Ermənistan və Türkiyə nümayəndələri sərhəddə görüşüb - indi üzə çıxır...
“Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra departamentlərinin nümayəndələrinin görüşü baş tutub”. Musavat.com xəbər verir ki, bunu “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. “Görüşdə Ahurik/Akyaka dəmir yolu sərhəd məntəqəsinin fəaliyyətə başlamasını təmin edəcək texniki ehtiyaclar qiymətləndirilib. Görüş müsbət və konstruktiv atmosferdə keçdi”, - deyə Rubinyan bildirib. Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan yayda keçirdikləri son görüşdə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəlmişdilər.