Əsas Səhifə > Dünya > "O, NARKOMAN VƏ CİNAYƏTKARDIR" - Donbas separatçıları
"O, NARKOMAN VƏ CİNAYƏTKARDIR" - Donbas separatçıları27-07-2022, 16:36 |
“Bütün Donetsk, bütün “dnr” bilir ki, “dnr”-in “daxili işlər naziri” Dikiy (Ukraynanın vətən xaini elan etdiyi Aleksey Dikiy nəzərdə tutulur - red.) narkomandır. Özü də təkcə narkoman deyil, həm də bu zəhərin ticarəti ilə məşğul olur”. “AzPolitika.info” xəbər verir ki, bunu Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov (Qirkin) son açıqlamasında bildirib. Qirkin qondarma respublikanın “daxili işlər naziri”ni narkotik alverilə yanaşı, talançılıqda və digər cinayətlərdə ittiham edib. Strelkov deyib ki, hətta “nazir” öz ad günündə başına toplaşanları narkotik maddələrə qonaq edib: “Niyə o, indiyə kimi həbs olunmayıb? Hələ demirəm ki, o, adi quldurdur. Cəbhədən daxil olan məlumata görə o, “azad olunmuş” ərazilərdə talançılıqla məşğul olub... Bu, bir neçə ildir ki, davam edir”. Bununla da Qirkin separatçı rejim rəhbərlərinin cinayətkar, quldur və narkomanlardan ibarət olduğunu etiraf edib. Hansı ki, rəsmi Moskva onlardan “qəhrəman” obrazı yaratmağa çalışır. Qirkin bunla həmçinin, separatçılar arasında qarşıdurma və didişmə olduğunu da üzə çıxarıb.
Qeyd edək ki, Aleksey Dikiy qondarma “dnr”-in “daxili işlər naziri” təyin olunmazdan əvvəl, 2014-cü ilə qədər Ukrayna polisində çalışıb və Donetsk vilayətində yüksək vəzifə tutub. Regionun Rusiya tərəfindən işğalı zamanı qarşı tərəfə keçərək, bu dəfə separatçıların xidmətində durub və tezliklə “nazir” vəzifəsinə yiyələnib. Sonradan Ukrayna tərəfi onu vətənə xəyanət maddəsilə ittiham edib və ona 12 il qiyabi həbs cəzası kəsib.
Bununla yanaşı, yerli kriminal və quldur dəstələrilə sıx əlaqəsi olan və doğrudan da narkotik vasitələr aludəçisi olduğu və narkotik ticarətinə “krışalıq” etdiyi heç kimə sirr olmayan Dikiyin “dnr”-in başçısı, digər quldur və cinayətkar Denis Puşilinlə konfliktdə olduğu məlumdur. Hələ müharibə başlamazdan əvvəl onların arasında ciddi qarşıdurma olduğu bildirilir. Xatırladaq ki, müharibənin ilk günlərində Putin və ətrafı Ukrayna Prezidenti Volodimir Zelenskini narkoman kimi təqdim etməyə çalışırdı. İndi isə əsl narkoman və cinayətkarların onların himayədarlıq etdikləri şəxslər - separatçıların liderləri olduğu üzə çıxır və bunu özləri açıq etiraf edirlər.
Geri qayıt |