Əsas Səhifə > Əsas xəbərlər > “DÖZÜLMƏZ” HƏYATI - 87 yaşını tamamlayan “boz kardinal”
“DÖZÜLMƏZ” HƏYATI - 87 yaşını tamamlayan “boz kardinal”17-04-2025, 22:29 |
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin doğum günüdür. 1938-ci il ilin 17 aprelində Bakıda dünyaya göz açan Mehdiyev 87 yaşını tamamlayır. O, Azərbaycanın müstəqillik tarixində yüksək vəzifələrdə uzun müddət çalışmış məmurlardan biri, bəlkə də ən birincisi və nüfuzlusu sayıla bilər. 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-22-ci illərdə isə AMEA-nın Prezidenti vəzifəsini icra edib. R.Mehdiyev iki dəfə “Şərəf” ordeni ilə ( 2013, 2018-ci illərdə), həmçinin “İstiqlal”, “Şöhrət və “Heydər Əliyev” ordenləri ilə təltif edilib. O, hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətində təmsil olunub, 2021-ci ildə İdarə Heyətindən kənarlaşdırılıb. Ramiz Mehdiyevin AMEA Prezidenti postundan gedişi qalmaqallı olub. Deputatlar, ictimaiyyət nümayəndələri, bəzi yüksək vəzifəli dövlət məmurları onun ünvanına sərt ittihamlar səsləndirib, onu Rusiyanın “beşinci kolon”unun rəhbəri adlandırıb, Azərbaycanın milli maraqlarına qarşı xəyanətdə ittiham ediblər. Bu ittihamları qüvvətləndirən amillərdən biri 2008-ci ildə Mehdiyevin Rusiyanın “Dostluq” ordeni ilə təltif olunmasıdır. AMEA-nn keçmiş prezidenti bu ittihamlara sərt reaksiya verərək, bəzi millət vəkillərini məhkəməyə versə də, sonradan iddialarından geri çəkilmişdi.
![]()
Lakin sözügedən orden onun Rusiyanın adamı olmasını şərtləndirən bəlkə də ən zəif arqument sayıla bilər. Çünki Mehdiyevi Moskvanın adamı hesab etməyə əsas verən daha ciddi arqumentlər olub və var. Mehdiyev Azərbaycanda çox yüksək post tutmuş nadir iri məmurlardandır ki, Türkiyəyə rəsmi səfərlərdən çəkinib. Əvəzində, Moskva ilə daim sıx əlaqədə olub və əsas etibarilə Azərbaycanda Rusiya təsirinin və narrativlərinin yayılmasında açar fiqur kimi tanınıb. R.Mehdiyev vəzifədə olduğu illərdə Rusiyaya xüsusi rəğbəti ilə seçilməsi ilə bərabər Azərbaycanın strateji müttəfiqi Türkiyəyə qarşı mənfi münasibəti ilə də fərqlənib. Onun xarici səfərlərində Moskva birmənalı üstünlük təşkil edib, iki onillikdə Türkiyə paytaxtında bir, yaxud iki dəfədən artıq səfər etməyib. Keçmiş “boz kardinal” Azərbaycanın Avropa İttifaqı, ABŞ ilə tərəfdaşlıq münasibətlərinə qarşı olub, nəzarətində olan mediada Qərbə qarşı xüsusi kampaniyalar təşkil edib.
![]()
O, müxalifətə, vətəndaş cəmiyyətinə, müstəqil mediaya qarşı da düşmən münasibəti ilə seçilib, bu təbəqələrlə hakimiyyət arasında münaqişələrin yaranmasında başlıca rol oynayıb. Bəzi ekspertlər Mehdiyevin 44 günlük müharibədən əvvəl Prezident Administrasiyasının rəhbərliyindən uzaqlaşdırılmasını təsadüfi saymırlar. Qeyd olunur ki, dövlətin qarşısında dayanan prioritet tarixi qərarın icrası zamanı xaricdən qaynaqalana biləcək mümkün provakasiyaların qarşısını almaq üçün belə bir addım atılıb. Ordu rəhbərliyində Nəcməddin Sadıkov başda olmaqla, Rusiyanın maraqlarına xidmət etdiyi bildirilən dəstənin də məhz Mehdiyevin kurasiyasında olduğu iddia edilir. Bir sözlə, Rusiyanın xeyrinə və Azərbaycanın milli, dövlət maraqlarına qarşı istənilən fəaliyyətlərin arxasından Mehdiyevin kölgəsi görünüb. Hər halda, mətbuatda, cəmiyyətdə belə bir rəy formalaşıb və görünür, bu da əsassız olmayıb...
![]()
Ramiz Mehdiyev vəzifədə olduğu illərdə təkcə ölkədəki Rusiya təsirinin, korrupsiyanın, vəzifə alqı-satqısının və digər qanunsuzluqların başında duran şəxslərdən biri kimi mənfi reputasiya yox, həm də böyük var-dövlət toplayıb. O, uzun müddət tikinti, dövlət sərmayələri, banklar, sığorta şirkətləri, kənd təsərrüfatı və s. sahələrdə böyük paya malik olan qurumlara və şirkətlərə qeyri-rəsmi nəzarət edib. Xüsusən, onun dövründə populyar olan külli miqdarda rüşvət hesabına vəzifə təyinatları Mehdiyevə və ətrafına böyük pullar qazandırıb. İş o yerə çatıb ki, Mehdiyevin adı deputat mandatı alqı-satqısında belə hallanıb, bu barədə məlum qalmaqallı videolar yayımlanıb, açıq ittihamlar səsləndirilib, ifadələr verilib. Lakin onun hakimiyyətdə tutduğu yüksək mövqe və Azərbaycan reallıqları bütün bu məsələləri ört-basdır etməsinə imkan verib... Ramiz Mehdiyevin paytaxtda və ölkənin müxtəlif regionlarında dəbdəbəli villaları, sarayları, iri torpaq sahələri mövcuddur. O, bəzi digər məmurlardan fərqli olaraq varidatının əhəmiyyətli hissəsini hələ də əlində saxlayır.
![]()
Hərə tarixdə öz vəzifəsindən və təsir imkanlarından asılı olaraq, bir cür iz buraxır. Bu baxımdan Mehdiyevin Azərbaycanın əsl demokratik, qanunun aliliyinin, ədalətin hökm sürdüyü, saxtakarlıqdan, rüşvətdən, korrupsiyadan uzaq bir ölkə kimi formalaşa bilməməsi üçün əlindən gələni edən biri kimi tarixdə qalmaq şansı var. Hazırda səhhətində müxtəlif problemlər olan 87 yaşlı keçmiş “boz kardinal” Novaxında yerləşən dəbdəbəli villasında yaşayır. 2020-ci ildə pandemiyanın tüğyan etdiyi günlərdə nəvəsinə dəbdəbəli toy etdiyinə görə başına gələn “müsibətdən” sonra onun qapısı yəqin ki, az-az döyülür. Vaxtı ilə doğum günündə onun kabinetinə qiymətli hədiyyələr, gül-çiçək göndərənlər, tərif, yaltaqlıq, məddahlıq üçün qapısına düzülənlər də onu indi yada salmırlar. Ömrünün payızı olsa da, hər halda bu durum, zamanında “qılıncının dalı da, qabağı da kəsən” Mehdiyev üçün “dözülməz həyat” deməkdir... “AzPolitika.info”
Geri qayıt |