Spikerlikdən virtual deputatlığa – Oqtay Əsədov niyə kölgəyə ÇƏKİLİB?

Fveralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilən Oqtay Əsədov bu dəfə spiker ola bilmədi. 

Yenisabah.az xatırladır ki, o postunu Sahibə Qafarvoyava təhvil verməli oldu. Bundan sonra isə kölgəyə çəkildi. Hətta Milli Məclisin iclaslarına belə qatılmadı. Onun bu addımı əvvəlcə koronavirus pandemiyası ilə izah edilirdi. Oqtay Əsədovun 65 yaşı var və o rüsk qrupuna daxildir.

Martın 24-də tətbiq edilən xüsusi karantin rejiminin birinci mərhələsində yaşı 65 və ondan artıq olan şəxslərin çölə çıxması qadağan edilirdi. Həmin vaxt Oqtay Əsədovun da bu səbəbdən iclasa qatılmadığı bildirilirdi. Lakin sonradan bu qadağa götürüldü. Milli Məclisin yaşlı deputatları da iclaslara qatılmağa başladı. Hətta parlamentin ən qoca deputatları 82 yaşlı Fəttah Heydərovla 80 yaşlı Ziyad Səmədzadə də iclaslara qatıldı, amma Oqtay Əsədov yenə də görünməz oldu.

Keçmiş spiker iclaslara qatılmaması barədə mülahizələrə də reaksiya verməyərək dərin sükuta qərq olmaq yolunu tutdu. Oqtay Əsədovun susması onun növbəti dəfə spiker olmadığına görə Milli Məclisin iclaslarına qatılmaması barədə iddia və ehtimalların inandırıcılıq dərəcəsini bir qədər də artırdı.

Nəhayət, keçmiş spiker bu günlərdə “Facebook” üzərindən sükutu pozdu. Amma bu, onun iclaslara qatılmaması barədə deyilənlərlə bağlı deyildi. Oqtay Əsədovun  paylaşımı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tənqidinə həsr olunmuşdu.

Yazdıqları əsasən ölkə başçısı İlham Əliyevin AŞ PA barədə bir müddət əvvəl səsləndirdiyi tənqidlərin təkrarından ibarət idi. Ölkə başçısı Gəncə və Mingəçevirdəki çıxışları bu mövzunu artıq gündəmdən çıxarıb. Yəni, Oqtay Əsədovun paylaşımı faktiki olaraq gecikmiş dəstək idi.

Lakin ictimaiyyəti maraqlandıran bu deyil. Oqtay Əsədovun Milli Məclisin iclaslarına qatılmamasının səbəbi onun ölkə başçısının fikirlərinə gecikmiş dəstəyindən daha maraqlıdır.

Yuxarıda qeyd etdik ki, keçmiş spikerin iclaslara qatılmaması ilə bağlı əsas versiya onun küskünlüyü ilə bağlıdır. O spiker postunu itirməsinin həzm edə bilmir. 14 il spker olduğu Milli Məclisdə sıravi deputat kimi təmsil olunmağı özünə rəva görmür. Virtual fəaliyyəti daha üstün tutur.

Qeyd etdiyimiz kimi keçmiş spiker hələ bu məsələyə aydınlıq gətirməyib. O, susmaqla sanki iddiaların əsassız olmadığını nümayiş etdirmək istəyir.

Oqtay Əsədovun iclaslara qatılmamasını səhhətindəki problemlərlə də əlaqələndirənlər var. İddia olunur ki, keçmiş spiker şəkərli diabetdən əziyyət çəkir. Bununla belə, vəziyyət o qədər də kritik deyil. Yəni, səhhəti iclaslara qatılmasına  problem yaratmır.

Ona görə də bu ehtimal o qədər də qəbul olunmur.






Fikirlər