Əsas Səhifə > Dünya > "Putin özünü tələyə salıb, çarəsizdir, ona görə də çox təhlükəlidir"
"Putin özünü tələyə salıb, çarəsizdir, ona görə də çox təhlükəlidir"1-09-2022, 14:08 |
"Putin 80 min ölü və yaralı əsgərini, "böyük Rusiya" arzusunu və həm də öz nüfuzunu itirib. Onun yalnız qatil və dələduz adı qalıb..."
"Rusiya prezidenti "xüsusi hərbi əməliyyat" elan etməklə özünün dalana düşəcəyini gözləməyib..."
"Putinin Qərbin birliyi və dəyanətini sarsıtmaq üçün hələ çox üsulları var..."
"Putin qələbə naminə bütün risklərə getməyə hazırdır..."
Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibə törətməklə özünü saldığı fəlakətli tələdən çıxarmağa var gücü ilə cəhd edir. "Xüsusi hərbi əməliyyat" elan edərkən, o, Moskvada maşınların partlamasını, Krım yarımadasına alçaldıcı hücumları və xüsusilə özünün dalana düşəcəyini gözləməyib.
Moderator.az xəbər verir ki, bu fikri Britaniyanın "Guardian" qəzetinin beynəlxalq icmalçısı Saymon Tisdall səsləndirib.
Jurnalist yazır ki, müharibənin altı ayı ərzində Rusiya prezidenti 80 min ölü və yaralı əsgərlərini, "böyük Rusiya" arzusunu, bunlarla birlikdə həm də öz nüfuzunu itirib. Onun yalnız qatil və dələduz adı qalıb.
Tisdall hesab edir ki, Putin müharibənin uzanmasına yol verə bilməz, çünki Qərbin yavaş-yavaş təsir edən sanksiyaları onun iqtisadiyyatını dağıdır, Silahlı Qüvvələrinin sayı və texnikası durmadan tükənir. "O zaman onun hansı variantı qalır ki?", - jurnalist sual edir.
İcmalçının sözlərinə görə, Putin özü üçün ən yaxşı variantın Ukrayna tərəfdarları üçün müharibənin bədəlini artırmaq və beləliklə Kiyevin müqavimətini qırılmaq olduğu qərarını verə bilər. Və ehtimal ki, o, artıq bu planı həyata keçirməkdədir.
Qərbin birliyini və dəyanətini sarsıtmaq üçün onun hələ çox üsulları var. Avropa sovet dönəmindən qalan və asanlıqla istifadə edilə biləcək qaynar nöqtələr və geosiyasi parçalanmalarla doludur. Eynilə Rusiyanın da təəccüb doğuracaq qədər siyasi cəhətdən dağınıq olan Avropada çoxsaylı müttəfiqləri və təəssübkeşləri var.
Məsələn, daima Avropa İttifaqının sanksiyalarına maneçilik törədən Macarıstanın baş naziri Viktor Orban, yaxud Bolqarıstanda, Almaniyada, Avstriyada, Bekçikada və İtaliyada olan rusyönümlü qüvvələr kimi.
Putin həmçinin Avropa İttifaqına daxil olmayan ölkələrdən olan aparıcı siyasətçilərə, məsələn, Serbiya prezidenti Aleksandr Vuçiçə bel bağlaya bilər. Opponentləri Vuçiçi "balaca Putin" adlandırır, britaniyalı jurnalist yazır.
O, qeyd edir ki, Putinin qorxu və qeyri-sabitlik, dağıntılar və iqtisadi əzablar yayan, ölkələri Rusiyaya qarşı çıxmaqdan öncə iki dəfə düşünməyə vadar edən səyləri Avropanın hüdudlarından kənara çıxır.
Tisdallın fikrinə görə, hazırda Putin və Çin lideri Si Tszinpin "Böyük iyirmilik" ölkələrinin noyabr ayında Balidə keçiriləcək postpandemik mühüm sammitini Ukrayna ilə bağlı Qərblə kobud qarşıdurmaya çevirmək niyyətindədir.
Bundan başqa, Putinin işğal etdiyi Zaporojye AES-də vəziyyəti fəlakət həddinə çatdırmaq üçün etdiyi ağılsız cəhdləri onu göstərir ki, qələbə naminə o, praktiki olaraq hər şeylə risk etməyə hazırdır.
Sakitcə çarəsizliyə qapılaraq, o, gündən-günə daha da təhlükəli olur, məqalə müəllifi sözlərinə yekun vurub.
Geri qayıt |