Əsas Səhifə > Əsas xəbərlər > “Bu dövrə başqa ad vermək mümkün deyil” -
“Bu dövrə başqa ad vermək mümkün deyil” -20-10-2016, 17:25 |
“AzerTaym.az” Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun APA və Trend agentliklərinə verdiyi müsahibəni təqdim edir: - Əli müəllim, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın müstəqilliyinin 25 illik yubileyi təntənəli şəkildə qeyd edildi və tədbirdə ölkə başçısı keçilən yola, görülmüş işlərə sistemli qiymət verərək möhtəşəm nitq söylədi. Prezidentin nitqində səslənən və müstəqillik tarixində xüsusi rolu olan əsas amil haqqında sizin də fikirlərinizi öyrənmək istərdik. Mövcud imkanların dəyərləndirilməsi və perspektiv inkişaf baxımından 25 ildə keçilmiş müstəqillik yolunu ümumən necə xarakterizə etmək olar? Aparılan məqsədyönlü siyasət ölkədaxili iqtisadi və siyasi münasibətləri Avropa standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması, Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına inteqrasiyası ilə nəticələndi.Heydər Əliyevin milli inkişaf siyasətində ədalətli cəmiyyət və sosial yönümlü dövlət, ölkə vətəndaşlarının sosial-iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, onların sosial rifahının yaxşılaşdırılması, mövcud maddi resursların ölkə daxilində insan potensialının inkişafına yönəldilməsi prinsipi mühüm yer tuturdu. Heydər Əliyev tərəfindən müstəqil dövlətin iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəçilik mexanizminin, milli inkişaf, daxili və xarici siyasət strategiyasının, təhlükəsizlik konsepsiyasının formalaşdırılıb həyata keçirilməsi prosesi bir tərəfdən Ermənistanla hərbi qarşıdurma, digər tərəfdən isə Azərbaycanı təsir altında saxlamaq istəyən daxili və xarici güclərlə kəskin mübarizə şəraitində baş tutmuşdur. Prezident Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən ikinci dövr ərzində bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq, milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək mümkün olmuşdur. Bununla yanaşı etiraf olunmalıdır ki, hər bir dövlət kimi Azərbaycan da müstəqilliyinin ilkin mərhələsində xarici təhlükələrdən qorunmaq sahəsində özünümüdafiə sistemini dərhal formalaşdıra bilməmiş, müxtəlif daxili və xarici təhdidlərə qarşı təcili təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qalmışdır. Bu mənada Azərbaycan müstəqilliyinin ilk dövrlərində məcburi qaydada ayrı-ayrı güc mərkəzləri arasında balans yaratmağa sövq edilsə də, nəticədə minimum güzəştlər hesabına maksimum dividendlər əldə etməyə, prinsipial məsələlərdə öz mövqeyini qoruyub saxlamağa və inkişaf etdirməyə nail ola bilmişdir. Bütün bunların nəticəsi olaraq Heydər Əliyev ən çətin şəraitdə həm Azərbaycanın yeni neft strategiyasını uğurla reallaşdırmağı bacarmış, həm də bu əsasda ölkənin gələcək dinamik inkişafının möhkəm təməlini qoymuşdur. -Bütün bu proseslərdən göründüyü kimi müstəqilliyimizin əldə edilməsində və qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əsas və həlledici olub... -Tamamilə haqlısınız, yuxarıda sadaladığım əsas məqamlarla yanaşı, qeyd etmək lazımdır ki, bütövlükdə Heydər Əliyevin təməlini qoyduğu, formalaşdırdığı və yürütdüyü uzaqgörən daxili və xarici siyasət sonrakı dövrdə Azərbaycanın milli inkişaf prioritetlərinin əsasını təşkil etmiş, Cənubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı mövqelərini, həm də dünya birliyi ilə əlaqələrinin prinsipial xəttini müəyyənləşdirmişdir. Məhz ümummilli lider həm region ölkələri, həm də dünya dövlətləri ilə qarşılıqlı münasibətlərin respublikamızın geosiyasi maraqlarına uyğun olaraq praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və balanslı siyasi strategiyasını formalaşdırmışdır. Xüsusən, Azərbaycanın malik olduğu enerji resurslarının, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanlarının və digər geosiyasi əhəmiyyətli üstünlüklərinin istifadəsində Heydər Əliyevin yürütdüyü prinsipial kurs, tətbiq etdiyi optimal yanaşma dünya dövlətləri içərisində ölkəmizin güclü milli və regional faktora çevrilməsini, beynəlxalq aləmə uğurlu inteqrasiyasını və əksər geosiyasi aktorlarla qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirmişdir. Heydər Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, iqtisadi, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs və praktiki tədbirlər ölkəmizdə bir ictimai-siyasi sistemdən digərinə keçidin, yeni demokratik cəmiyyətin və ictimai həyat normalarının əsaslarını yaratmışdır. Bu siyasət bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir. Heydər Əliyevin uzaqgörən siyasəti həm də uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış xalqımızın özünəqayıdış və özünütəsdiqində mühüm, səfərbəredici funksiya yerinə yetirmiş, dövlət strukturlarının rəsmi və praktiki fəaliyyətinin, həyata keçirilən iqtisadi-siyasi, hüquqi və sosial-mənəvi proqramların əsasında dayanmışdır. Heydər Əliyev yeni şəraitdə Azərbaycanda etnik mənsubiyyəti xüsusi qabartmadan birləşdirici azərbaycançılıq ideyasının– ümumvətəndaşlıq, Vətənə bağlılıq, Azərbaycan dilinə və mədəniyyətinə sevgi, dövlətin sevinci və kədəri, dəyərləri və problemləri qarşısında ümumi və bərabər məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın - milli inkişaf siyasətinin ideoloji əsaslarını ortaya qoydu. Ümummilli lider Azərbaycanda əksər vətəndaşları vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiya məsələsini ümumdövlət səviyyəsinə qaldırdı. Azərbaycançılığın müstəqil ölkənin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi, elmi, yaradıcı və digər ziyalı dairələrinin gündəminə çıxarıldı. Heydər Əliyev üçün azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri milli-mənəvi dəyərlərin-ana dilinin və milli mədəniyyətin, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızın, azərbaycanlıları tanıdan və fərqləndirən bütün atributların qorunması və inkişaf etdirilməsi idi. Bütün bunların nəticəsidir ki, Heydər Əliyevin indiyə qədər toplanılmış nəzəri-siyasi irsi müstəqil Azərbaycan dövlətinin əsasları və milli inkişafı haqqında zəngin mənbəşünaslıq bazası, bitkin bir təlim hesab olunur. Bu təlimin bir çox tezisləri 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ümummilli liderin ölkə ziyalılarına ünvanlanmış müraciətində, partiyanın yeni qəbul edilmiş məramnaməsində, digər hissəsi isə 1993-2003-cü illərdə prezidentlik fəaliyyəti dövründə qəbul edilmiş ayrı-ayrı dövlət proqramlarında, səsləndirdiyi fikir və mülahizələrdə, çıxışlarında, ortaya qoyduğu nəzəri-siyasi ideyalarda öz əksini tapmışdır. - Müstəqillik tarixinin Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2016-cü illəri əhatə edən üçüncü mərhələsini Azərbaycanın milli inkişafının yeni dövrü kimi xarakterizə etmək olarmı? -Əlbəttə, bu dövrə başqa ad vermək mümkün də deyil. Məhz milli inkişafımızın üçüncü dövründə- Azərbaycan oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, bütün səviyyələrdə öz sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə dünyada hörmətlə yanaşılan və milli maraqlara əsaslanaraq tam müstəqil siyasət yürüdən nüfuzlu bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan bölgədə ciddi bir geosiyasi amilə çevrilərək postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, eyni zamanda dünyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək qlobal siyasətdə özünün iştirak imkanlarını getdikcə genişləndirir. -Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın uğurlu inkişafını səciyyələndirən daha hansı amilləri qeyd etmək olar? - İlk növbədə onu qeyd etmək istərdim ki, cənab İlham Əliyev 2003-cü ildə Azərbaycanın Prezidenti seçildikdən sonra ümummilli lider Heydər Əliyevin siyasi kursunu, milli inkişaf siyasətini dönmədən və uğurla davam etdirmişdir. Alternativi olmayan bu siyasət nəticəsində respublikamız 2003-2016-cı illər ərzində sosial-iqtisadi, mənəvi-mədəni və digər sahələrdə böyük nailiyyətlər əldə etmiş, regionun lider dövləti olaraq dünya birliyində böyük hörmət və nüfuz qazanmışdır. Məhz prezidentİlham Əliyevin hakimiyyəti dövründə respublikamız öz inkişafının keçid dövrünü başa vurmuş, ictimai-siyasi həyatın demokratikləşməsi, vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizmin getdikcə dərinləşməsi, iqtisadi həyatın liberallaşması, sahibkarlıq institutlarının yaradılması, sosial-iqtisadi infrastrukturun təkmilləşdirilməsi və s. sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Bütün bunlar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin təməlini qoymuş və milli inkişafın gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək imkanı yaratmışdır. Yeni mərhələnin əsas hədəflərini bir tərəfdən əldə olunmuş iqtisadi, siyasi, sosial və mədəni nailiyyətləri möhkəmləndirmək, ölkəni müasir tələblər səviyyəsinə qaldırmaq, digər tərəfdənsə gələcək liberal, rəqabətədavamlı, dinamik və innovasiya yönümlü milli iqtisadiyyatı formalaşdırmaq, sosial sahədə optimal, səmərəli və ədalətli inkişaf modelini yaratmaq və s. təşkil edir. Odur ki, ölkənin strateji inkişafının istiqamətlərinin, prinsip və vəzifələrinin müəyyənləşdirilməsi ilə bağlı 29 noyabr 2011-ci ildə «Azərbaycan 2020: gələcəyə baxış» Milli İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Bu mərhələdə Azərbaycan həm də geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin əsas həlqəsinə çevrilərək dünya birliyinin diqqət mərkəzinə çıxmışdır. Bildiyiniz kimi, Avropa və Asiya ölkələri arasında bağlayıcı körpü rolunu icra edən Trans-Qafqaz nəqliyyat-enerji dəhlizi (TRASEKA), stratejiBakı-Tbilisi-Qars dəmir yolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçılarından biri də məhz Azərbaycan olmuşdur. Azərbaycan Trans-Asiya nəqliyyat dəhlizində də əsas bağlayıcı ölkələrdən biri kimi çıxış edir ki, bu da onun tranzit əhəmiyyətini bir daha təsdiq edir. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi ölkəmizin son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan vermişdir. Ölkəmiz Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəqli ilə bağlı nəhəng transmilli enerji layihələrinin hazırlanmasında və həyata keçirilməsində, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük fəallıq göstərmiş və bu, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 2013-cü ildə “Şahdəniz -2” fazasının işlənməsinə qərar verilməsi və Trans-Adriatik layihənin əsas ixrac marşrutu kimi seçilməsi “Cənub dəhlizi” layihəsinin reallaşmasına mühüm təsir göstərmişdir. Əgər milli iqtisadiyyatımız müstəqilliyin ilk illərində tamamilə xarici kapitaldan asılı idisə, son illərdə bu nisbət əsaslı şəkildə dəyişərək yerli kapitalın payı üstün səviyyəyə yüksəlmişdir. Azərbaycanın neft amilindən və xarici kapitaldan asılılığının kəskin şəkildə azalması iqtisadi inkişafın da əsas yükünün qeyri-neft sektoruna transfer edilməsinə şərait yaratmışdır. Hazırda ölkənin əsas valyuta ehtiyatlarının istifadəsi də məhz bu sektorun yüksəlişinə istiqamətləndirilərək, yerli istehsalın, xüsusən milli sənaye, kənd təsərrüfatı, emal və ərzaq istehsalı müəssisələrinin inkişafını təmin etmək üçün istifadə olunur. Uğurlu geosiyasi idarəçiliyin nəticəsi olaraq ötən dövrdə Azərbaycanın xarici aləmlə səmərəli əməkdaşlığı daha da möhkəmlənmiş, dünya siyasətinə təsir gücü olan böyük dövlətlərlə, beynəlxalq və regional qurumlarla tərəfdaşlıq münasibətləri inkişaf etmiş, ölkənin nüfuzlu xarici alyanslarda, beynəlxalq qurumlarda iştirakı təmin edilmişdir. İqtisadiyyatın qloballaşdığı yeni minillikdə Azərbaycan dünyanın universal və qlobal iqtisadi sisteminə uğurla inteqrasiya olunmuş, Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər iqtisadi-maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq etmişdir. Keçən müddətdə Azərbaycanın regionda və dünyada nümayiş etdirdiyi balanslı, praqmatik xarici siyasi kurs, reallaşdırdığı uğurlu neft, transmilli enerji və nəqliyyat-kommunikasiya siyasəti, həyata keçirdiyi regional və milli təhlükəsizlik strategiyası, Avropa İttifaqı, NATO, ATƏT, MDB, İƏT və b. beynəlxalq, regional qurumlarla yaratdığı tərəfdaşlıq münasibətləri, Avropa Şurasına və Qoşulmama Hərəkatına üzv qəbul olunması, əksər beynəlxalq konvensiyalara qoşulması və beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklərin icrası ölkəmizin xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər kimi çıxış etmişdir. Müasir dünyada geoiqtisadi dəyər həm də ölkədə yürüdülən iqtisadi, siyasi, sosial, milli və s. siyasətin xarakteri və effektivliyi ilə ölçülür. Azərbaycan özünün pozitiv inkişaf meyllərini-iqtisadiyyatın liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini və liberal iqtisadiyyat mexanizmlərini inkişaf etdirilməklə yanaşı, həm də ölkə daxilində sabit vətəndaş birliyinin, multikultural mühitin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanmışdır. Ölkəmizdə həyata keçirilən düzgün və fəal siyasət onun daxili ictimai-siyasi mühitini nəzərəçarpacaq dərəcədə modernləşdirmiş, sosial-mənəvi sahələri yeniləşdirmiş, vətəndaş cəmiyyəti təsisatlarını formalaşdırmış və müasir dövrün tələblərinə uyğunlaşdırmışdır. Müstəqillik dövründə Azərbaycanın dünya ölkələrinin alternativ enerji təminatında, transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrində iştirakı ilə yanaşı, həm də son illərdə digər qlobal proseslərdə- beynəlxalq terrorizmə, narkoticarətə qarşı mübarizədə, dünya siyasətinin demokratik transformasiyasında və s. fəal iştirakı da onun bölgədəki geosiyasi gücünü və təsirini, beynəlxalq aləmdəki rolunu və dəyərini xeyli yüksəltmişdir. 2012-ci ildə 155 ölkənin dəstəyi ilə AzərbaycanınBMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu qurumun çərçivəsində səmərəli fəaliyyəti onun qlobal müstəvidə məqsədyönlü və prinsipial fəaliyyətinin məntiqi nəticəsi kimi izah oluna bilər. Həm Avroatlantik, həm də regional təhlükəsizlik strukturları ilə tərəfdaşlıq kursu götürməsi Azərbaycanı dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi bir aktora çevirmiş və transmilli hərbi-strateji maraqların mərkəzinə çıxarmışdır. 1993-cü ildən Azərbaycan Türkiyə, Rusiya, İran, Pakistan, Ukrayna, İsrail və digər mühüm region ölkələri ilə qarşılıqlı faydalı hərbi əməkdaşlıq yaratmış, həm də 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmuşdur. Bununla Azərbaycan özünün regional və milli təhlükəsizlik maraqlarını təmin etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək, eyni zamanda öz müstəqilliyinə və sərhədlərinin təhlükəsizliyinə əlavə zəmanət almaq, Xəzər dənizinin ona məxsus sektorunda həyata keçirdiyi neft-qaz layihələrinin və dünya bazarlarına çəkilən transmilli kəmərlərin təhlükəsizliyini təmin etmək məqsədi güdürdü. Müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problemErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu problem bütövlükdə regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən başlıca amildir. Ötən illər ərzində Azərbaycan münaqişənin beynəlxalq hüquqi prinsiplər çərçivəsində həlli üçün fəal siyasət aparsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi ucbatından problemi aradan qaldırmaq mümkün olmamışdır. İyirmi ildən çoxdur ki, ATƏT çərçivəsində müxtəlif formatlı danışıqlar aparılmasına baxmayaraq, hazırda Ermənistanın qeyri-konstruktiv, qəsbkar mövqeyinə görə münaqişənin həlli uzanır və hələ ki real nəticə yoxdur. Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərini əsas tutaraq öz milli haqlarını reallaşdırmaq məqsədilə Dağlıq Qarabağda yaşayan ermənilərə “yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı muxtariyyət statusunun verilə biləcəyini” bəyan edir. Təəssüf ki, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılaşır və onlar münaqişənin həlli naminə öz səylərini bir az da artırmaq imitasiyası nümayiş etdirirlər. Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan dünyada zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan və müxtəlif dinlərin yanaşı mövcud olduğu çoxmillətli, çoxkonfessiyalı dövlət kimi tanınır. Ölkəmizin qədim dövlətçilik tarixində multikulturalizmin özünə mühüm yer tutması onun ərazisində yaşayan əhalinin milli-etnik dəyərlərinin zənginləşməsinə təsir göstərir və mədəniyyətlərarası dialoq üçün münbit şərait yaradır. Azərbaycanda yaşayan müxtəlif etnoslar arasında qarşılıqlı inam və hörmət hissinin, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs multikulturalizmin inkişafını, fərqli etnik və dini icma nümayəndələrinin müstəqil Azərbaycan dövləti ərafında birləşməsini təmin edir. Ölkəmizdə multikulturalizmin inkişaf etməsi dünyanın sülhsevər dövlətləri və beynəlxalq təşkilatları tərəfindən daim yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi respublikamızda mədəniyyətlərarası dialoqa və tolerant dəyərlərə böyük əhəmiyyət verildiyinin bariz ifadəsidir. Bütün qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan dövləti 25 il ərzində böyük inkişaf yolu keçmiş, sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni sahələrdə əldə etdiyi uğurlar, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində atdığı addımlar, multikulturalizmin və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi töhfələr onun dünya birliyində mövqeyinin möhkəmlənərək böyük nüfuz qazanmasına səbəb olmuşdur. Ölkəmizin müxtəlif sahələrdə qazandığı nailiyyətlər dünyanın aparıcı beynəlxalq maliyyə-iqtisadi qurumları, humanitar təşkilatları tərəfindən yüksək qiymətləndirilmiş, onun davamlı inkişaf və multikulturalizm modeli bu gün digər dövlətlər üçün nümunə kimi göstərilir. Hazırda dünyada geosiyasi ziddiyyətlərin və qarşıdurmaların kəskinləşdiyi, terrorizm, dini radikalizm kimi mənfi meyillərin artdığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyin mövcud olması, ölkə vətəndaşlarının dinc və əmin-amanlıq şəraitində yaşaması, xalqla iqtidar arasındakı vəhdət hamımızı sevindirir. Hesab edirəm ki, bütün bunlar ölkəmizin gələcək inkişaf perspektivlərinə müsbət təsir göstərən mühüm amillərdir. -Azərbaycan hazırda öz inkişafının postneft dövrü adlanan yeni mərhələsinə qədəm qoymaqdadır. Bununla bağlı ölkə prezidenti yaxın gələcəkdə ciddi siyasi və iqtisadi islahatların həyata keçirilm Geri qayıt |