Əsas Səhifə > Əsas xəbərlər > Strateji Yol Xəritəsindən irəli
Strateji Yol Xəritəsindən irəli22-12-2016, 11:46 |
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 2016-cı ildə Füzuli rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib. Müşavirədə çıxış edən İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2015-2016-cı təsərrüfat ilində rayonda kənd təsərrüfatı sahəsində qazanılmış uğurlar, növbəti təsərrüfat ilində qarşıda duran vəzifələr barədə danışıb. Alı Alıyev bildirib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə tapşırıqları Füzuli rayonunda uğurla icra olunur. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Belə ki, 2015-2016-cı təsərrüfat ilində rayon üzrə 35818 ha ərazidə taxıl əkilib, 121 min tondan artıq məhsul istehsal olunub. Aqrar rayon olan Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın və baramaçılığın inkişafına 2016-cı ildə xüsusi diqqət yetirilib. Belə ki, 2016-cı ildə rayonda 505 ha sahədə pambıq bitkisi əkilib, 600 tona yaxın pambıq, 3,5 tondan artıq isə barama istehsal olunub. Alı Alıyev qeyd edib ki, cari ildə rayon sakinlərinin həyatyanı və pay torpaqlarından səmərəli istifadə etməsi nəticəsində ərazidə bol bostan-tərəvəz məhsulları istehsal olunub, əhali öz daxili təlabatını özlərinin becərdikləri məhsulların hesabına təmin ediblər. 2016-cı ildə rayonun kənd təsərrüfatı ilə bağlı göstəricilərinin ürək açan olduğunu diqqətə çatdıran Alı Alıyev qeyd edib ki, 2017-ci ildə qarşıda duran vəzifələrin sferası daha da böyükdür. Müşavirədə çıxış edənlər bildiriblər ki, füzulili məcburi köçkünlər ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsinə uyğun olaraq yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunması, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin olunması barədə verdiyi tapşırıqları dəstəkləyir. Sonda Alı Alıyev ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsindən irəli gələn vəzifələrlə bağlı aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələrini verib. AzerTaym.az
Geri qayıt |