Əsas Səhifə > Dünya > İranın dini və siyasi liderlərinin ölümlərində Amerika izi –
İranın dini və siyasi liderlərinin ölümlərində Amerika izi –11-01-2017, 09:58 |
Rəfsəncaninin vəfatı onun tərəfdarları tərəfindən şübhə ilə qarşılanıb
Dünya çapında tanınmış dövlət xadimlərinin vəfatı, həmişə minbir dedi-qoduya münbit şərait yaradıb. Stalin vəfat edərkən Moskvada həkimlərə qarşı əsl xalq etirazı, nifrət dalğası müşahidə olunub. Qara kütlə, ağ xələtliləri tramvaylardan yerə atır, qartopu atəşinə tuturmuş. General Franko vəfat etdiyi gün, deyilənə görə, İspaniya solçuları qorxudan burunlarını qapıdan eşiyə çıxarıb, küçəyə çıxa bilmirdilər.
İndi oxşar günləri İran vətəndaş cəmiyyəti yaşayır, vallah. Sabiq prezident Haşimi Rəfsəncani vəfat etdikdən sonra ölkədə siyasi vəziyyət gərginləşib. Rəfsəncani tərəfdarı minlərlə vətəndaş, nümayiş keçirərək 83 yaşlı siyasətçinin öldürüldüyünü iddia ediblər. Dövrü mətbuat yazır: “Kütlə arasında dolaşan məlumata görə, sabiq prezident dərman qəbul edib. Keçib yataq odasına. 2 saat sonra infarktdan vəfat edib”.
Etiraz aksiyaları əvvəlcə paytaxt Tehranda başlayıb. Yüzlərlə vətəndaş Rəfsəncaninin yerləşdirildiyi xəstəxananın önündə toplanıb, şüarlar səsləndirilib. Daha sonra ölkənin bir neçə iri şəhərində aksiyalar davam etdirilib. Dövrü mətbuat davam edir: “Sabiq prezidentin ölümünü müəmmalı edən digər bir səbəb İran Səhiyyə naziri Əmir Mohsen Dayayın açıqlaması olub. Nazir, Rəfsəncaninin ölümündə həkimlərin günahkar olduğunu açıq-aşkar etiraf edib - “Rəfsəncaninin yanında şəxsi həkimi olmayıb. Mənə verilən məlumata görə, həkimlər lazımi müdaxilə edə bilməyiblər”.
***
Vəzifə, qüdrət sahiblərinin müəmmalı ölüm xəbərləri İranda birinci dəfə deyil ki, cəmiyyəti silkələyir. Mövzu ətrafında Hollivud filmlərinə layiq daha ciddi sərgüzəştlər İranda deyərdim indi yox, çox əvvəl, Ayatullah Əliəkbər Meşkinin vəfatı zamanı (1921-30 iyul 2007) özünü göstərib. İranda axı bir yox...iki parlament mövcuddu.
![]() Birincisi - “Xubreqan”, unutmayın, molla parlamentidi. İkincisi, bizim Milli Məclis kimi, mütəxəssisləri, peşəkarları yığıb öz sıralarına. İran dövlətinin bu iki ən vacib qanadını toqquşdurmaq, dalaşdırmaq sevdası, razıyam, əvvəlcə çox cəlbedici görünür o vaxtlar bəzilərinə. Xüsusən Amerika konfliktoloqlarına. Casuslar altdan geyinib, üstdən qıfıllanaraq üz tutublar Tehran xəstəxanalarının birində xəstə yatan Xubreqan rəhbəri Ayatullah Meşkinin çarpayısı önünə. Meşkini yaşlıydı. Yaşı səksəni aşmışdı. Ancaq bu çoxbilmiş Meşkin türkü hələ o vəziyyətdə deyildi ki, kəlmeyi-şəhadətini pıçıldayıb qanadlı mələkləri öz çarpayısı önünə çağırsın.
***
Amerika xarici siyasətinin çox sevdiyi, daim müraciət etdiyi kütləvi qırğın silahlarından biri də “Konfliktologiya” elmidir. Vaşinqton rəsmiləri bu və ya digər ölkə barədə məlumat əldə etmək istərkən əvvəlcə ordakı milli, dini, siyasi, iqtisadi, hərbi, sosial, konfessional, cinsi ziddiyyətləri bittə-bittə, son nöqtəsinə qədər qeydə alırlar.
Siyahıya “Tam məxfi!” qrifi vurulduqdan sonra, o, dönür Vaşinqton diplomatiyasının bir nömrəli məxfi sənədinə. Misal üçün, ölkəmizdəki bütün konfliktlərin tam siyahısını Vaşinqtonun pullu sifarişiylə Arif Yunusov hazırlayıb ötürüb okeanın o tayına. Siyahı, Dövlət Departamentində, kəşfiyyat qurumlarında zərrəbinlə öyrənildikdən sonra özünə “Tam məxfi!” qrifini qazanıb. Dönüb, Bakıdakı Amerika səfirinin masaüstü sənədinə.
Oxşar standart, bütün digər Amerika qurumlarında gözlənilir. Moskva, Ankara, Bakı səfirliklərində də oxşar konfliktlərin tam siyahısı mövcuddur. Lazım gələndə siyahıdakı konfliktlərdən biri körüklənib alovlandırılır. Amerikanpərəst yerli mətbuat, aldığı göstərişlərə əməl edərək, mövzunu bir neçə gün gündəmdə saxlayıb axır onu Vaşinqtonun şəhvətli maraqlarına uyğun şəkildə həll edir.
2005-2007-ci illərdə İran cəmiyyətini parçalamaq, laxlatmaq, sarsıtmaq qərarına gələn Vaşinqton iti dimdikliləri, oxşar siyahını siyirmələrindən çıxarıb onu bir neçə gün araşdırırlar. Görürlər ki, İran dövlət idarəetmə aparatının iki vacib qanadını - Xubreqanı və Milli Məclisi toqquşdurub, bulanıq suda qızıl balıq tutmaq mümkündü. Əməliyyata start verildikdən sonra “Delta” kod isimli xüsusi təyinatlılar İrana qanunsuz sızıb Şimali Tehrandakı “Martires Tajriş” hospitalının həndəvərində görünməyə başlayırlar.
Konfliktologiya elmində ən vacib məsələ, iki əks qütb arasındakı zəif halqanı tapıb, müəyyən etməkdi. Halqa tapıldımı, vəssalam, qalır onun silkələyib aktivləşdirmək. Sonrakı cari hadisələri lazımı axara yönləndirmək.
Vaşinqtonun iti dimdikli ağ şahinləri o vaxt qərara gəlirlər ki, İrandakı bütün aldadıcı siyasi sabitlik bircə himə bənddi. Prezident seçkilərini uduzmuş Rəfsəncanini yaxşı qaşısaq, o, dünyəvi hakimiyyətdən əlini üzərək, tezbazar, Molla Parlamentinin - Xubrəqanın rəhbəri olmaq istəyəcək. Nəticədə ölkədəki sabitlik tərəzisi yerindən qopub aşacaq, inşallah. Burda “zəif halqa” Xubrəqanın mövcud sədri ayatullah Meşkinidir. Onu aradan götürüb vəfatını sürətləndirsək, İran dövlət mexanizminin iki vacib qanadını amansız mübarizəyə sövq edə bilərik...
* * *
İrandakı müxtəlif konfliktləri, o cümlədən Xubrəqanla Milli Məclis arasındakı ziddiyyəti öyrənən Vaşinqton konfliktoloqları, nəhayət, mövzu ətrafında öz son qərarlarını verirlər: “İranda üç qüvvə var və onların geosiyasətə münasibəti fərqlidir. Birinci qüvvə Xamneyinin ətrafında birləşmiş ruhanilərdir. İkinci qüvvə hərbçilərdir, daha doğrusu SEPAH-dır (İslam İnqilabının Keşikçiləri Korpusu). Bu qruplaşmanın rəhbəri keçmiş prezident Əhmədnejat idi. Üçüncü qüvvə hazırkı prezident Ruhaninin rəhbərlik etdiyi islahatçılardır. Keçmiş prezident Xatəmi, Rəfsəncani və baş nazir Musəvi də bu qruplaşmadadır.
![]() Ruhanilər maliyyə mənbələrini nəzarətdə saxlayırlar. SEPAH-çılar ölkənin əsas sənaye müəssisələrini ələ keçiriblər. İslahatçılar isə kiçik və orta biznesi təmsil edir. Əhmədnejatın rəhbərlik etdiyi hərbçilər az qala ruhaniləri, yəni Xamneyini devirib ölkəni tam nəzarətə götürəcəkdilər. Buna görə də ruhanilər islahatçılarla birləşib, onu devirdilər.
Ruhanilər xarici siyasətdə doqmatik mövqedən çıxış edir. SEPAH isə sərt xarici siyasət tərəfdarıdır. Suriyada Əsədin dəstəklənməsi də SEPAH-ın ideyasıdır. Əgər 2011-ci ildə İrana Əhmədnejat yox, Ruhani rəhbərlik etsəydi heç şübhəsiz o, Əsədi yox, nusayrilərlə müxalifəti birləşdirən koalisyon hökumətin yaradılmasını dəstəkləyəcəkdi”.
***
Sonrakı ziddiyyətlər, bu sənəddə göstərilən istiqamətlərdə axmağa başlayır. Qara kölgələr, bir an xəstəxana divarlarında əks olub tez də gözlərdən silinirlər. Səhəri gün aləmə xəbər yayılır ki, bəs Xübrəqana təcili yeni seçkilər keçirilməlidir. Bəs gecə yarısı qəflətən ayatullah Meşkini dünyasını dəyişib.
![]() Azərbaycanlı kimliyini heç vaxt unutmayan, daim qabardan Meşkininin dəfn mərasimi dönür növbəti Rəfsəncani-Əhmədinejat qarşıdurmasına. SEPAH-çılar duyuq düşürlər ki, bəs, ay aman, Rəfsəncani dünyəvi hakimiyyəti indi dini hakimiyyəti ilə əvəzləmək istəyəcək. Xubrəqanı girinə keçirib sonra, vaxsey, vilayəti-fəqihi-dini rəhbəri əvəzləyəcək.
O vaxt bu ziddiyyətlər ölkəni əməlli-başlı silkələyib, İranı bir an vətəndaş müharibəsi ərəfəsinə çatdırır hətta. Növbəti prezident seçkilərindən sonra bu qarşıdurma daha da alovlanaraq “yaşıllar hərəkatı”nı yaradır.
İndiki vəziyyət yenə məhz həmin dövrləri xatırlatmağa başlayıb. Təxribatların ssenarisi yenə də eynidir. Məkan da həminkidir - “Martires Tajriş” hospitalı. Meşkinidən sonra bu dəfə orda Rəfsəncaniyə, belə deyək, “Şəfaverici tutiya” içirtdilər. Bu, İran siyasi elita üzvləri üçün ən adi banal sonluqdu. Ömrünün axırında gərək mütləq qorxmadan stəkandakını götürüb başına çəkəsən.
![]() 1990-cı ildə Tehrana ilk dəfə qədəm basarkən necə oldusa özüm də bilmirəm, gəlib yetişdim ordakı bibilərimdən birinin evinə. Yadımdadı, televizorda Rza şah dövrünə aid çox maraqlı serial nümayiş olunurdu. Filmin qəhrəmanına - növbəti Rza şah əleyhdarına, son epizodların birində, içi su dolu piyalə təklif edilərkən o, qorxmur. Gözlərini belə qırpmır. Piyaləni özü götürüb başına çəkir.
Məncə, Rəfsəncaniyə də son məqamda bu cür piyalə təklif olunub.
Bu, İran siyasi həyatının həmişə son musiqi akkordları sayılır. İcrası vacibdi.
***
“Nyu-York Times” qəzeti bu son hadisələrə çox maraqlı şərhlər verib bu yaxınlarda. Qeyd edib ki, “islahatçılar” öz liderlərini itirdikdən sonra növbədə indi Ruhaninin özüdür. Vaşinqtonla Tehran arasındakı gizli görüşlər, deyəsən qaldı sonraya. SEPAH-çılar irəli sıçradılar deyəsən. Zatən onlar Ruhaniyə qarşı çoxdan təbliğat aparmaqla məşğuldurlar. 2014-cü ilin mayında İran televiziyasında Ruhani əleyhinə bir maraqlı film nümayiş etdirilib. Göstərilib ki, Ruhani, Rəfsəncaninin xahişi ilə ötən əsrin 80-ci illərində gizli Amerika-İran danışıqlarının fəal iştirakçısı olub. Elmi ədəbiyyatda bu danışıqlar “İran-Kontras” adı altında məşhurdur.
İkinci dəfə prezidentliyə hazırlaşan Ruhani üçün bu, soyuq duş effekti verib, məğlubiyyətlə nəticələnə bilər axı...
![]() Növbəti prezident seçkilərindən isə bizi cəmi beş-altı ay vaxt ayırır.
***
Qısası, İranda indi deyəsən Şekspir ehtirasları yaşanılır hakim elitalar arasında.
Zəhər dolu badələr əldən ələ ötürülür.
Sabiq prezidentin ölümünü müəmmalı edən digər bir səbəb İran Səhiyyə naziri Əmir Mohsen Dayayın açıqlaması olub. Nazir, Rəfsəncaninin ölümündə həkimlərin günahkar olduğunu açıq-aşkar etiraf edib - “Rəfsəncaninin yanında şəxsi həkimi olmayıb. Mənə verilən məlumata görə, həkimlər lazımi müdaxilə edə bilməyiblər. Məlumata görə, sabiq prezident dərman qəbul edib. Keçib yataq odasına. 2 saat sonra infarktdan vəfat edib”.
İranda görünür bütün siyasi xadimlər bax bu cür vəfat edir. Rəfsəncaninin ölümü bu siyahıda ancaq növbəti adi bir təkrardır.
Geri qayıt |