Əsas Səhifə > Dünya > "ABŞ Ukraynaya uzaq mənzilli raketləri tədarük edərsə,

"ABŞ Ukraynaya uzaq mənzilli raketləri tədarük edərsə,


16-09-2022, 17:04

Zaxarova yenidən "qırmızı xətlər" çəkərək Vaşinqtonu təhdid edib...
 
"Ukraynaya silah tədarükü döyüş əməliyyatlarının uzanmasına, dinc əhali arasında yeni qurbanlara gətirib çıxarır..."
 
"Heç kimin ağlına gəlməz ki, Rusiya ilə münasibətlərdə "qırmızı xətti" keçsin..."
 
ABŞ Ukraynaya uzaq mənzilli raketləri tədarük edərsə, "qırmızı xətt"i keçmiş olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bəyan edib.
 
Onun sözlərinə görə, bundan sonra Vaşinqton münaqişənin birbaşa iştirakçısı olacaq.
 
"Üstəlik, bu, Rusiya ilə NATO ölkələri arasında birbaşa hərbi münaqişənin təhlükəli həddinə yaxınlaşdırır.
 
Bir daha vurğulamaq istərdik: ABŞ və onların müttəfiqləri Kiyev rejiminə silah tədarük edərək, faktiki olaraq onun hərbi cinayətlərinin iştirakçısına çevrilir", - Zaxarova deyib.
 
O, həmçinin növbəti dəfə bəyan edib ki, Ukraynaya silah tədarükü "döyüş əməliyyatlarının uzanmasına, dinc əhali arasında yeni qurbanlara gətirib çıxarır".
 
Sentyabrın 13-də "Wall Street Journal" nəşri Ukrayna hökuməti tərəfindən Amerika konqresmenlərinə göndərilən sənədə istinadən məlumat verib ki, Kiyev ABŞ və müttəfiqlərində əlavə silah, o cümlədən Vaşinqtonun əvvəllər   tədarük etməkdən imtina etdiyi uzaq mənzilli raket sistemlərini xahiş edib.
 
Rusiya daimi olaraq Qərb və başqa ölkələrlə münasibətdə "qırmızı xətlər" və "dönüşü olmayan nöqtələr"dən danışır.
 
Ötən ilin aprel ayında Putin bəyan edib ki, "heç kimin ağlına gəlməz ki, Rusiya ilə münasibətlərdə "qırmızı xətti keçsin", bu xəttin haradan keçməsini Rusiya özü müəyyən edəcək.
 
Ukraynada müharibə başlamazdan az öncə, fevral ayında belə "qırmızı xətt" ABŞ və NATO-ya elan edilən "Rusiyanın təhlükəsizlik zəmanətləri" olub.

Geri qayıt