SABİQ NAZİRİN CƏZASI QƏTİLƏŞDİ: RÜTBƏLƏRİ GERİ ALINIR - Aldığı rüşvətin məbləği də açıqlandı

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmünə əsasən, Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.

Bundan başqa, təqsirləndirilən şəxsin “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.

Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.

Ə.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.

 

 

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Onun aldığı rüşvətin məbləği də məlum olub. Məhkəmə istintaqında qeyd edilib ki, təqsirləndirilən şəxs vətəndaşlardan rüşvət şəklində 9 073 550 manat məbləğində pul alıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi (DİN) də iş üzrə zərərçəkmiş qismində tanınır. Keçmiş nazir DİN-ə 5 129 105 manat dəyərində maddi ziyan vurub.

Hökmə əsasən, iş üzrə zərərçəkmiş Naxçıvan Muxtar Respublikası DİN-ə 5 129 105 manat dəyərində dəymiş maddi ziyan təqsirləndirilən şəxsdən alınaraq Naxçıvan Muxtar Respublikası DİN-ə ödənilməsi, Ə.Əhmədovun vətəndaşlardan rüşvət şəklində aldığı 9 073 550 manat məbləğində pul müsadirə edilərək dövlət nəfinə alınması təmin edilib.






Fikirlər