Əsas Səhifə > Əsas xəbərlər > UNEC-də görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib
UNEC-də görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib27-12-2016, 17:36 |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib. Konfransa tanınmış iqtisadçı-alimin həmkarları, dostları, yaxınları, elm xadimləri, ziyalılar qatılıb. UNEC-in rektoru, professor Ədalət Muradov görkəmli alimin yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Aqil Əliyevin ölkənin sosial-iqtisadi inkişafı sahəsində, xüsusən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı apardığı tədqiqatların ölkənin gələcək inkişafında əhəmiyyətli olacağını qeyd edib. Rektor görkəmli alimin müstəqil Azərbaycanın dinamik inkişafında mühüm rol oynayan, bu günün stabilliyini təmin edən bir ailənin təmsilçisi olduğunu xüsusi vurğulayıb. Aqil Əliyevin məhsuldar elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran rektor, bu gün ölkədə və Azərbaycanın hüdudlarından kənarda görkəmli alimin ideyalarını reallaşdıran çox saylı tələbələri olduğunu deyib: “Biz iqtisadçılar üçün Aqil Əliyevin töfhələrini öyrənmək şərəfdir”. UNEC-in Gömrük işi və ticarət kafedrasının müdiri, professor Arif Şəkərləliyev Azərbaycan iqtisad elminin görkəmli siması Aqil Əliyevin zəngin elmi yaradıcılığından, əsərlərinin əhəmiyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb. Aqil Əliyev iqtisad elminə qiymətli töhfələr verən alim idi. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutur. Akademik, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə görkəmli iqtisadçının məhsuldar elmi tədqiqatları ilə yanaşı, pedaqoji fəaliyyətinə də diqqət çəkib. Z.Səmədzadə bildirib ki, görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb, beləliklə elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyənləşdirilib. Bu mənada Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir. Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov Aqil Əliyevin Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak etdiyini bildirib. Eyni zamanda, əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışdığını, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən olduğunu diqqətə çatdırıb. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayıb. Konfransın sonunda Aqil Əliyevin ailə üzvləri adından qızı Zərifə Əliyeva çıxış edərək, belə nüfuzlu konfransın təşkilinə görə UNEC kollektivinə minnətdarlığını bildirib. Z.Əliyeva Prezident İlham Əliyevin və onun xanımının Azərbaycanın inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işləri müsbət qiymətləndirərək, ölkədə elm adamlarına verilən yüksək qiymətdən danışıb.
Geri qayıt |