Əsas Səhifə > Əsas xəbərlər > AVROPA RAMİL SƏFƏROVU yenidən
AVROPA RAMİL SƏFƏROVU yenidən4-02-2016, 15:05 |
Əliməmməd Nuriyev: “Düşünmürəm ki, Ramil Səfərovla bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən həmin məsələ ətrafında hansısa bir problem olsun” Azadlıq Radiosunun yaydığı məlumata görə, bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi həm Azərbaycanı, həm də Macarıstanı azərbaycanlı zabit Ramil Səfərovun qətlə yetirdiyi Ermənistan hərbçisi Gurgen Margaryanın işi üzrə cavabdeh kimi tanıyıb. Bununla bağlı Margaryanın qohumlarının iddiasını qəbul edən məhkəmənin yaxın gələcəkdə bu iddianı araşdıracağı bildirilir. İddiada Macarıstan tərəfi barəsində ömürlük həbs cəzası çıxarılan R.Səfərovu Azərbaycana cəzanı tam çəkəcəyinə zəmanət almadan verməkdə ittiham edilir. Azərbaycan tərəfi isə R.Səfərovu dərhal azad etməkdə təqsirləndirilir. Görəsən, Avropa İnsan Haqları Məhkəməsi sözügedən istiqamətdə verilən iddianı təmin edə bilərmi? Belə bir iddia qəbul olunarsa, bu R. Səfərovun yenidən həbsinə gətirib çıxarmayacaq kı? Və ya verilə biləcək bu qərara onu icra etməli olan tərəf əməl etmədikdə, ona qarşı hansısa bir sanksiyalar tətbiq oluna bilərmi? Hüquqi Dövlər Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında bildirdi ki, Avropa Məhkəməsinin kimisə, o cümlədən R. Səfərovu da həbsdə saxlamaq səlahiyyəti yoxdur: “Əslində burada söhbət ondan gedir ki, zərərçəkmişin qohumları kompensasiya verilməsi üçün müraciət ediblər. Digər tərəfdən, ümumiyyətlə istənilən şəxs Avropa Məhkəməsinə müraciət edə, hüquqlarının pozulması ilə bağlı iddia ilə çıxış edə bilər. Amma bu o demək deyil ki, Avropa Məhkəməsində bununla bağlı dərhal qərar qəbul olunacaq. Bunlar hamısı Azərbaycan və beynəlxalq qanunvericilik çərçivəsində baş vermiş hərəkətlər olub. Ona görə də düşünmürəm ki, Ramil Səfərovla bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən məsələ ətrafında hansısa bir problem olsun. Ramil Səfərovun həbsindən ümumiyyətlə söhbət gedə bilməz. Birincisi, Avropa İnsan Haqları Məhkəməsinin belə bir hüququ yoxdur. Digər tərəfdən, müraciət edilən predmet də ancaq kompensasiya ilə bağlıdır. İkinci tərəfdən, ümumiyyətlə, Avropa Məhkəməsinin bu istiqamətdə hər hansı səlahiyyəti yoxdur ki, kimisə həbsdə saxlasın. Bu məhkəmə yalnız pozulmuş hüquqlarla bağlı hansısa bir qərarlar verə bilər. Qərarların icrası istiqamətində də dövlətlərin öhdəlikləri var. Eyni zamanda, istənilən qərarla bağlı şikayət vermək hüquqları da mövcuddur. Bu baxımdan düşünmürəm ki, çünkü R. Səfərovla bağlı bütün prosedurlar qanunvericilik çərçivəsində olub. Burada da hər hansı bir hüquq pozuntusu yoxdur”. (Azərtaym.az) Geri qayıt |