Əsas Səhifə > Əsas xəbərlər > ƏHMƏD OBALIYA SUİ-QƏSD OLUB - "Boynunu sındırmağa cəhd

ƏHMƏD OBALIYA SUİ-QƏSD OLUB - "Boynunu sındırmağa cəhd


21-05-2023, 21:16

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerika Birləşmiş Ştatlarında (ABŞ) mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı ABŞ-də vəhşicəsinə döyülüb.

Bunu "Günaz.TV"nin Bakı ofsinin rəhbəri Araz Obalı APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən bir gün sonra baş verib.

"Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hal-hazırda durumu orta-ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik".

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.

Araz Obalı onu da əlavə edib ki, polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib, ancaq onların sayı barədə məlumat verilməyib.

Qardaşı hazırda xəstəxanada olan Əhməd Obalının son durumu barədə də danışıb.

O, Əhməd bəyin vəziyyətinin qənaətbəxş olduğunu deyib:

"Həyati təhlükəsi yoxdur. Ümumi diaqnoz ondan ibarətdir ki, sağ əlinin barmaqları qırılıb. Əl və ayaqlarını hiss etmir, demək olar ki. Həmçinin baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Fikrimizcə, boynunu sındırmağa cəhd ediblər"- deyə o bildirib.

***

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.

Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.

Obalı Azərbaycana sıx-sıx gedib gəlirdi. Bu hadisə də Azərbaycandan dönüşdən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə, bu, İran kəşfiyyatının əməlidir.

Əhməd Obalıya yaxın mənbələrdən Musavat.com-a verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.

Musavat.com Əhməd Obalının hadisə ilə bağlı rəyini əldə edə bilib. Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar:

 

 

"Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim".

Musavat.com Güney Azərbaycan Milli Azadlıq Hərəkatının dəyərli övladının başına gətirilən bu sui-qəsddən dolayı təəssüfünü ifadə edir və bildirir ki, bu, İran rejiminin Güney Azərbaycan türklərinin gözünü qorxutmaq və mübarizədən çəkindirmək üçün həyata keçirdiyi çirkin vasitədir. Lakin bu vasitələr bu rejimi xilas etməyəcək!

 


Geri qayıt