Əsas Səhifə > Dünya > Gərginlik böyüyür: Britaniya İranı hədələdi - Molla rejiminin

Gərginlik böyüyür: Britaniya İranı hədələdi - Molla rejiminin


15-01-2023, 22:53

Gərginlik böyüyür: Britaniya İranı hədələdi - Molla rejiminin başı dərddə

Böyük Britaniya Xarici İşlər Nazirliyi İranda Britaniya vətəndaşı Əlirza Əkbərinin edam edilməsindən sonra bu ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeriyə sanksiya tətbiq etmək qərarına gəldiyini bildirib.

Britaniya Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar açıqlama verib.

“Britaniya-İran vətəndaşı Əlirza Əkbərinin edam edilməsindən sonra Britaniya İranın baş prokuroruna qarşı sanksiya tətbiq edib. Əlirza Əkbəri İran rejimi tərəfindən edam edilib. İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri İran məhkəmə sisteminin ən güclü simalarından biridir, məhkəmə prosesi və ölüm hökmünün icrasına cavabdehdir”, - açıqlamada bildirilib.

Nazirlik sanksiyalara Montazerinin aktivlərinin dondurulmasını və Britaniyaya səyahət qadağasının daxil olduğunu vurğulayıb. Açıqlamada qeyd olunub ki, Britaniya İran rejimini məsuliyyətə cəlb etməyə davam edəcək.

Britaniya Baş naziri Rişi Sunak İranın müdafiə nazirinin müavini vəzifəsində çalışmış və 2019-cu ildə casusluq ittihamı ilə saxlanılan Əkbərinin edam edilməsi xəbəri ilə bağlı açıqlama verib.

“İranda britaniyalı-iranlı Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirdi”, - baş nazir söyləyib.

İran mediası Əkbərinin Britaniya kəşfiyyatına işlədiyini, 178 yüksək rütbəli iranlı rəsmi haqda məlumat ötürdüyünü iddia edib. Əkbərinin 2020-ci ildə İranın ən məşhur nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsində də rol aldığı deyilib. Molla rejiminin mediası Əkbərinin Avstriya, İspaniya və İngiltərədəki bank hesablarından istifadə edərək MI6 kimi Britaniya kəşfiyyat orqanlarından 1 milyon 805 min avro, 265 min funt-sterlinq və 50 min dollar aldığını bildirib.

Britaniya xarici işlər naziri Ceyms Kleverli Əkbərinin edamını pisləyib və qeyd edib ki, İran bu addımına susmayacaqlar.

Dünən Britaniyanın İrandakı səfiri məsləhətləşmələr üçün Londona çağırılıb./Teleqraf


Geri qayıt