"Qaradağ Günəş Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir" - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını əlamətdar hadisə adlandırıb. “Bu gün biz nisbətən qısa zamanda, təxminən il yarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”, - deyə dövlətimizin başçısı Stansiyanın rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Musavat.com xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə görə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik edib. Bu gün qonaqlar arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin üç nazirinin yer aldığını vurğulayan Azərbaycan Prezidenti bunun tərəfdaşlığın və dostluğun yaxşı nümunəsi olduğunu, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirdiyini bildirib.