Əsas Səhifə > Əsas xəbərlər > “Ordudakı işgəncə halları Nəcməddin Sadıkovun adıyla bağlıdır“

“Ordudakı işgəncə halları Nəcməddin Sadıkovun adıyla bağlıdır“


30-03-2021, 18:28

“Ordudakı işgəncə halları Nəcməddin Sadıkovun adıyla bağlıdır“ - İlham İsmayıl

Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun Bakıya gətirilməsinə dair məlumatlar var. Onun vaxtilə orduda baş vermiş bir sıra qanun pozuntuları və “Tərtər işi” ilə bağlı dindirilməsi ehtimal olunur.

Görəsən, Nəcməddin Sadıkov istintaqa cəlb edilə bilərmi?

"AzerTaym.az" bildirir ki,məsələ ilə bağlı yenisabah.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl qeyd edib ki, bu barədə dəqiq informasiya yoxdur, yazılanlar ehtimallardır: "Təəssüf ki, biz bu ehtimalları neçə illərdir irəli sürürük, amma real olaraq ortada heç bir şey yoxdur. Müharibə dövrünün ən vacib fiquru, Baş qərargah rəisi müharibənin gedişində vəzifəsindən kənarlaşdırılır. Yəqin ki, buna bir əsas var. Əvvəlki illərə baxanda hazırki dövrdə N.Sadıkovun istintaqa cəlb edilməsi ehtimalı daha çoxdur. Bir az inandırıcı gəlmir, çünki gərək bunu indiyə qədər edəydilər. Onun şübhəli şəxs kimi dindirilməsi üçün əsaslar kifayət qədərdir. Heç kəs fikirləşməsin ki, bunun üçün onun 20 il əvvəl törətdiyi cinayətlər ortaya qoyulmalıdır. Onun vəzifədə olduğu müddətdə etdiyi əməllərə görə dindirlməsinə xeyli əsaslar var. Şəxsən mənim üçün onun istintaqa cəlb edilməsi ehtimalı azdır. Çünki “Tərtər işi” də bəlli bir işdir və məhz işgəncə halları birbaşa Nəcməddin Sadıkovla bağlıdır. İndi qəsdən başqalarının üstünə yıxırlar. Bəlkə də onun özünün komandasından olan adamlardır ki, bu işi digər yüksək vəzifəli məmurların üstünə atmaq istəyir. Amma yenə deyirəm, onun çağırılıb cinayət məsuliyyətinə cəlb edilməsi az ehtimaldır”.

İ.İsmayıl sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun həbsinin bəzi generallar üçün də təhlükə hesab olunduğunu qeyd edib:

“Bunu bəzi generallar üçün təhlükə hesab etmək olar. Amma döyüşdə fərqlənən generallar olub. Hikmət Mirzəyev, Hikmət Həsənov, Mais Bərxudarov kimi generallar, müharibədən sonra general rütbəsi verilmiş şəxslər var. Onlar niyə istintaqa cəlb olunmalıdırlar? Həmin şəxslər vətən qarşısında öz vəzifələrini kifayət qədər ləyaqətlə və bacarıqla yerinə yetiriblər. Amma başqaları var ki, onları təhlükə gözləyir. Prezident özü müşavirəsində demişdi ki, bəzi əməliyyatlar ləngiyir, səbəbi isə məlum deyil. Məhz o günahkarlar kimdirsə, tapılıb cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.


Geri qayıt