daim kitab oxumağı məsləhət görən general zabitlərdən “oxumağa vaxtımız yoxdur” cavabı gələndə bir məktub yazmağı qərara aldı. Yazıldığı andan dillər əzbərinə çevrilmiş həmin məktub hazırda ABŞ-ın yüksək rütbəli zabit heyəti üçün az qala kodeks sayılır.
“Oxuduqlarımın sayəsində məni heç vaxt hansısa situasiya çaşdırmayıb. Oxuduqlarımda mən bütün cavabları tapmıram, ancaq onlar qarşıdakı qaranlıq çığırı işıqlandırır,” deyə General məktubuna başlayır. “Oxumamağın problemi budur ki, kitabla öyrənə biləcəyin şeyləri qan bahasına öyrənirsən… 58-ci İşçi Qüvvə ilə olanda mən özümlə Feldmarşall Bill Slimin kitabını, Britaniya və Rusiyanın Əfqanıstandakı təcrübələri haqda kitablarını götürmüşdüm. İraqa yollananda britaniyalıların Birinci Dünya Müharibəsi zamanı Əl-Kutdakı məğlbiyyətlərindən bəhs edən Mühasirə kitabını aparmışdım.” General Mattis daha sonra T. E. Lorensin “İdrakın Yeddi Təməli”, Tomas Fridmanın “Beyrutdan Qüdsə”, Lidell Hartın General Şerman, Fullerin Makedoniyalı İsgəndər haqda yazdıqları kitabları oxuduğunu nəql edir. “Tarixin qavranılması o deməkdir ki, günəş altında üzləşdiyimiz heç nə bizim üçün yenilik deyil.”
Briqada generalı Ceyms Mattis əfqan müxalifət liderinin dəfnində iştirak zamanı ABŞ dəniz piyadalarının önü ilə addımlayır.
Zabitlərin indinin keçmişdən fərqləri haqda giley-güzarlarını tez-tez eşidən Mattis müasir müharibənin mahiyyətinin dəyişdiyi haqda deyilənləri rədd edir. “Gördüklərimizdə yeni heç nə yoxdur… Makedoniyalı İsgəndəri bizim İraqda üzləşdiyimiz düşmənin taktikaları qətiyyən təəccübləndirməzdi, və bizi müharibəyə aparan liderlərin bizdən əvvəl ölüb getmiş kişilər haqda oxumamaları, onları öyrənməməkləri əsgərlərimizə laqeydlikdir,” o yazır. “5,000 ildir ki, bəşər övladı bu planetdə savaşır – bu təcrübədən öyrənmək lazımdır.”
Bəs oxuduqları ona döyüş meydanında necə xidmət göstərib? Mattis əldə etdiyi nailiyyətlərdən məmnundur. “Düşmənlərlə qarşı-qarşıya gələndə onlar bunun bədəlini ödəyiblər. Əminəm ki, əsgərlərimin çoxu ona görə sağ qalıb ki, ona görə onların həyatları hədər getməyib ki, düşməni öz əsgərlərimizə və günahsız vətəndaşlara minimum itki verməklə məğlub etməyin yolları haqda təsəvvürə malik olmuşam.”
Nə qədər unikal olsa da, ziyalı və döyüşçü cizgilərini özündə birləşdirən Ceymz Mattis Amerika təcrübəsinə yad şəxsiyyət deyil. ABŞ tarixində iz qoyub getmiş çox general var ki, onlar təkcə ölkələrinin deyil, dünya düzəninin gedişatına təsir göstəriblər. Təkcə XX əsrdə generallar Dvayt Eyzenhauer, Duqlas MakArtur, Corc Patton, Corc C. Marşall kimi şəxsiyyətlər dünyanın müxtəlif məkanlarına Amerika silahının gücü bahasına sülh və demokratiya gətirməyə nail olublar.
ABŞ generalı Duqlas MakArtur USS Missouri gəmisinin göyərtəsində Yaponiya xarici işlər naziri Manoru Şigemitsunun təslim aktı imzalamasını seyr edir.
Qərbi Avropanın nasistlərdən azad edilməsinə rəhbərlik edən General Eyzenhauer konsentrasiya düşərgələrində gördüklərindən dəhşətə gəlmiş və yerli almanları bu düşərgəyə gətirərək sədaqət göstərdikləri dövlətin törədiyi cinayətləri öz gözləri ilə görməyə vadar etmişdi. Müasir Almaniyanın demokratik və varlı dövlət kimi uğurları İkinci Dünya Müharibəsinin ardınca məğlub dövləti dirçəltmək məqsədilə ilə həyata keçirilən, tarixdə misli görünməmiş Marşall Planına əsaslanır. General MakArtur Yaponiyada militarizmin sökülməsi və demokratik quruluşun ərsəyə gəlməsində insrumental rol oynamışdı. Həmin MakArtur beş il sonra Cənubi Koreyanı 21-ci əsrin göz dağına çevrilmiş Şimali Koreyanın taleyini yaşamaqdan qoruyub saxlayacaqdı.
Hərblə humanizmin qarışığını özündə ehtiva edən ənənədən söhbət düşmüşkən Amerika Birləşmiş Ştatlarının qurucu babası və ilk prezidenti Corc Vaşinqtonu qeyd etməmək olmaz. 1776-cı il iyulun 4-də Kontinental Konqresdə toplaşmış 13 koloniyanın təmsilçiləri İngiltərədən ayrılmağa səs verəndə həmin adamların hər birini krala xəyanətə görə edam cəzası gözləyirdi. Yeddi il çəkən müharibə nəticəsində ideyanı reallığa çevirən, ağır mücadilə verərək vətənini əsarətdən azad edən General Corc Vaşinqton heç şübhəsiz Amerika torpağının ərsəyə gətidiryi ən taleyüklü general idi.
Corc Vaşinqtonun 1776-cı ildə şaxtalı Milad gecəsində Delavar çayını keçərək Britaniya qüvvələrinə qəfil hücumu İstiqlaliyyət Müharibəsinin gedişatını dəyişdi.
Vaşinqtonu qarşı cəbhədə üzləşdiyi generallardan fərqləndirən başlıca xüsusiyyəti məhz “silahı işə salmazdan öncə beyinə güc verməsi” idi. Virciniyalı inqilab rəhbəri hərbi general olmaqla yanaşı həm də cahanşümul dövlət xadimi idi – elə bir dövlət xadimi ki, iki dönəm prezident olduqdan sonra könüllü şəkildə hakimiyyəti tərk etməklə o vaxt misli görünməmiş bir ənənəyə start vermiş oldu. Bəziləri İstiqlaliyyət Müharibəsindəki şücaətlərindən də çox həmin addımını onun bu günlərdə 45-ci prezidentini seçmiş Amerika xalqına ən böyük töhfəsi kimi dəyərləndirir ("Amerikanın səsi").

Geri qayıt