Əsas Səhifə > Dünya, Slayd > BAŞ nazirdən Sorosa suçlama:
BAŞ nazirdən Sorosa suçlama:4-12-2017, 09:19 |
Baş nazir Corc Sorosu onun ölkəsini dağıtmaqda, milyarder isə Orbanı repressiv rejim yaratmaqda suçlayır Macarıstanda 2018-ci ilin aprelində keçiriləcək parlament seçkilərinə hələ 3 ay qalmış siyasi gərginlik pik həddə çatıb. İqtidarda olan “Fides” partiyasının sədri və baş nazir Viktor Orban ölkənin başına gələn bütün müsibətlərdə ABŞ milyarderi Corc Sorosu günahlandırıb və onu Macarıstanı dağıtmaq istəməkdə ittiham edib. Corc Soros isə video-müraciətində ittihamları cavabsız qoymayaraq macar baş nazirin ölkədə yaratdığı rejimin sovet illərdə olduğundan daha repressiv xarakter daşıdığını söyləyib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Viktor Orban Corc Sorosa qarşı bir neçə ildir hər yerdə səsləndirdiyi ittihamlarının demək olar ki, hamısını “Kossuth” radiostansiyasına verdiyi müsahibəsində təkrarlayıb. Baş nazir bütün bunlara əlavə ittihamlar da qoşub. O, Sorosu qəsdən Macarıstanı müsəlman miqranlarla doldurmaq istəməkdə təqsirləndirib və milyarderin növbəti seçkilərdə miqrantlar vasitəsilə Macarıstanı məhv etmək niyyətində olduğunu bildirib. Baş nazir qeyd edib ki, Macarıstan xüsusi xidmət orqanları Corc Sorosun ölkədə fəaliyyət göstərən QHT-lər vasitəsilə ölkənin siyasi həyatına göstərdiyi təsirlə bağlı yeni və gizli dosye üzərində işlərini tamamlayıblar. O, işin detallarını açıqlamasa da Sorosun öz planlarını məhz növbəti seçkilər vasitəsilə gerçəklədirməyə çalışdığını sözlərinə əlavə edib. “Onun adamları mətbuatda gedən yazıları maliyyələşdirməklə, təbliğat aparmaqla, habelə xüsusi ictimai təşkilatlar vasitəsilə minlərlə insana pul verməklə məşğul olacaqlar. Bu məqsədlə ilk öncə seçkiqabağı təbliğat aparan partiyaların nümunəsində xüsusi “vətəndaş mərkəzləri” qurulacaq. Bununla da Sorosun şəbəkəsi Macarıstanda seçki kampaniyasına aktiv müdaxilə imkanlarını əldə edəcək”, - deyə baş nazir qeyd edib. Orban bir qədər də irəli gedərək Macarıstanın dövlət olaraq varlığının növbəti seçkilərdə həll olunacağını söyləyib.
Sorosun sözlərinə görə, Orbanın onun təşkilatlarına qarşı ittihamları seçkidə qalib gəlmək üçün uydurulmuş bəhanələrdir. O, həmin təşkilatlarda çalışan insanların qorxu altında yaşadıqlarını söyləyib: “O bizləri məhv etmək istəyir. Lakin mən hazırda Macarıstanda deyiləm, buna baxmayaraq mənim dəstəklədiyim insanlar orada yaşayırlar və dövlətin üzərindəki təzyiqləri hər gün hiss edirlər”. Geri qayıt |