Əsas Səhifə > Əsas xəbərlər > Prezident Əliyev Ermənistanın "yalan propaqandası"nı bloklayır:

Prezident Əliyev Ermənistanın "yalan propaqandası"nı bloklayır:


15-07-2021, 23:55

Rəsmi Bakı beynəlxalq informasiya savaşında üstünlük qazanılmasını prioritet hədəfə çevirib; Qondarma “məzlum erməni” obrazının tamamilə ifşa olunaraq, iflasa uğradılacağı zamana o qədər də çox qalmayıb...

Azərbaycanın 10 il əvvəl sıralarına qatıldığı Qoşulmama Hərəkatının önəmli təşkilat olduğu heç kimdə qətiyyən şübhə doğurmur. Bu hərəkat heç bir bloka qoşulmadığını bildirmiş 120 dövlətin üzv olduğu, daha 17 ölkənin və 10 beynəlxalq qurumun da müşahidəçi statusunda qatıldığı nəhəng beynəlxalq təşkilatdır. Bu hərəkatın üzvü olan 53 ölkə Afrikanı, 38 ölkə Asiyanı, 26 ölkə Latın Amerikasını və 1 dövlət isə Avropanı təmsil edir.

Bir müddət öncə Rusiyanın da Qoşulmama Hərəkatına müşahidəçi statusunda qatılmaq niyyətində olduğunu bəyan etməsi bu qurumun beynəlxalq əhəmiyyətinin artmaqda olduğunu göstərir. Hazırda Qoşulmama Hərəkatı Azərbaycanın liderliyi ilə fəaliyyətini daha da genişləndirməkdədir. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik məhz Azərbaycana həvalə edilib. Və Azərbaycan bu önəmli missiyanı üzv dövlətlərin təqdirinə layiq şəkildə icra etməkdədir.

qoshulmama-004.JPG (956 KB)

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının növbəti toplantısındakı çıxışında ölkəmizin öz humanitar missiyasını məsuliyyətlə icra etməsinə də toxunulub. Dövlət başçısı bildirib ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox dövlətə humanitar və maliyyə yardımı edib: “Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub”.

Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin beynəlxalq hüquqlarının qorunması istiqamətində də ciddi səylər göstərməkdədir. Belə ki, rəsmi Bakı pandemiya dönəmində ortaya çıxmış “peyvənd millətçiliyi”nə qarşı aktiv şəkildə etiraz etməkdədir.

Prezident İ.Əliyev vurğulayıb ki, Azərbaycan öz ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb: “Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb. Azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də, az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanlarına mane olur. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb. Həmin qətnamə bu ilin mart ayında yekdilliklə qəbul edilib”.

Göründüyü kimi, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin tamamilə məmnun qalacağı səviyyədə liderlik etməkdədir. Rəsmi Bakının effektiv fəaliyyəti, ədalətli mövqeyi və inkişaf etməkdə olan ölkələrin problemlərinə həssas yanaşması hərəkat üzvləri tərəfindən yüksək qiymətləndirilir. Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün bərpasına verdiyi beynəlxalq dəstək də bunu təsdiqləyir.

ff26b3af85b85d0f0e42676d2e66c189.jpg (174 KB)

Prezident İlham Əliyev bu barədə də fikirlərini Qoşulmama Hərəkatının üzvləri ilə bölüşüb. Dövlət başçısı bildirib ki, uzun illər ərzində beynəlxalq təşkilatların qətnamə və tələblərinə məhəl qoymayan təcavüzkar və işğalçı Ermənistan 44 günlük savaşda məğlub edilib və bununla da Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoya bilib: “Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçib. Bu təcavüzə cavab olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altındakı ərazilərin böyük hissəsini azad edib”.

Təbii ki, Azərbaycanın parlaq hərbi zəfərinə qarşı erməni himayədarlarının müqavimətinin qırılmasında beynəlxalq dəstəyin böyük rolu var. Prezident İ.Əliyev də məhz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müntəzəm dəstək verməsini yüksək qiymətləndirir. Çünki məhz Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğulayıblar. Və təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.

Ancaq artıq Azərbaycan əraziləri işğaldan azad edilib və savaş arxada qalıb. İndi rəsmi Bakını daha çox dinc inkişaf layihələri düşündürür. Bu istiqamətdə məqsədyönlü addımlar atılır. Çünki Azərbaycan əraziləri işğaldan azad edilsə də, 30 illik erməni vandalizmindən sonra geriyə yalnız dağıtılar qalıb.

Məsələ ondadır ki, Prezident İ.Əliyevin də dediyi kimi, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb: “Hətta qəbiristanlıqlar belə, yerlə-yeksan edilib. Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub. Bizim məscidlərimiz donuz və inək tövləsi kimi istifadə edilib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar”.

agdam-425543228.jpg (132 KB)

İndi Azərbaycan dövlətinin qarşısında erməni barbarlığına məruz qalmış şəhərlərin, qəsəbələrin və kəndlərin yenidən bərpası kimi önəmli quruculuq missiyası dayanır. Rəsmi Bakı artıq bütün dünyaya bəyan edib ki, ermənilərin dağıtdığı hər bir yaşayış məntəqəsini yaşıl enerji zonasına və yüksək həyat standartlarına malik olan firavanlıq məkanına çevirəcək.

Bununla belə, Azərbaycanın qarşısında Ermənistana bağlı bütün problemlər tamamilə aradan qaldırılmış da deyil. Çünki, Ermənistan 30 il ərzində işğal altındakı əraziləri minalamaqla məşğul olub. Ötən ilin 10 noyabrında Ermənistanın kapitulyasiya aktını imzalanmasından ötən müddət ərzində 30 nəfər mina partlaması nəticəsində həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb.

Təbii ki, bütün bunlar işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və məcburi köçkünlərin evlərinə qayıdış prosesini ləngidir. Çünki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir: “Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin”.

b275164aa974c74d7076cc58d19ade52.jpg (185 KB)

Göründüyü kimi, hərb meydanında zəfər qazanıb, ölkəsinin ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezident İlham Əliyev öz intensiv fəaliyyətində israrlıdır. Dövlət başçısı bir tərəfdən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini idarə edir, digər tərəfdən isə Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında yüksək fəallıq göstərir.

Azərbaycan Prezidentinin davamlı xarakter daşıyan açıqlamaları, xarici media quruluşlarına müsahibələri, eləcə də nüfuzlu beynəlxalq təçkilatların təmsilçiləri qarşısındakı çıxışları informasiya savaşında da qələbəyə geniş imkanlar açır. Nəticədə Ermənistanın “yalan maşını” öz təsirini tədricən itirir. Erməni propaqandası bloklanaraq, iflasa uğramağa başlayır.

Bütün bunların real nəticələrinin ən yaxın gələcəkdə Azərbaycana beynəlxalq informasiya savaşında geniş manevr imkanları aça biləcəyi qətiyyən şübhə doöurmur. Çünki rəsmi Bakı beynəlxalq informasiya savaşında üstünlük qazanılmasını özünün prioritet hədəfinə çevirib. Bu isə o deməkdir ki, qondarma “məzlum erməni” obrazının tamamilə ifşa olunaraq, iflasa uğradılacağı zamana o qədər də çox qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu


Geri qayıt