Əsas Səhifə > Dünya > Əfqanıstanda “Taliban” hakimiyyətinin ilk həftəsi necə keçdi...

Əfqanıstanda “Taliban” hakimiyyətinin ilk həftəsi necə keçdi...


23-08-2021, 12:17

Əfqanıstanda “Taliban” hakimiyyətinin ilk həftəsi necə keçdi... - TƏHLİL

“Taliban” bir həftə ərzində Əfqanıstanı necə idarə edəcəyini müəyyənləşdirə bilmədi. Hərəkatın nümayəndələri buna yaxın həftələrdə qərar veriləcəyini deyirlər. Ölkədə taliblərə qarşı müqavimət başladı, Qərb ölkələri isə yardımı dondurdu.

 

Moderator.az bununla bağlı rbc.ru-da gedən yazını oxucularına təqdim edir. 

 

Rəhbərliksiz bir həftə

 

Taliban” yaraqlıları avqustun 15-də Kabilə girərək prezident sarayını ələ keçirib Əfqanıstan üzərində tam nəzarətlərini elan etdilərEyni zamanda, hərəkat hələ də ölkənin yeni liderinin adını açıqlamayıb. Qrupun qurucularından biri, “Taliban”ın Dohadakı siyasi ofisinə rəhbərlik edən və ABŞ-la danışıqlar aparan Molla Əbdül Qəni Bəradər şənbə günü Kabilə gəldi. O, vəziyyəti müzakirə etmək, hərəkatın digər liderləri və keçmiş hökumətin nümayəndələri ilə görüşmək niyyətindədir.

 

Bununla belə, “Taliban” hökuməti qurmağa tələsmək fikrində deyil. “Reuters” agentliyinin avqustun 21-də radikal islamçıların sözçüsünə istinadən verdiyi xəbərə görə, ölkənin yeni idarəetmə sistemi önümüzdəki həftələrdə təqdim ediləcək.

 

Avqustun 18-də “Reuters” tərəfindən qrupun yüksək vəzifəli üzvü olaraq adlandırılan digər “Taliban” sözçüsü Vahidullah Haşimi ölkənin əsas idarəetmə orqanının hərəkatın hazırkı rəhbəri Heybətullah Axundzadənin rəhbərlik etdiyi bir məclis ola biləcəyini söylədi. Oxşar sistem 1996-2001-ci illərdə “Taliban” hakimiyyəti dövründə də mövcud idi. Haşimi Axundzadənin bir növ ali lider olacağını və qondarma prezident rolunu müavinlərindən birinin oynayacağını bildirdi. Müavinləri Məhəmməd Yaqub və Siracuddin Haqqanidir.

 

“The Washington Post” qəzetinin mənbələrinin verdiyi məlumata görə, hakimiyyətə başqa bir namizəd Bəradərdir. Amerika Xarici Əlaqələr Şurası da onu müavin postunda görür. Haşimi Əfqanıstanda yeni rejimin demokratik olmayacağını və qadın hüquqları məsələsinin ilahiyyatçılar şurası tərəfindən araşdırılacağını əlavə edib. Bu məclis qadınların hansı geyimləri geyə biləcəklərinə və təhsil alıb-almayacaqlarına qərar verəcək. Daha əvvəl “Taliban”ın rəsmi nümayəndəsi Zəbihullah Mücahid hərəkatın qadınlara şəriət qanunları çərçivəsində hüquqlarına riayət etmələrini təmin edəcəyini bildirmişdi.

 

Kabilin alınmasından bir həftə sonra belə, Taliban”ın rəhbərlərin adlarını çəkməməsinin səbəbi təşkilatın öz quruluşuyla bağlıdır.

 

"Bu, 20 illik müharibə üçün kəskinləşdirilmiş və əvvəlki rəhbərliyin öldürüldüyü bir quruluşdur. Buna görə də əslində özləri hələ kimin ölkəyə rəhbərlik etməli olduğuna tam qərar verməyiblər”, - deyə Ali İqtisadiyyat Məktəbinin professoru və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Andrey Kazantsev RBK-ya bildirib.

 

Xatırladaq ki, “Taliban” hərəkatının əsası1994-cü ildə qoyulub və ilk lideri 2013-cü ilə qədər silahlılara rəhbərlik edən Molla Ömər olub. 1996-2001-ci illərdə Əfqanıstanı idarə edən “Taliban” NATO qüvvələrinin müdaxiləsindən sonra Qərbin dəstəklədiyi hökumətə qarşı çıxmağa başladılar. Bu ilin aprel ayında ABŞ Prezidenti Co Bayden Amerika qoşunlarının Əfqanıstandan çıxarılacağını açıqladı. Yayda “Taliban” hücuma keçdi və avqustda Kabili nəzarətə götürdü. Prezident Əşrəf Qğni avqustun 15-də ölkəni tərk etdi. Qəni qırğının qarşısını almaq üçün istefa verdiyini açıqladı.

 

“Taliban”ın mövqeləri nə qədər möhkəmdir?

 

"Taliban"ın süqut etmiş hökumət üçün çalışan əfqanlardan qisas almaq niyyətində olmadıqlarına dair təminat verməsinə baxmayaraq, minlərlə insan hələ də ölkəni tərk etməyə çalışır. “Taliban” yaraqlıları insanları paytaxt hava limanından uzaqlaşdırır və izdiham hava limanına girməyə çalışarkən havaya atəş xəbərdarlığı açırlar.

 

Bundan əlavə, “Taliban” iki şəhərdə - Cəlalabad və Hostdakı nümayişləri yatırdı. Bəzi etirazçılar süqut edən hökumətin bayrağını nümayiş etdirdilər.

 

“Taliban”ın mövqeyini qiymətləndirən professor Kazantsev onların ölkəyə nəzarətini hələ də sabit adlandıra bilməyəcəyinə diqqət çəkdi. “Birincisi, bu, yerlərdə geniş dəstəyin olmamasından qaynaqlanır: hətta “Taliban” qrupunun etnik bazası olan puştun ərazilərində də, xüsusən şəhərlərdə iğtişaşlar baş verir. İnsanların etiraz və nümayişlər təşkil etdiyi, yalnız bu yaxınlarda ələ keçirilmiş şəhərlər də buna aiddir. Eyni zamanda milli azlıqların yaşadığı ərazilərdə yeni vətəndaş müharibəsi başlayır.

 

İkincisi, taliblərin əleyhinə Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Saleh və Şimal İttifaqının lideri Əhməd Şah Məsudun oğlu kiçik Əhməd Məsudun təşəbbüsü ilə ölkənin alternativ rəhbərliyi yaradılır. Pəncşir əyaləti yenidən canlanan Şimal İttifaqının mərkəzi oldu".

 

Saleh 2004-cü il Konstitusiyasına əsaslanaraq özünü ölkənin lideri elan etdi. Qanunvericiliyə görə, prezident vəzifələrini  yerinə yetirə bilmədiyi təqdirdə vitse-prezident ölkəyə rəhbərlik etməlidir. Əfqanıstanın “Tolo News” nəşrinin şənbə günü verdiyi xəbərə görə, Məsudun qüvvələri Bağlan əyalətindəki üç qəzanı - Salah, Puli Hisar və Banunu “Taliban”dan geri alıb.

 

“Taliban”ın digər problemi təşkilat daxilindəki parçalanmalardır. Kazantsevin sözlərinə görə, yaşlı nəsil yaraqlılar dincəlmək və ölkəni sakit idarə etmək istəyirlər: “Bunun üçün koalisiya hökuməti qurulmalı, xarici oyunçularla danışıqlar aparılmalı, bir sözlə, vəziyyət normallaşdırmalıdırlar”.

 

"Gənc nəsil yaraqlılar İŞİD üslubunda terror, qəddarlıq və daha çox ərazilər ələ keçirmək istəyir. Əsas siyasi ziddiyyət gələcəkdə ölkədəki resursların və hökumətdəki yerlərin bölgüsü, narkotik vasitələrin dövriyyəsi üzərində nəzarətin qurulması fonunda qarşıdurmalarla müşayiət olunacaq”, - deyə Kazantsev proqnozlaşdırır.

 

Dünya birliyinin mövqeyi necə dəyişdi…

 

Bir həftə ərzində ABŞ və onlara dəstək verən ölkələr Əfqanıstanda çalışan diplomatlarını və vətəndaşlarını təxliyə etməklə məşğul idilər. Pentaqonun məlumatına görə, 2500-ü amerikalı olmaqla bölgədən ümumilikdə 17 min insan çıxarılıb.

 

Şənbə günü Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropa Birliyinin insanları xilas etmək üçün taliblərlə operativ təmaslar qurmağı dəstəklədiyini, lakin söhbətin siyasi danışıqlardan və onların tanınmasından getmədiyini bildirdi. Yaxın günlərdə Avropa Birliyi G7 tərəfdaşlarına Əfqanıstandan qaçqınların qəbulu və yerləşdirilməsi üçün beynəlxalq sxem təklif edəcək.

 

Geri qayıt